Azərbaycan İqtidarı verdiyi vədlərə sadiqdir

Azərbaycan İqtidarı verdiyi vədlərə sadiqdir Yeni Azərbaycan Partiyasının rəhbəri, dövlətimizin başçısı cənab İlham Əliyevin səyləri sayəsində  torpaqlarımız düşməndən azad edildi, milyonlarla Azərbaycan vətəndaşının çoxdan gözlədikləri Zəfər xalqımıza qismət oldu. Doğrudur, bu müharibədə itkilərimiz də oldu, şəhidlər verdik. Lakin onların qisası yerdə qalmadı. Şanlı hərbçilərimizin ölümünə bais olanlar həmişə olduğu kimi, ən ağır şəkildə cəzalarını aldılar.
Qeyd etmək lazımdır ki, qanlı toqquşmalara yol verilməməsi naminə atəşkəs rejiminin tətbiq olunmasına baxmayaraq, erməni tərəfinin təmas xəttində və sərhəd zonalarında vaxtaşırı qanlı təxribatlar törətməsi artıq adət halını almışdır. Erməni rəhbərliyi həmişə olduğu kimi, öz ölkəsi daxilində üzləşdiyi və həlli qarşısında aciz qaldığı ağır problemlərdən sərhəddə və ya təmas xəttində iyrənc hərbi təxribatlar törətməklə yaxa qurtarmağa çalışırdı. Ağır epidemioloji vəziyyətdən və sosial-iqtisadi sıxıntılardan cana doymuş xalqın qəzəbindən yayınmaq üçün Paşinyanın diktatura rejiminin hərbi təxribatlara əl atması onun yürütdüyü siyasətin Ermənistanın əvvəlki xunta rejimlərinin yürütdüyü siyasətdən azacıq da olsa fərqlənmədiyinin göstəricisi idi. Azərbaycanın davamlı olaraq artan gücü, beynəlxalq nüfuzu, hərbi qüdrəti, diplomatiyamızın uğurları və bütün bunların məntiqi nəticəsi olaraq dünya birliyinin ermənilərin mənfur siyasətinin həqiqi sifətini tanıması, habelə Ermənistanın Dağlıq Qarabağın müstəqilliyinə bəslədiyi xülyaların puç olması xain və qisasçı erməni siyasi rejimini hərbi təxribatlar törətmək kimi təhlükəli və qanlı üsullara əl atmağa vadar edən digər səbəblər oldu. Ancaq bütün bu düşünülməmiş cəhdlər heç bir nəticə vermədi.  Cəmiyyətimizin, onun siyasi qüvvələrinin birliyi bu işdə xüsusi rol oynadı.  Ona görə ki, ölkədə fəaliyyət göstərən siyasi partiyalar öz proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütöblüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşlar. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə birliyinin yüksək səviyyədə olması bir çox partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur.
Martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayında əsas məsələlərdən biri də məhz öz təşəbbüsləri ilə altı partiyanın YAP-ın ətrafında birləşməsi oldu. Beləliklə hesab etmək olar ki, əgər bir partiya digər partiya ilə eyni düşüncə, məram və dəyərləri bölüşürsə, eyni ideya daşıyıcısıdırsa, qarşıya qoyulan məqsədlər arasında ciddi fərqlər yoxdursa, o zaman Azərbaycan naminə milli güclərin birləşmələri daha məqsədə uyğundur. Qurultayda Azərbaycan Xalq Demokratik Partiyasının, Azərbaycan Kəndli Partiyasının, Milli Qurtuluş Partiyasının, Azərbaycan Yurddaş Partiyasının, Azərbaycan Milli Hərəkat Partiyasının və Azərbaycan Demokratik Sahibkarlıq Partiyasının Yeni Azərbaycan Partiyasına birləşmək haqqında müraciətləri qəbul edilib. Bu, ölkədə çox mühüm faktor olan həmrəyliyin, iqtidar-müxalifət, dövlət-xalq birliyinin ən bariz təzahürüdür. Partiyaların  kollektiv şəkildə Yeni Azərbaycan Partiyasına qoşulması ilə bağlı qərar ölkəmizin milli və dövlətçilik maraqları naminə atılmış addımdır.
Qurulltayda iştirak edən dövlət başçımız nitqində deyib: “Həyat dəyişir, zəmanə dəyişir. Bir daha demək istəyirəm ki, biz ən müasir təcrübəni Azərbaycanda bütün sahələrdə tətbiq etməliyik, o cümlədən siyasi islahatlar sahəsində. Əminəm ki, partiyanın rəhbər orqanlarında təmsil olunan üzvləri fəal olacaqlar, partiyamızın fəaliyyətində öz rolunu oynayacaqlar, ümumi işimizə öz töhfəsini verəcəklər ki, partiyamız bundan sonra da ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq qalsın. Mən buna şübhə etmirəm. Bizim dost partiyalarımızın bu gün partiyamıza qoşulması da bunu göstərir. Bu da çox önəmli, əlamətdar hadisədir. Bu da siyasi sistemimizin təkmilləşdirilməsi istiqamətində atılan növbəti addımdır”.
Möhtərəm Prezident eyni zamanda birgə fəaliyyətlə bağlı əlavə addımlar da atılacağını bəyan edərək, partiyamızın yeni proqramının da hazırlanması təklifini irəli sürdü. Düşünürük ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi yeni bir dövr bərqərar olur, yeni  proqram yeni dövrlə bağlı bütün məsələləri özündə ehtiva edəcəkdir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi insanların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradacaq. Bu yolda cənab Prezidentimizin təşəbbüslərinə daim dəstək vermək isə bizim vətəndaşlıq borcumuzdur.

İlkin Kərimov
Salyan rayon YAP Aşağı Kürkənd kənd ərazi partiya təşkilatının sədri

Oxşar xəbərlər