Cənab Prezidentin uğurlu fəaliyyəti hər birimizə örnəkdir

Cənab Prezidentin uğurlu fəaliyyəti hər birimizə örnəkdir Son illər respublikamızda əhalinin rifahının yaxşılaşdırılması istiqamətlərində çoxsaylı mühüm addımlar atılmış, bir-birindən maraqlı, möhtəşəm layihələr gerçəkləşdirilmişdir. Bu sırada əlilliyi olan şəxslərə xüsusi önəm verilmişdir. Onlarla bağlı ölkə qanunvericiliyi təkmilləşdirilmiş, 10-dan artıq yeni hüquqi normativ akt qəbul edilmişdir.

Dövlət başçısının imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir.

Bunun bariz nümunəsinə 44 günlük Vətən müharibəsindən üç ay sonra hər birimiz bu günlərdə Möhtərəm Prezidentimizin Ramana qəsəbəsində yeni tikilmiş yaşayış kompleksinin istifadəyə verilməsi zamanı da şahidlik etdik. Kompleksin açılışında cənab İlham Əliyevin iştirak etməsini, burada onun şəhid ailələri və müharibə əlilləri ilə görüşməsini təbii ki, razılıq hissilə xüsusi qeyd etməliyik. Burada yaradılan şərait bir daha sağlamlıq imkanları məhdud insanların dövlət qayğısının parlaq təzahürüdür.

Kompleksdə doqquzmərtəbəli 30 bina tikilmişdir. Bütövlükdə 1512 mənzildən ibarətdir. Bütün zəruri sosial infrastrukturla təchiz edilmişdir. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunmuşdur. Dövlətimizin başçısının bu ilin yanvarında imzaladığı Sərəncamla təsdiq olunmuş proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, fərdi evlə təmin ediləcəkdir.

Cənab Prezidentimizin bu istiqamətdə apardığı işləri alqışlayır və təqdir edirik. Bir tərəfdən, koronavirusla mübarizə, digər tərəfdən, işğaldan azad olunmuş, xarabalığa çevrilmiş ərazilərdə quruculuq və bərpa işlərinin aparılması, müharibədən sonra yarımçıq qalmış məsələlərin həlli olduğu halda dövlət başçımızın şəhid ailələrinin və qazilərin bu cür qayğısına qalması onun insani keyfiyyətlərinin göstəricisidir. Zənnimcə, bütün rəhbər işçilər, məmurlar cənab İlham Əliyevin bu cür təqdirəlayiq fəaliyyətindən nümunə götürməlidirlər.

Sonda rəhbərlik etdiyim 252 saylı məktəb-liseyin kollektivi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə xüsusi ehtiram və sevgimizi bildirir, ona gələcək fəaliyyətində uğurlar arzulayıram. Var olsun Möhtərəm Prezidentimiz!

Bakıxanov qəsəbəsi, Tahir Firuzoğlu adına 252 saylı məktəb-liseyin direktoru

Xədicə Eminova

Oxşar xəbərlər