Səttar MÖHBALIYEV: Qarabağda qələbəmizin möhtəşəm başlanğıcı

Səttar MÖHBALIYEV: Qarabağda qələbəmizin möhtəşəm başlanğıcı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar MÖHBALIYEV - Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş debat (bəzi mətbuat orqanları buna "Duel” də deyirlər) bir çox məqamları ilə əlamətdar oldu.

Əvvəla, iki sərhəd qonşusu - eyni zamanda separatçı ermənilər sayəsində düşmən olmuş ölkələrin liderlərinin dövlət və hökumət başçısı kimi səviyyələri ortaya qoyuldu. Münxendə məntiqlə məntiqsizlik, savadla savadsızlıq, ziyalılıqla meydan boşboğazlığı üz-üzə durdu.
Açığı, özündən asılı olmayaraq nizamsız fikirləri (fikirsizliyi) ilə miskin vəziyyətə düşmüş Paşinyan çox məzlum görünürdü. Dili topuq çalırdı. Prezident İlham Əliyev Dağlıq Qarabağın ərazi kimi hansı respublikaya mənsub olduğu barədə konkret, tarixi faktlarla məlumat verdi. Təbii ki, debatın qaydalarına əsasən, qarşı tərəf kontur sübutlar, arqumentlər gətirməklə rəqibinə cavab verməli idi. Təkzibolunmaz faktlar qarşısında çaşqın vəziyyətdə qalmış Paşinyan mətləbə dəxli olmayan bir əfsanə ilə tədbir iştirakçılarının da təəccübünə səbəb oldu. Bu təəccübün içində ona qarşı bir ironiya, gülüş də var idi. Dedi ki, eramızdan əvvəl Böyük Tiqran adlı kral olub. Onda Qafqazlarda ancaq ermənilər... Bu məqamda İlham Əliyev onun sözünün davamı olaraq rişxəndlə "və yenə ermənilər yaşayıb” dedi. Bu replikadan sonra zalda əyləşənlərin çoxu artıq gülüşünü içərilərində boğub saxlaya bilmədilər.
Paşinyan tarixi dəlil əvəzinə, necə deyərlər, "Məlikməmməd nağılı” danışdı. 45 dəqiqədən çox çəkən debat Paşinyan üçün əsl cəhənnəm əzabı oldu. O, başa düşdü ki, Münxen Təhlükəsizlik Konfransı kürsüsü Yerevanın kütlələrin toplaşdığı mitinq meydanı deyil. Burada pafos, erməni xalqının beyninə hopdurulmuş yalanlar keçmir.
O, İlham Əliyevlə üzbəüz oturub. O liderlə ki, xalqının, torpağının, dövlətçiliyinin tarixini, uğurlarını, faciələrini çox yaxşı bilir. Dünyanın nəhəng dövlətlərinin liderləri ilə bərabər səviyyədə diplomatik, siyasi əlaqələr qurmaqda mahir olan İlham Əliyevlə!
Yeri gəlmişkən, hamıya indi aydın oldu ki, Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarkisyan niyə Azərbaycan lideri ilə görüşləri müxtəlif bəhanələr gətirməklə yarımçıq tərk ediblər, əslində qaçıblar. Çünki İlham Əliyevlə təkbətək söhbət etməyə səviyyə, savad, bilik, məntiqlə danışmaq bacarığı və nəhayət, cəsarət lazımdır.
Münxen debatında erməni siyasətçilərinin uzun onillərdən bəri davam edən saxta, uydurma "faktlar”, hadisələr üzərində qurulmuş təbliğat maşını da beynəlxalq səviyyədə ciddi zədə aldı. Ona görə ki, Paşinyan nə dedisə, hamısı yalan çıxdı. Gah dedi Qarabağ Stalin hakimiyyəti tərəfindən Atatürkə xatir Azərbaycana verilib. Gah dedi Dağlıq Qarabağda Şaumyan yaşayış məntəqəsi olub. Gah da dedi Xocalı soyqırımını azərbaycanlılar törədib.
Təbii ki, hər üç iddiası cənab İlham Əliyevin tarixi sənədlərdən gətirdiyi sitatlarla təkzib edildi. Yuxarıdakı iki səhvini bəlkə də savadsızlığının, necə deyərlər, cığallığının ayağına yazmaq olardı. Amma Xocalı haqqında iftiralarını riyakarlıqdan, insani hisslərdən xaliliyindən başqa heç nə ilə yozmaq mümkün deyil.
Dünya Paşinyanın simasında erməni xalqının bu xislətini də gördü. Dünya artıq inanmağa başladı ki, bu xislətli erməni "tarixçilərinin” Osmanlı Türkiyəsinin ayağına yazdıqları "erməni soyqırımı” da şərdən, böhtandan, qarayaxmadan başqa bir şey ola bilməz. Beləliklə, cənab İlham Əliyev Münxen debatında dünya ictimaiyyətində saxta "erməni soyqırımı”na da əsaslı şübhələr yaratdı.
İlham Əliyevin çıxışlarını istər beynəlxalq, istərsə də respublika miqyasında izləyənlər təsdiq edə bilərlər ki, o, sözləri zərgər dəqiqliyi ilə cilalayır və nəzərdə tutduğu hədəfi sərrast zərbə ilə nokaut vəziyyətinə salır. Yəqin ki, ötən il oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində "Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında hörmətli Prezidentimizin söylədiyi nitq oxucuların yadındadır. Həmin nitqində o, ermənilərin milli qəhrəman səviyyəsinə qaldırdığı, hətta Həştərxanda büstünü qoyduqları faşist Qaragen Njdenin II Dünya müharibəsində sovet xalqlarına qarşı törətdiyi cinayətləri Rusiya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu çıxış Rusiyada böyük əks-səda yaratdı. Və tezliklə Həştərxanda erməni faşistinin büstü biabırçı şəkildə söküldü.
Münxendəki debat isə faşist ideologiyasının təəssübkeşi, müdafiəçisi və icraçısı Nikol Paşinyanın baş nazir kimi gələcəyini sual altında qoydu. Görünür, onu da Njdenin büstünün aqibəti gözləyir. Artıq bu aqibətin əlamətləri özünü büruzə verməkdədir. Hətta Ermənistanın qucağına sığındığı Amerika Birləşmiş Ştatlarından, Rusiyadan Nikolun acizliyi, Azərbaycanın isə Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf olduğu etiraf edilir.
ABŞ-ın "The USA Tribune” qəzetində siyasi icmalçı Robert Qorovitsin "Münxendə söz dueli və onun qalib "revolveri” məqaləsində Paşinyana heç bir anlayışı olmadığı beynəlxalq hüquq barəsində mülahizə yürütməyi irad tutdu. Müəllif məqalənin sonunda yazır: "Söz dueli Paşinyan üçün uğursuz başa çatdı, belə ki, o, Əliyevin bəyanatlarından ciddi "yaralar” və faktlara söykənən arqumentləri təqdim etmək bacarıqsızlığı ucbatından böyük zərbə aldı”.
"Hər hansı lider bir dəfə səhvə yol verə bilər, lakin bütün dünya arenası qarşısında, mühüm siyasi diskussiya zamanı, dünya təhlükəsizliyi üzrə əsas tədbirdə bunu etmək sadəcə bağışlanılmazdır. Bu onu göstərir ki, İlham Əliyevlə müqayisədə Paşinyan dünya siyasətçilərinin sadəcə başqa, ən aşağı kateqoriyasına daxildir”. Bu sözləri isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin panel müzakirəsini şərh edən Rusiyanın Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini Darya Qrevtsova demişdir.
Ermənistanın Respublika partiyasının sədr müavini Armen Aşotyan isə öz ölkəsinin baş nazirini "patoloji yalançı və fərasətsiz qorxaq” adlandırmışdır.
Münxen debatı Azərbaycan diplomatiyasının, Azərbaycanın dövlət siyasətinin parlaq qələbələrindən biridir. Qarabağın həqiqi sakinlərinə qaytarılması uğrunda mübarizəmizin mühüm mərhələlərindəndir, qələbəmizin möhtəşəm başlanğıcıdır.

Oxşar xəbərlər