Rusiya-Gürcüstan, ABŞ-İran gərginliyi Bakı və Ankaraya nə vəd edir

Rusiya-Gürcüstan, ABŞ-İran gərginliyi Bakı və Ankaraya nə vəd edir Politoloqlar bölgəmizdə alovlanması an məsələsi olan qarşıdurmaların mümkün fəsadlarından danışdılar; “Müharibə başlasa, region dövlətlərinin hamısı əziyyətlərə qərq olacaq…”

“Bölgədə gərgin vəziyyət hökm sürür. Rusiya-Gürcüstan və İran-ABŞ münasibətləri kıskinləşir. Azərbaycanın bu 4 ölkə ilə münasibətləri normaldır və hər biri ilə əməkdaşlıq edir. Ona görə də Azərbaycan tərəfdaş ölkələr arasında gərginliyin əleyhinədir”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirləri Tiflislə Moskva, Vaşinqtonla Tehran arasındakı mövcud gərginliyi şərh edərkən “Yeni Müsavat”a söylədi.

Qeyd edək ki, ABŞ xaric, qarşı duran digər üç ölkə qonşuluğumuzda yerləşir. Üstəlik, bölgədə fəlakətli vəziyyət yaranarsa, Azərbaycan, o cümlədən qardaş Türkiyə problemlərlə üzləşə bilər. Azərbaycanın Avropa qapısı olan Gürcüstanda 2008-ci ildə Rusiyanın müdaxiləsi nəticəsində baş verənləri unutmamışıq. O zaman Azərbaycanın kəmərlərinin savaş zonasına düşməsinə qısa məsafə qalmışdı. İndi də Gürcüstan və Rusiyanın üz-üzə gəlməsi bölgə üçün yaxşı heç nə vəd etmir. Azərbaycanın müəllifliyi ilə reallaşan TANAP-TAP layihəsinin işə salınması, həmçinin Bakı-Tiflis-Qars sərnişin qatarının fəaliyyətə başlaması ərəfəsində baş verənlər heç də yaxşı perspektiv vəd etmir. Digər tərəfdən, Vaşinqtonun da İrana qarşı güc tətbiq etməsi qaçqın axınına səbəb ola bilər ki, bu zaman da həm Azərbaycan, həm də Türkiyə yeni fəlakətlərlə üzbəüz qala bilər.

E.Şahinoğlu da vurğuladı ki, Rusiya Gürcüstana qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır: “Hərçənd Rusiya prezident Vladimir Putin gürcü xalqına qarşı sanksiya tətbiq etmək istəmədiyini bildirib. Buna baxmayaraq, Kremldə narahatdırlar ki, Gürcüstanda anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Kreml sanksiya vasitəsilə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə anlatmaq istəyir ki, Gürcüstanın maliyyə itkisi böyük olacaq. Həqiqətən Rusiya Gürcüstana qarşı sanksiyaları tətbiq etməyə başlasa, Gürcüstanın maliyyə itkiləri yüz milyonlarla dollar olacaq. Bu, kiçik Gürcüstan üçün böyük rəqəm sayıla bilər. Təsadüfi deyil ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rusiya hakimiyyətinə müraciət edərək, sərt addımlar atmamağa çağırış edib. Azərbaycan həm Rusiya, həm də Gürcüstanla iqtisadi və ticarət əlaqələrinə malikdir. Azərbaycan bu gərginlikdə tərəf tuta bilməz. Tam əksinə, Azərbaycan hər iki ölkə ilə iqtisadi əlaqələri genişləndirməyə çalışır”.

Rusiya-Gürcüstan, ABŞ-İran gərginliyi Bakı və Ankaraya nə vəd edir


E.Şahinoğluna görə, Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistana problemlər yarada bilər: “Çünki Rusiyanın Gürcüstana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistanın iqtisadiyyatına da mənfi təsir edəcək. Ermənistan Rusiya ilə Gürcüstan üzərindən ticarət əməkdaşlığını saxlayır. Rusiya-Gürcüstan münasibətlərinin gərginləşməsi Ermənistanın tranzit imkanlarına zərbə vurur. İranla ABŞ arasında artan gərginlik də həm Azərbaycanda, həm də Ermənistanda diqqətlə izlənilir. ABŞ İranla əməkdaşlıq edən ölkələri də hədəf alır. Ermənistan isə İranla iqtisadi əməkdaşlığa önəm verir. Bu yaxınlarda Ermənistan hökumətindən bir heyət məhz əməkdaşlığı inkişaf etdirmək üçün Tehrana getmişdi. İranın iqtisadi baxımdan zəifləməsi Ermənistan bazarı üçün də problemlər yaradacaq. Azərbaycanın da İranla ortaq layihələri var. Azərbaycan İran iqtisadiyyatının zəifləməsini istəmir. Ancaq əgər sanksiyalar İran iqtisadiyyatını zəiflədərsə, Azərbaycan iqtisadiyyatı zərərlərdən özünü qorumağa çalışacaq”.

Politoloqun fikrincə, Türkiyə də eyni vəziyyətdədir: “Əlbəttə, Türkiyənin ABŞ-la münasibətlərini isti adlandırmaq olmaz. Ankara Vaşinqtonun istəyi ilə İranla münasibətləri zəiflətməyəcək. Əksinə, Türkiyə İran neftini daha ucuz qiymətə almağa çalışacaq”.

Rusiya-Gürcüstan, ABŞ-İran gərginliyi Bakı və Ankaraya nə vəd edir


Politoloq Tofiq Abbasov musavat.com-a açıqlamasında maraqlı fikirlər söylədi: “Göz önündə olan budur ki, bəzi qüvvələr aramsız cəhdlər edirlər ki, müharibələr alovlansın. Bu yolverilməzdir. Amerika bu işdə hətta inadkarlıqla çalışır ki, özünün milli sərhədlərindən çox uzaqda müharibələr və qanlı münaqişələr başlansın. Bu qəbildən olan səylər qorxunc diplomatiya silsiləsindəndir ki, buna heç vaxt bəraət qazandırmaq olmaz. Əgər ABŞ-İran müharibəsi başlasa, region dövlətlərinin hamısı əziyyətlərə qərq olacaq. Bu səbəbdən sağlam qüvvələr Vaşinqtonun ziddiyyətli və təhlükəli addımlarına müqavimət göstərməkdə həmrəy olub, həmahəng hərəkət etməlidirlər. Perspektivdə yalnız humanitar fəlakət, həddə sığmayan logistik pozuntular, dağıntı və itkilər baş verəcək”.

T.Abbasov bildirdi ki, Azərbaycana belə fəsadlar qətiyyən lazım deyil. O ki qaldı Gürcüstandakı hadisələrə, politoloq bildirdi ki, orada da bəzi qüvvələr təzadlı gedişlər etməklə vəziyyəti daha da gərginləşdirir: “Qafqaz bölgəsində onsuz da ən azı üç münaqişə var, onlar öz həllini gözləyir və belə məqamda vəziyyəti kritik potensialla zənginləşdirmək hansı məqsədlərə qulluq edə bilər? ”Rustavi-2″ telekanalı həddini aşmaqla biabırçı presedent yaratdı. Görünür, kimlərsə zorla bizim bölgədə yeni müharibəyə meydan vermək fikrinə düşüblər. Bu da yolverilməzdir”.

T.Abbasov bildirdi ki, Azərbaycanla Türkiyənin maraqlarına cavab verən sabitliyin möhkəmlənməsidir: “Çünki iki qardaş dövlət son illər ərzində həmahəng tərzdə səmərəli iqtisadi siyasət aparmaqla tək özləri üçün deyil, qonşular üçün də təminat yaradır. Bir halda ki, Bakı və Ankara Asiyada inteqrasiya paradiqmasını gücləndirirlər, bu, ondan xəbər verir ki, iki ölkənin apardığı siyasətə digərləri də qatılmalıdır. Bakı-Ankara tandemi özünü tam mənada doğruldur, çünki həm ölkələrin özünə, türk birliyinə, Avrasiya qitəsinə və dünyaya lazımi töhfələr verə bilir. Məhz buna görə sabitliyin təminatlı olması vacibdir ki, quruculuq potensialı artıb insanların rifahında özünü əks etdirsin”.

Oxşar xəbərlər