“Çəkidə aldadan” internet şirkətləri - PROBLEM

“Çəkidə aldadan” internet şirkətləri - PROBLEM Artıq bir müddətdir ki, ölkədə ciddi internet problemi var.

Tez-tez baş verən kəsilmələrdən, saytların, məlumatların gec açılmasından hər kəs şikayətçidir. Son günlərdə “Facebook” sosial şəbəkəsində yaranan problemlər, də bunlara əlavə olunub. Əslində ölkəmizdə, o cümlədən də paytaxt Bakıda internetin sürəti ilə bağlı problemlər təkcə bir neçə günün məsələsi deyil, ümumi problemdir. Rəsmi qurumlar isə bu faktı təkzib etməkdədir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyndən yerli mətbuata verilən açıqlamaya görə, ölkədə internetin fasilələrlə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Fərdi qaydada texniki nasazlığın baş verməsinin ümumilikdə internetin işində problemin yaranması kimi təqdim olunması düzgün hesab olunmur. Hətta müvafiq xəbər saytlarına belə hallara qarşı daha diqqətlə yanaşmaq tövsiyə olunur. Digər tərəfdən təəssüfedici haldır ki, internetlə bağlı ciddi problemlərin mövcudluğu şəraitində vətəndaşlar xidmətlər üçün yüksək məbləğlər ödəmək məcburiyyətində qalırlar.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, ekspert Azər Həsrət “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, bir qədər əvvəl internetin sürətində mövcud olan sabitlik artıq tarixə qovuşub:

“Azərbaycanda intenet problemi yoxdur” deyənləri yəqin ki, qara basır. İstər sosial mediyaya baxsaq, istərsə də vətəndaşarı dinləsək, hər kəs internet problemindən danışır. İstər sabit, istərsə də mobil şəbəkə üzərindən internet alanlar şikayətçidirlər. Mən hər ikisindən istifadə edirəm və müşahidə edirəm ki, ikisi də ən adi videonu, şəkli, faylı göndərməkdə belə, çətinlik çəkir, “dirənib, üzümüzə baxır”.

Şəbəkədə sabitlik yoxdur, görüntü kəsilir, gündə bir neçə dəfə yazılı formada qarşımıza çıxır ki, “internet yoxdur”. Niyə yoxdur? Buna hələ ki, heç kim aydınlıq gətirmir. İkinci tərəfdən internetin daşıyıcılığı çox aşağı səviyyədədir. Başqa bir məsələ isə ondan ibarətdir ki, müqavilə üzrə ilə 10 MB interneti provayderlər bizə vermirlər. Başqa sözlə desək, “çəkidə aldadılırıq”. Bunu dəfələrlə ictimailəşdirməyimizə baxmayaraq, xeyri yoxdir. Çünki görünür, bu sahəyə rəhbərlik edən dövlət qurumu - yəni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bir çəki, düzən verə, qayda-qanun yarada bilmir, ona görə də kim nə bacarırsa, onu da edir. Ölkənin bölgələrində də vəziyyət acınacaqlıdır. Məsələn, mən Xaçmazın Dədəli kəndində tez-tez oluram. Orada “Nar mobitel” telefon rabitəsində heç bir problem olmur. Lakin internetə keçən zaman problem yaranır. Doğrudur, bu özəl şirkətdir, amma bu problem də ümumi internet infrastrukturuna aiddir. Sabit şəbəkəyə, “Aztelekom”, “Baktelekom” üzərindən verilən internetə gəlincə, mən hələ elə bir adam tanımıram ki, onların xidmətindən razılıq etsin”.

Ekspert bir məqamı da xüsusi qeyd etdi:

“Tez-tez cəmiyyət içərisində belə bir xəbər yayılır ki, Nazirliyin birbaşa nəzarətində olan “Aztelekom”, “Baktelekom” özəl provayderlərinin müştərilərini zorla əllərindən alırlar. Bu cür halların mövcudluğu haqda söz-söhbətlər var. Problemin olmadığını deyənlər bir an özlərinə gəlsinlər və bu cür halların niyə baş verməsini izah etsinlər. İkinci tərəfdən isə “problem yoxdur” deyib, yaxalarını kənara çəkməsinlər. Faktiki olaraq hazırda internet infrasturukturu bərbad durumdadır. Azərbaycan işğalçı Ermənistanla informasiya müharibəsinə cəlb edilib, amma təəssüflər olsun ki, internetin zəifliyinə görə çox ciddi problemlərlə üz-üzə qalırıq. Müharibə bir qədər intensivləşərsə, bu məsələdə çətinliklər yaranacaq. Çünki, bizim internetimiz həmin tələblərə cavab vermir”. Azər Həsrət bildirir ki, aktiv istifadəçi olaraq müşahidə etdiyi problemləri dəfələrlə dilə gətirib: “Görünür, müvafiq qurumu istifadəçilərin rəyi maraqlandırmır. Əvvəlki illərdə bir neçə dəfə provayderləri dəyişmişəm ki, bəlkə problem həllini tapar. Amma müşahidə etmişəm ki, fərqli və yüksək xidmət təklif edən provayder mövcud deyil. Bunun səbəbi isə odur ki, həmin provayderlərə internet eyni şəbəkədən verilir və həmin nöqtədən verilən internetdə problemlər olduğundan provayderlər keyfiyyətli xidmət təklif edə bimirlər. Bu internetin normal olmamasının məsuliyyətini isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daşıyır. Qurum internetin verilməsinə nəzarət etməli, problemləri araşdırıb, üzə çıxarmalı və həll etməlidir. Amma belə anlaşılır ki, onlar bunu etmirlər.

Etmək istəmirlər, yaxud edə bilmirlər məlum deyil, yəqin ki, öz işini bacarmayanlar bu strukturda toplaşıblar, ona görə də problemləri həll edə bilmirlər. Bu səbəbləri araşdırmaq da dövlətin müvafiq qurumlarının işidir”.

İnternet qiymətlərindən danışan ekspert qiymətlərin qaneedici olmadığını deyir: “Mən ayda 18 manat verib, 10 MB internet alıram. Əvvəlla həmin 10 MB təmin edilmir. İkincisi də təmin edildiyi halda belə, sürətin aşağı enib qalxması müşahidə olunur. Bir çox ölkələrdə internet ucuzdur, bəzi ölkələrdə demək olar ki, pulsuzdur. Bizdə 18 manat internet qiyməti böyük məbləğdir. Estoniya Konstitusiyasında vətəndaşların 1 MB internetlə pulsuz təmin edilməsi konstitusion hüquq olaraq göstərilib. Biz isə 10 MB adı altında 3-5 MB sürətlə internet alırıq. Qiymət yüksəkdir, keyfiyyət və sürət aşağıdır”.

Oxşar xəbərlər