Tikintidən boğulan Bakı – Yoxlamalardan kim narahatdır?

Tikintidən boğulan Bakı – Yoxlamalardan kim narahatdır? Ötən gün Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 26 oktyabr tarixli Fərmana dəyişiklik edib. Dəyişikliyə əsasən, yoxlamalar siyahısına yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar da əlavə edilib.

Tikinti sahəsindəki yoxlamalarla bağlı “Yeni Sabah”a danışan iqtisadçı ekspert Samir İsmayıl bildirib ki, bu yoxlamaların kim tərəfindən və necə aparılması vacibdir:

“Tikinti şirkətlərində yoxlama deyəndə baxır nə nəzərdə tutulur. Ümumiyyətlə, bu sahənin tam başsız qoyulmasının tərəfdarı deyiləm. Bizdə tikinti sahəsi təxminən 2000-ci ildən başlayıb, sonra devalsiya dövründə səngiyib, daha sonra yenidən başlayıb. Bununla belə görürük ki, bu sektorda kifayət qədər ciddi problemlərimiz var. Yüzlərlə binanın təhvil verilməməsi də, yəni qanuni şəkildə istismara verilə bilməməsi bunu göstərir.

İstismarın asanlaşdırılması ilə bağlı prezidentin fərmanı oldu. Bu faktın özü də göstərir ki, ciddi problemlər var və bunu hökumət də etiraf edir. Bugünki gündə hər hansı tikintinin istismara qəbul edilməsi üçün 40-dan çox təşkilatın razılığı, sənədlərə imza atması lazımdır. Bizim ortada keyfiyyətli parametr və yaxşı nəticəmiz yoxdur.

Baxmayaraq ki, bu qədər nəzarətedici qurumlar var, bunu tənzimləməlidirlər, bununla belə burada böyük problemlər var. Yalnız keyfiyyət deyil, eyni zamanda hüquqi problemlər yaranır. Evin bir neçə adama satılması, tikintinin başa çatdırılmadığı üçün insanların verdiyi sərmayələrin itirilməsi və s. Hesab edirəm ki, tikinti olacaqsa, söhbət çoxmərtəbəli binaların tikintisindən gedir, birincisi, Bakı şəhərinin baş planına uyğun olmalıdır, hələ ki, baş plan təsdiq olunmayıb.

Tikintidən boğulan Bakı – Yoxlamalardan kim narahatdır?










İkincisi, binaya ən son nöqtəsinə kimi hansısa dövlət qurumu deyil, bu sahədə təcrübəsi olan, beynəlxalq və ya yerli şirkətlər sertifikat verməlidir. Onun təhlükəsizliyi, keyfiyyəti , bütün parametrlərinə, özülündən tutmuş sona kimi sertifikatı olan peşəkar şirkətlər gəlib audit yoxlaması keçirməli və qiymətləndirməlidir. Bu tikintinin müasir standartlara uyğun olub olmadığını araşdırıb rəy verməlidir. Bundan sonra dövlət qurumları istismara götürməlidir.

Əgər orada hər hansı dövlət qurumunun sualı, iddiası varsa, o da Azərbaycan Respublikasının tikinti normalarına uyğun olaraq tələb qoymalıdır. Bakı şəhəri bu gün yaxşı mənada tikintidən boğulur. Çünki tikinti elə belə şey deyil. Çoxlu iş yerləri verir, şəhər yenilənir. Eyni zamanda bu, nəzarətsiz və olduqca neqativ hallarla müşahidə olunur”.

Ekspertin sözlərinə görə, əgər yoxlamalar dövlət qurumları tərəfindən aparılsa, effektli olmayacaq:

“Məsələn, mən evi 2004-cü ildə almışam. Hələ də evin rəsmi sənədini ala bilməmişəm. Bu bina qanuni şəkildə istismara verilib. 2008, sonra 2013-cü ildə bununla bağlı qanunlara görə, təhvil verilməmiş binalarda əhalinin yaşaması qanunsuzdur. Demək, minlərlə insan burada qanunsuz yaşayır.

Bu yoxlamaları yalnız dövlət qurumları aparacaqsa, bunun effekti az olacaq. İstəyirəm ki, bu sektoru peşəkar , təhlükəsizlik şirkətləri audit eləsinlər. Binanın bünövrəsindən ən sonuna kimi, tikinti prosesində yoxlama aparsınlar. Tutaq ki, 16 mərtəbəli bina tikilib və onun özülündə problem var. Bu yoxlama nə verəcək? Mənə bu maraqlıdır. Artıq qatar gedib. Ona görə bu canlı olmalı, yəni hər bir proses, mərtəbədə bu yoxlama aparılmalı, layihə təsdiq olunmalı və necə icra olunması tam nəzarət altında olmalıdır”.

İqtisadçı yoxlamaların tikinti şirkətlərinə hansı risklər yaradacağından da danışıb:

“Yoxlamaların tikinti şirkətlərinə hər hansı təhlükə yaradacağını indidən deyə bilmərəm. İndiyə kimi nə qədər yoxlamalar olub, problemlər ortaya çıxıb, həlli ilə bağlı addımlar atılıb. Demirəm heç nəyə nail olunmayıb. Olunub, amma problemin kökü qalıb. Mənə maraqlıdır ki, Bakı şəhərində 21-ci əsrdə tikilən binalar bu əsrin tələblərinə uyğun olsun. Həm gözəl olsun, həm isti və soyuğa davamlı, yolları daraltmasın, parkinqi olsun. Bu da Bakı şəhəri baş planından və hər bir küçə üzrə planlaşdırılan onun layihəsi təsdiq olunandan sonra binanın bünövrəsindən başlayır”.

Qeyd edək ki, qanuna əsasən, ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamalar2021-ci il yanvarın 1-dək dayandırılıb. Lakin insanların həyat və sağlamlığının qorunması, dövlətin təhlükəsizliyinin və iqtisadi maraqların müdafiəsi məqsədilə qeyd olunan hallarda yoxlamaların həyata keçirilməsinə yol verilir.

Oxşar xəbərlər