İŞİD gizli fəaliyyətə keçir

İŞİD gizli fəaliyyətə keçir Bu günə qədər bir neçə dəfə üzərində qalibiyyət elan edilən terror təşkilatı hələ də aktivdir; İŞİD niyə “Əl-Qaidə” yolu gedir?

2017-ci ilin noyabrında İraq, bu ilin 23 martında ABŞ, ötən gün Türkiyə dövlət başçısı, eləcə də İran, Suriya və daha bir neçə dövlət fərqli vaxtlarda İŞİD üzərində qələbə elan edib. Ancaq İŞİD hələ də fəaliyyətini davam etdirir.

Aprelin 29-da İŞİD lideri Əbu Bəkr əl-Bağdadi 5 ildən sonra videosunu yaydı. Ötən müddətdə 5 dəfə “öldü” xəbəri yayılan Bağdadi həm də düşmənlərinə hələ sağ olduğu və güclü olduğu mesajını verdi.

Qeyd edək ki, Suriyanın şimalında fəaliyyət göstərən “Suriya Demokratik Qüvvələri” koalisiyası və ABŞ koalisiyası bu ölkədəki İŞİD-in sonuncu iri yaşayış məntəqəsi olan Bağuz kəndini martın 23-də ələ keçirib. Bununla da İŞİD-in Suriyada sonuncu böyük yaşayış məntəqəsini itirdiyi və bununla da Suriyada müharibənin başa çatdığı elan olunub. Elə həmin gün ABŞ prezidenti İŞİD-in məğlub edildiyini bəyan edib.
İŞİD gizli fəaliyyətə keçir


Ələ keçirilən sonuncu yaşayış məntəqəsində 470 İŞİD terrorçusu olub. Ümumilikdə isə Bağuzdan 5 minə yaxın insan köçüb və bunların 3500 nəfərə yaxını SDQ qüvvələrinə təslim olub. Təslim olanlar koalisiyaya məxsus maşınlarla savaş bölgəsindən çıxarılır. O da bildirilir ki, sonuncu iki kəndin ələ keçirilməsindən sonra Suriyanın şərqində, daha dəqiqi, Fərat çayının şərq sahilində İŞİD-ə məxsus ərazi qalmayacaq.
İŞİD gizli fəaliyyətə keçir


İraq hökuməti 2017-ci ilin 22 noyabrında İŞİD-in bu ölkədə məğlubiyyətə uğradığını bəyan edib. Ancaq buna baxmayaraq, terror təşkilatı Anbar əyaləti və ölkənin şimal rayonlarında, eləcə də Bağdadda gizli şəkildə fəaliyyətini davam etdirir. Vaxtaşırı olaraq terrorçular əsasən hökumət qüvvələrinə qəfil hücumlar təşkil edirlər.

Ancaq məğlub edildiyi elan olunan İŞİD aprelin 21-də Şri-Lankada baş vermiş terrorun məsuliyyətini öz üzərinə götürdü. Aprelin sonuncu həftəsində isə İŞİD gözlənilmədən Suriya ordusuna hücum edərək 35 hərbçini qətlə yetirdi.Aprelin sonuncu günü isə İŞİD təşkilatın liderinin videosunu yayaraq həm ölüm xəbərlərinə cavab verdi, həm də məğlub olmadığını, hələ fəaliyyət göstərdiyi mesajını verdi. İŞİD indi 2014 və ya sonrakı illərdə olduğu kimi hansısa torpaq üzərində hakimiyyəti olmasa da, indi o, klassik terror təşkilatı kimi gizli fəaliyyət göstərir. 2018-ci ildə İŞİD-ə məxsus təbliğat səhifələri müxtəlif ölkələrdə həyata keçirilən 3670 terror hücumunun məsuliyyətini öz üzərinə götürüb.

1767 terror aktı, yəni ümumi terror hadisələrinin 48 faizi İraqda, 1124 hücum, yəni 31 faizi Suriyada həyata keçirilib. Yerdə qalan terror hücumlarının əksəriyyəti Əfqanıstan, Misir, Somali və Nigeriyada baş verib. Təbii ki, siyahıda Britaniya, Fransa və Almaniya kimi Avropa ölkələri də var.

Belə ki, 2018-ci ildə:

Əfqanıstanda – 316

Misir (Sinay yarımadasında) – 181

Somali – 73

Nigeriya – 44

Yəmən – 41

Filippin – 27 terror hücumu baş verib.

İndi ekspertlərə görə, İŞİD artıq torpaq üzərində hakimiyyəti olmayan terror təşkilatı kimi fəaliyyət göstərir, yəni 5 il əvvəl olduğu kimi ərazilər tutub dövlət elan etmir, “Əl-Qaidə” nin etdiyi kimi qəfil hücumlar həyata keçirir. Eyni zamanda bir sıra ölkələrdə yenidən təşkilatlanmağa çalışır. Bu, daha çox İraq və Suriyada müşahidə olunur. Məlum olduğu kimi, İŞİD 5 il əvvəl İraq və Suriyada 88 min kv.km əraziyə sahib idi, onun nəzarət etdiyi məntəqələrdə 8 milyona yaxın insan yaşayırdı.

Əbu Bəkr əl-Bağdadinin sonuncu videosu da göstərdi ki, İŞİD “Əl-Qaidə” kimi gizli terror təşkilatı fəaliyyətini davam etdirəcək. Bunu onun yaydığı videokadrlardan da görmək mümkün idi. Əl-Bağdadi Üsəma bin Laden kimi gizli otağında tərəfdarlarını toplayıb iclas keçirir, strategiyanı elan edir. Və bütün bunlar qapalı məkanda baş verir. Təbii ki, liderin arxasında bir də rus avtomatı var. Eynilə bin Laden və Zəvahiridə olduğu kimi. Bunun isə bir sadə izahı var: İŞİD “hekayəsi” hələ davam edəcək.(musavat.com)

Oxşar xəbərlər