Generaldan ordumuz haqda böhtanlara sərt cavab

Generaldan ordumuz haqda böhtanlara sərt cavab General-leytenant Rövşən Əkbərov: “Ordudan xəbəri olmayanlar, xəbəri olub qara yaxanlar, böhtan atanlar xalqın düşmənidir”

Azərbaycan ordusunun Birlik komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov ordu.az-a müsahibə verib. R.Əkbərov bildirib ki, bu günlərdə başa çatan geniş miqyaslı təlimlər də bir daha sübut etdi ki, Azərbaycan ordusu dinamik inkişaf edir. Təlimlərdə biz şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, onun bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, eyni zamanda müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin formalaşdırılmasına nail oluruq. Hər təlimin öz təyinatı var:

“Ali Baş Komandanın göstərişi, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən budəfəki təlimlər də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu məsələsini daim diqqətdə saxlayır, ona daim və hərtərəfli qayğı göstərir”.

Birlik komandiri deyib ki, ordumuzun əldə etdiyi nailiyyətlərə qara yaxanlar fərdlərdir. Onlar həm də el arasında deyildiyi kimi, “kiçik budaqların üstündə oturub böyük budaqları silkələmək istəyən” fərdlərdir. İstər respublikamızda yaşasınlar, istərsə də xaricdə. Ordudan xəbəri olmayanlar, xəbəri olub qara yaxanlar, böhtan atanlar xalqın düşmənidir: “Uzaqdan-uzağa ordumuz haqqında danışanlar, orduda nöqsan axtaranlar bilsinlər ki, bu, vicdana sığan hərəkət deyil. Bu, heç bir əsl azərbaycanlıya yaraşan hərəkət deyil. Bəzi saytlar belə fərdlərin qərəzli informasiyalarına yer verməklə öz nüfuzunu da nəzərəçarpacaq dərəcədə azaldır. Belə qərəzli fikirlər Azərbaycan ordusunun nüfuzuna təsir göstərə bilməz”.

General ordumuzun silah, texnika arsenalı barədə də müəyyən məlumatlar verib, eyni zamanda qeyd edib ki, elə fərdlər var bircə gün belə olsa orduda xidmət etməyib, əlinə silah almayıb. Belələrinin ordu haqqında fikir söyləməyə haqqı çatmır. R.Əkbərov qeyd edib ki, ordumuzun arsenalına müasir döyüş texnikalarının böyük əksəriyyəti-Belarusun istehsalı olan yüksək manevr və atəş gücünə malik 301 mm-lik əməliyyat-taktiki raket “Polonez B-300″, İsrailin istehsalı olan 624 mm-lik əməliyyat-taktiki raket LORA, 306 mm-lik taktiki raket EKSTRA, texnika üzərində tank əleyhinə idarəolunan raket kompleksi ”Spike-ER” və daşınan tank əleyhinə idarə olunan raket kompleksi “Spike-LR”, Türkiyənin istehsalı olan 300 mm-lik taktiki raket TR-300 E “Qasırğa”, Rusiyanın istehsalı olan 300 mm-lik 9A52-2 “Smerç” (YARS), ağır odsaçan sistem TOS-1A, 203 mm-lik 2S7 “Pion-M” və 152 mm-lik 2S19 “Msta-S” özüyeriyən artilleriya qurğuları, tank əleyhinə kompleks 9K123 “Xrizantema-S”, Çexiyanın istehsalı olan 122 mm-lik yaylım atəşli reaktiv sistem-YARS RM 70 və 152 mm-lik özüyeriyən artilleriya qurğusu DANA daxil edilib. Bundan əlavə, Azərbaycan ordusunun arsenalında olan T-90S tankı, ZTR-82A, 152 mm-lik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 220 mm-lik TOS-1A “Solntsepyok” ağır odsaçan sistemi və s. son illərdə tədarük edilib: “Aldığımız müasir artilleriya sistemlərinin proqram təminatı İsrailin mütəxəssisləri tərəfindən yenilənərək ən yeni sistemlərlə təchiz edilib. Bu da öz növbəsində düşmənin REM vasitələrinin təsirini məhdudlaşdırır və asanlıqla onun üzərində atəş üstünlüyə nail olunur. Həmçinin bu döyüş texnikaları mütəmadi keçirilən irimiqyaslı təlimlərdə tətbiq edilir. Bu və ya digər texnikanın ”köhnə” olduğunu iddia edən həmin fərd texnikanın adını niyə demir?! Xalqını, dövlətini sevməyənlər olmayanları var kimi təqdim etməyi bacara bilməz. Qoy o fərdlər unutmasınlar ki, yalançı vətənpərvərliyin sonu yoxdur. Sözü ilə əməli düz gəlməyənlər gec-tez ifşa olunur. Elələri də var ki, bircə gün belə olsa orduda xidmət etməyib, əlinə silah almayıb. Belələrinin ordu haqqında fikir söyləməyə haqqı çatırmı?! Ordu quruculuğu haqqında səmərəli fikri varsa, buyursun desin”.

R.Əkbərov 2016-cı ilin aprel döyüşlərini tarixi qələbə adlandırıb və bildirib ki, Azərbaycan ordusu bununla torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu dünyaya nümayiş etdirib.

Oxşar xəbərlər