"Vidadi İsgəndərli atasının məzarının təhqir edilməsi işini özü təşkil edib" — YAP Gənclər Birliyinin sədrindən AÇIQLAMA

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucov hazırda Avropaya sığınan hüquqşünas Vidadi İsgəndərlinin ayrı-ayrı hakimiyyət nümayəndələrinə qarşı apardığı söyüş və təhqir kampaniyasına cavab verib.
Seymur Orucov açıqlamasında bildirib ki, Vidadi İsgəndərli atasının məzarının təhqir edilməsi işini özü təşkil edib:

"Biz Azərbaycanda yaşayırıq və yaxşı bilirik ki, məzarı təhqir etmək azərbaycanlılara xas olan hərəkət deyil. Mənim heç bir şübhəm yoxdur ki, Vidadi İsgəndərli atasının məzarı ilə bağlı xoşagəlməz kampaniyanı özü təşkil etdirib. Bu qurma bir işdir. Əgər bir adam öz atasının məzarını təhqir edirsə, bu adama heç öz övladı, doğma qardaşı belə hörmət qoymaz. Bu adamın Azərbaycanda hansı cinayətləri törətdiyini hər kəs yaxşı bilir. Bütün bunlardan sonra bu cür üsullara əl atmaq və gedib hansısa xarici ölkədən bu cür kampaniyalar aparmaq normal insan beyninin məhsulu deyil. Onun atasının məzarının guya təhqir edilməsilə bağlı məsələ əvvəlcədən düşünülən və planlaşdırılan hərəkətdir. Məzarın təhqir edilməsi Azərbaycan mentalitetinə zidd olan hal olduğu üçün bu adam belə üsullara əl ataraq xalqımızın buna reaksiya verməsinə çalışır. Ancaq hamı hər kəsi yaxşı tanıyır. Öz yaşadığı regionda onun haqqında soruşsalar, insanlar onun kim olduğunu deyəcək. Daha kənara çıxmaq lazım deyil".

S.Orucov deyib ki, istənilən halda təhqir yolverilməz hərəkətdir:
"Yeni Azərbaycan Partiyası olaraq biz hər zaman normal tənqidə açıq olmuşuq. Amma şəxsiyyəti təhqir etmək ən azı Azərbaycan mentalitetinə uyğun deyil. Hesab edirəm ki, təhqirə üstünlük verən bu adamların həm də əqli cəhətdən problemləri var. Çünki normal insanlar söyüş və təhqirlə danışaraq özünü gülünc vəziyyətinə qoymaz. Bu adamlar xüsusilə çalışırlar ki, Azərbaycan cəmiyyətində nüfuzlu olan adamlar haqqında təhqiramiz ifadələr işlətsinlər. Ancaq Azərbaycan gəncliyi ağıllı olduğu üçün bu cür adamların fikirlərinə məhəl qoymur".

YAP Gənclər Birliyinin sədri qeyd edib ki, xaricdən Azərbaycana qarşı söyüş kampaniyası aparan bir qrup adamın hərəkətlərində heç bir siyasətdən və siyasi mübarizədən söhbət gedə bilməz:

"Həmin insanlar xaricdən idarə olunurlar. Artıq bu faktdır və sübut olunub. Bu adamlar Azərbaycan cəmiyyətində də heç bir nüfuza malik deyillər. Son vaxtlar bir daha sübut olundu ki, bunlar qrant pulları uğrunda hətta bir-birlərini də təqhir etməyə hazırdırlar. Bunlar üçün ortaq dəyər yoxdur. Bunlardan hər hansı biri daha çox qrant alan zaman bir-birlərinə qarşı dərhal hücuma keçirlər. Onlar bu xislətin daşıyıcılarıdır. Bu adamların əksəriyyəti Azərbaycandan kənarda yaşayırlar, burada cinayət törədib xarici ölkələrə qaçıblar və indi də həmin dövlətlərdə "siyasi sığınacaq" almaq istəyirlər.
Bu adamlar aksiyalar keçirtməklə qrant vəsaitləri almaq istəyirdi. Ancaq onların aksiyalarına gələn olmadığı üçün bu planları reallaşmadı. İndi də söyüş və təhqir kampaniyası aparmaqla qrant vəsaitləri almağa çalışırlar. Ola bilsin ki, bu adamlar xarici xüsusi xidmət orqanlarına da xidmət edirlər. Yəni, bu adamlarda azərbaycanlı qanı və kişiliyi görmürəm. Qadın, qız, ailə haqqında söyüşlü ifadələr səsləndirən adamlar özünü azərbaycanlı adlandıra bilməz, onlar Azərbaycan vətəndaşı deyillər. İnanın ki, onlar bu cür sözləri ermənilər haqqında söyləməyə cürət etmirlər. Mən onlara ar olsun deyirəm".

Oxşar xəbərlər