"Ermənistan sülh istəyirsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır" — İlham Əliyev

Azərbaycan prezidenti Ermənistanın yeni hakimiyyətinin işğalçılıq siyasətini davam etdirmək niyyətində olduğunu bəyan edib.
Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində bildirib ki, 20 il Ermənistana rəhbərlik etmiş xunta rejimi çöküb, işğalçı siyasəti iflasa uğrayıb: “Ermənistanın indiki hakimiyyəti əvvəlki xunta rejimin səhvlərini buraxmamalıdır. Ancaq onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar təəccüb doğurur. Bir-birini təkzib edən bəyanatlar başa düşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, qondarma Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparmalıdır. Bəyanatdan bir müddət keçəndən sonra isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür. Belə bəyanatlar sülhə vurulmuş yeni zərbədir. Bu bəyanatlardan hələlik gəldiyimiz qənaət budur ki, onlar işğalçı siyasəti davam etdirmək niyyətindədir. Biz isə sülh istəyirik. Ancaq torpaqlarımız işğaldan azad edilənə qədər bu mümkün olmayacaq. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır".

Oxşar xəbərlər