Ermənilərin növbəti təxribatı — Parisdə Xocalı soyqırımı tədbirinə mane olmaq istədilər

Ermənilərin növbəti təxribatı — Parisdə Xocalı soyqırımı tədbirinə mane olmaq istədilər Parisin tarixi Notr-Dam-de-Blan-Manto kilsəsində Xocalı soyqırımının 26-cı ildönümü münasibəti ilə anım konserti təşkil olunub.
Tədbir Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

AZTB.info Report-a istinadən xəbər verir ki, bu ölkədə fəaliyyət göstərən güclü erməni lobbisi tədbirə müdaxilə etməyə çalışsa da , buna nail ola bilməyib.

Əraziyə təhlükəsizlik məqsədi ilə iki polis maşını və 15-ə yaxın asayiş keşikçisi cəlb olunub.

Erməni təxribatçıları tədbiri pozmaq üçün öz musiqilərini səsləndirmək istəsələr də, bunun qarşısı polislər tərəfindən alınıb.
Tədbirə gəlincə, anım konsertində Eyyub Quliyevin rəhbərlik etdiyi Helios orkestrinin ifasında Azərbaycan və Qərb klassik musiqisinin dahi simalarının əsərləri səsləndirilib.

Mərasimdə fransalı deputat Andre Vilye, Türkiyənin Fransadakı səfiri İsmayıl Haqqı Musa və digər rəsmi şəxslər iştirak ediblər. Anım mərasimini açan Azərbaycan Respublikasının Fransadakı səfiri Rəhman Mustafayev Xocalı soyqırımının törədilmə səbəbləri, dinc azərbaycanlı əhaliyə qarşı edilən amansızlıq, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən danışıb.

Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, sabiq deputat Fransua Mansel çıxışında bildirib ki, Xocalı soyqırımı qurbanlarının xatirəsi daim qəlbimizdə yaşayacaq. F. Mansel Fransanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, ədalətli şəkildə həll olunması naminə daha aktiv fəaliyyət göstərməli olduğunu vurğulayıb.

Konsertdə Qara Qarayevin “Funeral Ode”, Fikrət Əmirovun “A la mémoire de Nizami” və digər məşhur əsərlərlə yanaşı, gənc azərbaycanlı bəstəkar Etibar Əsədlinin Xocalı qurbanlarının xatirəsinə həsr etdiyi “Exit” əsəri ilk dəfə olaraq səsləndirilib və böyük maraqla qarşılanıb. Skripkada Solen Paidassi, klarnetdə Helios Azurayın ifasında səsləndirilən həzin musiqi əsərlərinə böyük maraqla qulaq asan tədbir iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini böyük ehtiramla yad ediblər.

Oxşar xəbərlər