"İki dəfə nazirin qəbulunda oldum və dedim ki..." — TANINMIŞ AKTYORLA SENSASSİON MÜSAHİBƏ

İrəvan Dövlət Azərbaycan Dram Teatrının aparıcı aktyoru Əjdər Zeynalov son günlər teatrda baş verənlərlə bağlı "Ölkə.Az"-ın suallarını cavablandırıb.

- Əjdər müəllim, İrəvan Dövlət Azərbaycan Dram Teatrında son zamanlar baş verənlərlə bağlı istər mətbuatda, istər sənət adamları arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri sizi haqlı hesab edir, bəziləri teatrın rəhbərliyini. Hətta belə düşünənlər də var ki, məsələnin kökündə tamam başqa səbəblər dayanır. İstərdim tam səmimi cavab verəsiniz. Teatrda nə baş verir?

- Əvvəla oradan başlayım ki, hazırda bizim haqq işimizi dəstəkləyən çoxdur. Sənət adamlarının hamısı bizi dəstəkləyir, sözümüzü deyir. Əgər İftixar Piriyevi dəstəkləyən tək-tük adam varsa, çoxdan səslərini çıxartmışdılar, yazmışdılar. Teatrda baş verən qalmaqalın, söz-söhbətin əsas səbəbkarı məhz İftixar Piriyevdir. Qaşınmayan yerdən qan çıxartmaq ifadəsi var. Bir dəfə direktorun üzünə demişəm ki, hörmətli İftixar müəllim, siz qaşıyıb qan çıxardırsınız. Elementar məsələni şişirdib belə bir səviyyəyə qaldırmaq direktor kimi sizə yaraşarmı? Yaraşmaz. Direktor xırda inciklikləri ört-basdır etməyə çalışmalıdır, həmişə sülh tərəfdarı olmalıdır. Teatr mədəniyyət ocağıdır. Bura həmişə ictimaiyyətin, mətbuatın gözü önündədir. Elə etməliyik ki, onlarda ikrah hissi oyatmayaq, qəlblərindəki sevgini qoruyub saxlaya bilək. Baş verən intriqalar bizə də ziyandır.

- Ziyandır deyərkən?

- Biz də istəməyərəkdən bu proseslərin içində gedirik. Amma bu prosesləri yaradan kimdir? Əlbəttə, direktordur. Direktor istəsəydi, iş bu yerə çatmazdı. Hər bir balaca hərəkətə, ifadəyə don geyindir, insanları təhqir etməkdən çəkinmə, üstünə bozar, qışqır, dəqiqədəbir izahat yazdır, iclas keçir. Bu nə dərəcədə düzgündür? Onu dəstəkləməyən, sözünü deməyən şəxslərin günü belədir.

- İndiyə qədər sizə izahat yazdırılıb?

- Bəli, yazmışam. Yayda məzuniyyətə çıxmazdan əvvəl gülməli bir şeyin üstündə insident oldu. İncəsənət aləmindəki doxsan doqquz faiz insanlarla qarşılıqlı ünsiyyətimiz var. Kimin yanında danışmışamsa, gülüblər.

- (zarafatyana) Nə baş vermişdi, danışın, biz də gülək...

- Xalid Hüseynin "Min möhtəşəm günəş" əsərini Elvin Mirzəyev səhnələşdirdi, premyera Rus Dram Teatrında baş tutdu. İctimaiyyət qəbul elədi ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrında hələ belə bir tamaşa olmamışdı. Əlbəttə, o da Elvin Mirzəyevin sayəsindəydi. Çünki özü tamaşanı reklam elədi, sosial şəbəkələrdə paylaşdı. Premyeradan 10-15 gün sonra Elvin Mirzəyev gəldi ki, eyni məkanda təkrarən həmin tamaşanı oynayacağıq, məşq edək, sözləri yadımıza salaq. Ayın 28, 29-da məşqlərdir, 30-u da tamaşamızdır. Tamaşanın əvvəlində on dəqiqəlik çıxışım var və rejissor Elvin Mirzəyev də oyunuma, mizanlarıma heç vaxt narazılıq etməyib, iradı olmayıb. Məşq saat 11-dədir, üç saata yaxın davam edir. Dedim ki, Elvin, mənim saat 2-də çəkilişim var, gedim də. Dedi ki, qal, özüm də çaşdım. Soruşdum ki, yenə məşq edəcəyik, yoxsa oyunuma iradın var? Bildirdi ki, təzimə qalmalısan. Otuz iki ilin aktyoruyam, nə qədər rejissorlar, tamaşalar görmüşəm. Məgər baş əyməyi bilmirəm? Əgər orada yenilik etmisənsə, qalım. Tamaşanı oynamışıq, sabah da məşq var. Əgər lazım olsa, sabah qalacam, təzim də edəcəyik. Dedi ki, Əjdər müəllim, qal, qaldım. Bizdə gənc, istedadlı aktrisa var. O da öz yerini oynamışdı. Getmək istəyirdi, icazə almağa çəkinirdi. Bir aktyorumuz gəldi ki, sənə icazə aldım, get.


- İcazəni kimdən almışdı?

- Elvin Mirzəyevdən. Aktrisa dedi ki, ola bilməz. Qaldım belə... Mən 32 ildir bu sənətdəyəm. Yəni o qədər hörmətsizəm ki, dünənki gənc aktyor məndən hörmətlidir? Üstündən bir az keçdi, cavan aktyorumuz sağollaşdı ki, gedirəm. Soruşdum hara? Deyir, icazə aldım, gedirəm. Çaşdım qaldım. İcazə vermirsənsə, heç kimə vermə. Bu necə olur axı? Bəs məni niyə buraxmırsan? Onsuz da öz yerimi oynamışam və ikinci dəfə məşq etməyəcəksən. Səhəri gün yenə məşq oldu, axıra qədər qaldım. Heç təzim yeri olmadı. Baş əyməkdir də, hamı bilir bunu. Ayın 30-da tamaşanı oynadıq. Ayın 1-də İftixar Piriyev məni kabinetinə çağırdı ki, yenə neynəmisən? Dedim, nə etmişəm ki? Cavab verdi ki, sən məşqi pozmusan. Bildirdim ki, ayın 28-i və 29-unda məşqdə olmuşam, tamaşanı da oynamışam, məşqi də pozmamışam. Dedi, Elvin təqdimat yazıb ki, sən məşqi pozmusan. Təqdimatda da qeyd edilib ki, məşqi pozduğuma görə ölçü götürülsün. Dedim ki, xahiş edirəm, təqdimat yazılanda da düzgün yazılsın. Mən məşqdə iştirak etmişəm, təzimə qalmamışam.

- Burada İftixar Piriyevlik nəsə var? Axı təqdimatı rejissor yazıb.

- Bəli, var. Bu elə böyük bir şey deyildi. İkincisi, o təqdimatı Elvin Mirzəyev yox, rejissor assistenti Tural yazıb. Elvin çıxanda Turala deyib ki, görürsən, Əjdər çıxdı getdi. Bunu da İftixar Piriyevin Milli Elmlər Akademiyasından gətirdiyi Pərvanə adlı truppa müdiri eşitmişdi. Yeni mövsümdə bildiyimə görə işi çox olduğu üçün çıxıb. Pərvanə bunu eşidib, qaçıb gedib Piriyevin kabinetinin qarşısına. Orada bizim ədəbi hissə müdiri Nərminə Ağayeva ilə -yeri gəlmişkən, o da Milli Elmlər Akademiyasının işçisidir - İftixar müəllimin yanına giriblər. Ondan sonra İftixar Piriyev Turalı çağırıb ki, Elvinə denən gəlsin təqdimat yazsın. Elvin də bildirib ki, işim var. Ondan sonra Piriyev deyib ki, Tural, sən yaza bilərsən. Təqdimatı da Tural yazıb. Direktorla söhbətimizdə bildirdim ki, məşqi pozmamışam, məşqdə olmuşam, sadəcə təzimə qalmamışam. Dedi ki, təzim də məşq sayılır. Mən hələ otuz ildə eşitməmişəm ki, təzim də məşq sayılır. Axı mən peşəkar aktyoram, uşaq-muşaq deyiləm. Bir baş əyməyə görə məsələni belə şişirdib, bu həddə çatdırmağa dəyərdimi? Dəyməzdi. Mənim 53 yaşım var, uşaq deyiləm. Səhəri gün mənə izahat yazdırdı. İzahatda qeyd etdim ki, məqşdə olmuşam, təqdimatda yazılanlar yalandır, sadəcə, təzimə qalmamışam, tamaşanı da yüksək səviyyədə oynamışıq. Piriyev hirsləndi ki, bu necə izahat yazmaqdır? Mən gözləyirdim sən yazacaqsan ki, bağışlayın, üzr istəyirəm, bir də belə şeylər təkrar olunmayacaq. Axı mən nə etmişəm üzr istəyəm? Dedi ki, get, getdim. Səhəri gün uşaqlar mənə zəng vurublar ki, İftixar müəllim sizə xəbərdarlıq yazıb, divara yapışdırıb. Xəbərdarlıqda məşqi pozmağı yazmayıb. Bu dəfə yazıb ki, nizam-intizam qaydalarını pozduğuna görə xəbərdarlıq elan olunsun. Deyirəm, bir iclas çağırıb və hər kəsdən soruşun. 1989-cu ildən bu teatrdayam. Görün o gündən indiyə qədər mən bir dəfə nizam-intizam qaydalarını pozmuşam, ya yox? Bunu heç kəs deyə bilməz. O, fikirləşməlidir ki, bu adam peşəkar aktyordur, neçə illərdir teatrda çalışır. Heç bir rejissor da məndən narazı olmayıb.

- Həmkarınız Elçin Hacı sosial şəbəkədə video paylaşmışdı. Həmin videoda 5-6 qadın var idi. O qadınlar kimlərdir? Eşitdiyimə görə, İftixar Piriyevin qohumlarıdır.

- Yox, qohumları deyil, teatrın işçiləridir. Doğrusu, heç onların adlarını da çəkmək istəmirəm. Mən nə İftixar Piriyev deyiləm, nə də bir başqası. Allah insanı qadın şərindən qorusun.

- Demək istəyirsiniz ki, o qadınlar Elçin Hacını şərləmək istəyirdilər?

- Başqa ad tapa bilmirəm e. Şərə salmaq istəmirdilərsə, niyə otağa salıb, qapını örtürdülər?

- Həmin vaxt siz teatrda idiniz?

- Dəhlizin aşağısında siqaret çəkirdik. Elçin dəhlizdən keçəndə içəri çağırıblar. Səs-küyə qocaman aktyor Vaqif Kərimov və başqa bir aktyor gəlib ki, qapını açsınlar. Heç kimi içəri buraxmayıblar.

- Bir müşahidəmi qeyd etmək istərdim. Son baş verənlərdə İftixar Piriyevi müdafiə edənlər ancaq qadınlardır. Gördüyüm qədərilə direktorun kişilərlə ünsiyyəti alınmır...

- Düz dediniz.


- Ümumiyyətlə, teatrda onun dediklərini dəstəkləyən kişi varmı?

- Onun tərəfini saxlayan bəziləri var, vəssalam. Hərənin öz şəxsi fikri, dünyaya baxışı var. İndi onlar belə görürlər, düşünürlər ki, direktora meyilli olmaq lazımdır.

- Son illər yetərincə tanınan simalar teatrınızı tərk ediblər...

- Mən oradan başlayardım ki, teatrın Azərbaycanda yaranmasında əməkdar artist Vidadi Əliyevin, xalq artisti Elmira İsmayılovanın böyük zəhməti olub. İstərdim bu barədə təfsilatlı danışım. İllər öncə onlarla bağlı da insident olmuşdu. Həmişə direktor kollektivin rəyini nəzərə almadan truppa müdirlərini özü təyin edib. Əsasən baş rejissorun razılığı olmalıdır. Həmin vaxt Nazir Rüstəmov bizdə baş rejissor idi. İftixar Piriyev Nazir Rüstəmova tapşırıb ki, get, kollektivi yığ, yeni truppa müdiri seçin. Hamımız da əvvəldən bilirdik ki, filankəs seçiləcək. Buna görə iclas keçirməyə ehtiyac yoxdur ki. İclasda Vidadi müəllim dedi ki, bu oyun kimə lazımdır e? Onsuz da kimin seçiləcəyini bilirik də. Düşdük gəldik İftixar Piriyevin kabinetinə. Nazir Rüstəmovdan nəticəni soruşdu. Nazir Rüstəmov dedi ki, deyirlər, oyun oynayırsınız. Piriyev əsəbi şəkildə soruşdu ki, kim deyir onu? Vidadi müəllim dedi ki, mən dedim. Vidadi müəllim gəncliyində təyinatla İrəvana gedib teatr bərpa etmiş adamdır. 1988-ci ildə Azərbaycanda da teatrı o bərpa edib, uzun müddət həm aktyoru, həm rejissoru, həm rəhbəri olub. İrəvandan qaçanda camaat var-dövlətini götürüb gələndə, Vidadi müəllim teatrın dekorasiyalarını daşıyıb gətirib. Təsəvvür edin ki, belə hörmətli insana cavanların yanında ağzına gələni dedi, bihörmət elədi. Belə insan mədəniyyət ocağına rəhbərlik edə bilərmi? Vidadi müəllim abırına sığınıb çox cavab vermədi. Piriyev də qışqıra-qışqıra deyir ki, sən kimsən, nə vaxtdan aktyor olmusan?

- Teatrda şəraitiniz necədir?

- Heç nəyimiz yoxdur. Heç bir teatrda bizdəki kimi Gestapo rejimi yoxdur. Olsa da, hər aktyorun özünün otağı var, bufetləri var. Bizdə isə aktyorlar oturmağa yer tapmır. Bununla belə məzuniyyətdən əvvəl direktor dedi ki, yeni mövsümdə hamı səhər saat 10-da gəlib qol çəkəcək, 6-ya kimi də işdə olacaq. İşin, məşqin oldu- olmadı hamıya aiddir. Harda oturacağıq? Teatrda elementar şərait yoxdur. Bunu deyən adam fikirləşməlidir ki, aktyorun oturmağa yeri olmalıdır. Başa düşürük ki, bu da bizi sıxışdırmaq üçün metoddur. Elçin Hacı gedib qol çəkməyə. Truppa müdirinin otağına girəndə İftixar Piriyev də orada oturubmuş. Qışqırıb ki, bu nə vaxtın qol çəkməyidir? Dəftəri götürüb qol çəkməyə icazə vermirmiş. Elçin də deyib ki, truppa müdiri bizə dəqiq vaxt deməyib. Ondan sonra truppa müdiri deyib ki, mənim təqsirimdir, dəqiq saat deməmişəm. Piriyev də deyib ki, birinci gündən hamı səhər saat 10-da burada olsun. Amma ortaya qəribə sual çıxır. Bu qayda ancaq bizdən ötrüdürmü? Bu gün gedib saat 10-da qol çəkmişəm. İftixar Piriyevin tərəfdarlarından bir-iki nəfərdən başqa kimsə görünmədi. Ya heç gəlmirlər, ya da istədikləri vaxt gəlirlər.

- Səbəbini soruşdunuz?

- Soruşmadım, amma soruşacağam. Soruşanda deyilir ki, icazəlidirlər. Bunun biri icazəli olsun, ikisi olsun. Direktorun tərəfini saxlayan insanlardan nə izahat tələb edilir, nə töhmət almırlar. Qanundursa, hamı üçün olsun da.

- Niyə premyeralarınızın bəziləri "Azdrama"da, bəziləri Rəşid Behbudov adına Mahnı Teatrında, yaxud Rus Dram Teatrında oynanılır. Bu hansısa qaydayla tənzimlənir?

- Nazirlik bizə xüsusi qayda qoymayıb. Bunu direktor özü həll edir.

- Doğrudurmu ki, İftixar Piriyevin özünün müəllifi olduğu tamaşalar "Azdrama"da oynanılır?

- Bəli, doğrudur. Bir-iki dəfə də Hidayət Orucovun tamaşası orada oynanılıb. Digər tamaşalar Rus Dram Teatrında, əksər vaxtlar isə mahnı teatrında olur. Mahnı teatrında isə tamaşa oynamaq üçün şərait lazımınca deyil. Ora bina kimi gözəldir, konsertlər, tədbirlər üçün yaxşıdır. Ancaq tamaşa üçün yararsızdır. Çünki texniki imkanları tamaşa oynamağa imkan vermir.

- Baş verənlərdən çıxış yolunu nədə görürsünüz?

- Piriyev özü aktyorların yanında deyib ki, dəfələrlə nazir Əbülfəs Qarayevə ərizəylə müraciət etmişəm, amma məni işdən çıxartmır. Əgər narazılıq varsa, bu söhbətlərdən qaçmaq üçün ərizəni yazıb getməlisən. Çünki belə məsələlər şişdikcə istər-istəməz hörmətli insanların adları hallanır.

- Mədəniyyət və Turizm Nazirliyindən teatra yoxlama gəlmişdi. Nəticə nə oldu?

- Mən nazirliyin işinə qarışmıram. Bildiyim qədər nazirlik də bu söhbətlərdən təngə gəlib. Dövlətin işinə qarışmırıq, qanunlara qarşı çıxmamışıq, çıxmarıq da. Biz öz işimizlə məşğuluq.

- Əjdər müəllim, yetərincə tanınan aktyorsunuz. Yəqin ki, Azərbaycanda bir çox teatrlar sizi öz truppasında görmək istərdi. Belə bir təklif olubmu? Ümumiyyətlə belə bir təklif olsa, qəbul edərsinizmi?

- Bu, mənim yaralı yerimdir. Hələ uzun müddət əvvəl çox yerdən, elə "Azdrama"dan da təklif gəlmişdi ki, bizdə sən tipdə aktyor yoxdur, gəlsən yaxşı olar. Gənc Tamaşaçılar Teatrında da işləyə bilərdim. Daha şəraitli teatrlarda çalışmaq şansım olub. O teatrlarda hər kəs yaradıcılıqla məşğuldur, peşəkar rejissorlar peşəkar tamaşalar hazırlayır. Bizim kimi bu yaşda durub 3-4 adamın qabağında şeir demirik. Mən 1989-cu ildə nazirliyin təyinatı ilə bu teatra göndərilmişəm. O vaxt nazir Zakir Bağırov idi. İstərdim bir az haşiyə çıxım.

- Buyurun...

- 1988-ci ildə institutu bitirəndə baş verəcək hadisələrin cücərtiləri var idi, hələ geniş vüsət almamışdı. İnstitutdan diplomumu vermədilər. İrəvana qayıdıb, orada işləmək istəyirdim. Çünki teatrın o vaxtkı direktoru bir qrup gəncləri şəxsən buraya göndərmişdi. Mən də həmin gənclərdən biri idim.

- Ali məktəbdən öncə teatrda işləyirdiniz?

- Beş-altı ay işləyəndən sonra Bakıya göndərildim. 1982-ci ildə qəbul oldum, 1988-ci ildə institutu bitirəndə geri qayıtmaq istəyirdim, diplomu vermirdilər. Çox asanlıqla nazir Zakir Bağırovun qəbuluna düşdüm. Katibəyə dedim, nazirə dedi. Hətta mənimlə çox səmimi görüşdü. Oturduq, xeyli söhbət etdik, fikrimi soruşdu. Dedim ki, institutdan diplomumu vermirlər. Mən isə İrəvana qayıtmaq istəyirəm. Hər halda o məndən daha çox şeylər bilirdi. Dedi ki, səndəki bu vətənpərvərlik hissini yüksək qiymətləndirirəm, gənc aktyorları bölgələrə göndəririk, getmək istəmirlər. Amma sən İrəvanda işləmək istəyirsən. Dedi, elə şeylər var ki, sən bilmirsən. Burada hansı teatra istəsən göndərək, get, işlə, görək nə olur. Razılaşdım, bir müddət gözlədim, xəbər olmadı. İkinci dəfə qəbuluna düşdüm. İkinci dəfə artıq məni tanıyırdı. Bu dəfə də dedi ki, bir az da gözlə. Sonradan baş verən hadisələri bildim. Elə alındı ki, 1988-ci ilin sonlarında deportasiya başladı. Məlum məsələdir ki, teatr da bağlandı və bəzi aktyorlar burada müxtəlif teatrlarda çalışmağa başladılar. Elmira İsmayılova və Vidadi Əliyev qabağa düşdülər, teatrı bərpa etdilər. 1994-cü ildə isə Ümummilli lider Heydər Əliyev teatra dövlət statusu verdi. Rəhmətlik Heydər Əliyev demişdi ki, İrəvan teatrı bizim tarixi, mədəni abidəmizdir, biz bunu qoruyub saxlamalıyıq. Doğrudan da İrəvan adının teatrın üstündə olması çox vacibdir. Ona görə də belə bir teatrı məhv etmək, "xəkəndaz teatrı"na döndərmək olmaz.

- "Xəkəndaz teatrı" Maraqlı termindir...

- Teatr aləmində işlədilən ifadədir. Yəni ucuz şeylər hazırlamaq olmaz. Təsəvvür edin ki, "Soyqırım abidəsinin dastanı" adlı tamaşanı "Xəzri" istirahət mərkəzinə aparasan. Sən direktorsan, lap tutaq ki, pul qazanırsan. Yenə də özün bilərsən. Amma o tamaşanı dəniz kənarında 3-4 nəfərin qarşısında oynamaq olmaz axı. İki qadın uşaqla oturub, iki kişi də şortikdə yeyib-içir. Bizə də deyir ki, tamaşanı oynayın. Biz də bu vaxta qədər o pərdəni yırtmaq istəmirdik. Elə ona görə də tamaşanı oynadıq. Ancaq daha belə olmaz.

Oxşar xəbərlər