İrəvan üçün əcəl zəngi

İrəvan üçün əcəl zəngi Ermənistan üçün heç vaxt yaxşı olmayacaq

Rəsmi İrəvan Azərbaycanda erməni kəşfiyyat şəbəkəsinin ifşa edilməsi barədə Bakının bəyanatını təkzib edir.

Erməni tərəfi Azərbaycanın müdafiə nazirliyinin bəyanatını uzun sürən təxribat kimi qiymətləndirir. Erməniləri müəyyən mənada anlamaq mümkündür. Görünür, onlar bizim ölkədə terror planlaşdıran çox qiymətli xəfiyyələrini itiriblər. Yəqin ki, çox tezliklə bu satqınların əməlləri barədə çox şey öyrənəcəyik.

Nə baş verirsə - versin, ermənilər, mən erməni xalqını deyil, onların hakim dairələrini nəzərdə tuturam, hər şeyi təkzib edirlər. Yevlax yaxınlığında sərnişin avtobusunu yandırdılar, dərhal dedilər ki, biz deyilik. Bakıda metronu partlatdılar, erməni kəşfiyyatının işi olduğuna dair böyük dəlillər aşkar edildiyi halda, qışqırdılar ki, bu, biz deyilik.

Xocalıda zülm edib öldürdükləri qoca və uşaqların günahını da boyunlarından atırlar. Deyirlər, biz deyilik. Halbuki, prezident Serj Sarkisyan Britaniya mətbuatına özü etiraf edib ki, Xocalı sakinlərini bilərəkdən qırıblar. Dağlıq Qarabağa Ermənistan nizami ordusunu yeridiblər, amma bütün dünyaya yalan danışırlar ki, bu, partizan dəstələridir. Halbuki, dünyaya Qarabağda həlak olmuş Ermənistan əsgərlərinin qalaq-qalaq hərbi biletləri təqdim edilib.

Bütün bunlardan sonra İrəvan yenidən bəyan edib ki, heç zaman terrorçuluğu hərbi əməliyyatlarda bir üsul və metod kimi istifadə etməyib. Bu da yalandır. Özləri yalan danışırlar və özləri də buna inanırlar.

Ermənistanda indi yaşamaq çox çətindir. İşsizlikdir, əmək haqları çox aşağı, qiymətlər çox yuxarıdır. Buna görə yetərincə çox sayda erməni hər il ölkəni tərk edir. Amma hakimiyyətdə olanlar uzun illərdir dediklərini təkrar etməkdə davam edirlər: Dözün, Qarabağ bizim olan kimi hər şey düzələcək. Bu isə o deməkdir ki, Ermənistanda heç zaman yaxşı olmayacaq. Çünki gec-tez bütün tutulmuş Azərbaycan torpaqları geri qaytarılacaq. Keçən ilin aprel ayı bədxah qonşularımız üçün yetərincə ciddi xəbərdarlıq oldu, əcəl zəngi kimi.

Mais Məmmədov, Əməkdar Jurnalist

Oxşar xəbərlər