İlham Əliyev: "Azərbaycanda internet azadlığı təmin edilib“

İlham Əliyev: “Azərbaycanda yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Eyni zamanda ölkədə internetdə heç bir məhdudiyyət qoyulmur. İnternet azaddır, senzura yoxdur. İnternet istifadəçilərinin sayı təqribən 72 faiz təşkil edir. Mətbuat azadlığı tam təmin olunur”.

Bunu Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının birgə açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan müstəqilliyinin 25 ili ərzində mətbuat azadlığı, bütün azadlıqlar təmin edilib: “Azərbaycanda internet azadlığı təmin edilib, sosial şəbəkələrin təxminən 2 milyon istifadəçisi var. Belə mühüm, qlobal miqyaslı tədbiri keçirməkdən qürur duyuruq. Tədbir iştirakçıları həm də ölkəmizi tanımaq imkanı əldə ediblər. Bu tədbiri media tərəfindən ölkəmizin nailiyyətlərinə verilən qiymət kimi qəbul edirik. Müstəqilliyimizin 25 ili göstərir ki, biz ölkədə mətbuat azadlığını, bir çox azadlıqları təmin etmişik".

İlham Əliyev əlavə edib ki, Azərbaycanda ilk demokratik respublika 98 il əvvəl qurulub. O, qeyd edib ki, ilk demokratik respublika 2 il yaşasa da, demokratik ənənələrin əsasını qoydu. O vaxt qadınlara səsvermə hüququ verilmişdi, o vaxt hələ bir çox Avropa ölkəsində belə hüquq yox idi: “Bu gün isə Azərbaycan beynəlxalq arenada yüksək nüfuza malik ölkədir”.

“Azərbaycan bir neçə il əvvəl 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi” deyən dövlət başçısı:

“Beynəlxalq birliyin əksər üzvü Azərbaycanı dəstəklədi. Bu, fəaliyyətimizə, məsuliyyətli, etibarlı tərəfdaş olmağımıza verilən dəstək idi. Azərbaycan müstəqil xarici siyasət yürüdən dövlətdir və bu siyasət milli maraqlara söykənir, heç kəsə qarşı yönəlməyib. Azərbaycanın gələcəyi öz əlindədir. Azərbaycan az ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür: "2008-ci ildə Avropa və İslam ölkələrinin mədəniyyət nazirlərinin toplantısını keçirdik. Bu, tarixi nailiyyət idi. Sonra bu, "Bakı Prosesi" adını aldı. Xalqımızın multikulturalizm ənənələri müxtəlif dinlər, xalqlar arasında sağlam münasibətlərin qurulması baxımından parlaq nümunədir” - deyə əlavə edib.

Oxşar xəbərlər