Azərbaycan səfirinin qardaşının kartof biznesində “atdığı” pullar

Azərbaycan səfirinin qardaşının kartof biznesində “atdığı” pullar Bəs bina yanğınıyla bağlı dindirildikdən sonra ölkəni tərk edən Anar Həsənov indi hardadır?

Bu günlərdə Aydın Bağırov adlı sahibkar Qafqaz Xəbər Agentliyinə müraciət edərək İsaq Kərəm oğlu Həsənzadə tərəfindən aldadıldığını və 20400 dollar pulunun mənimsənildiyini bildirir. “Bu ilin may ayının əvvəlində İsaq Kərəm oğlu Həsənzadə (Hacı İsaq deyilir) məndən 26450 dollarlıq nisyə kartof götürdü və ilkin olaraq ayrı günlərdə iki dəfə 3000 dollar olmaqla cəmi 6000 dollar verdi və qalan 20450 dollar məbləği isə ən geci iyun ayının 20-də verəcəyini bildirdi. Mən də buna razılaşdım.İsaq Həsənzadə mənə demişdi ki, guya pullar qardaşındadır, yaxında göndərəcək”, – deyə şikayətçi sahibkar bildirib. Aydın Bağırov qeyd edib ki, Hacı İsaqın qardaşı Abbasəli Kərəm oğlu Həsənov hazırda Azərbaycanın Tacikistandakı səfiridir.

“İyunun 20-dən sonra mən zəng edib pulu istədim, lakin o, “bu gün verəcəm”, “sabah verəcəm” deyə-deyə məni aldatdı. Qeyd etdiyi vaxtdan iki ay keçməsinə baxmayaraq, pulumu hələ də ala bilməmişəm. Son vaxtlarda isə ya “pulum yoxdur, vermirəm” deyir, ya da heç zənglərimə də cavab vermir”, – deyə A.Bağırov vurğulayıb.

Sahibkar bildirib ki, İ.Həsənzadənin şəhərin bir çox yerində mağazaları və avtoservisləri var. “Yüzlərlə yük maşınları, “Komfort” Mebel salonu, “Komfort” şadlıq sarayı var. Bir neçə il öncə hətta deputatlığa namizədiliyini vermiş bu şəxs hal-hazırda sahibkarlıqla məşğul olur və bu qədər imkanı olduğu halda mənim pulumu mənimsəyərək vermir”, – deyə A.Bağırov əlavə edib.

Biz İ.Həsənzadənin mobil telefon nömrələrini əldə edərək, onun özüylə əlaqə saxlamağa, fikrini öyrənməyə çalışdıq. Lakin təəssüflər olsun ki, İ.Həsənzadə gün ərzində bizim telefon zənglərimizə cavab vermədi. Bu qardaşların faəliyyəti barədə mətbuatda vaxtaşırı məlumatlar dərc olunub. Xüsusilə də, 2015-ci il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsindən sonra, Abbasəli Həsənovun da adı gündəmə gəldi.

Bu il mayın 14-də sonra ölkə mətbuatında yayılmış bir məlumatı oxuculara təqdim edirik: “Binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov və Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. Tutulanlar arasında “GLOBAL” Şirkətlər Qrupunun rəhbəri Miryusif Mahmudov da var. O, Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun qudasıdır” (azpolitika.info).

Araşdırma zamanı, ölkə mətbuatındakı məlumatlardan onu da öyrəndik ki, Miryusif Mahmudovun kürəkəni Anar Abbasəli oğlu Həsənov da yanğından sonra istintaq orqanlarında dindirilib, lakin dindirmədən dərhal sonra ölkəni tərk edib: “Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun oğlu Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilib. Anar Həsənovun dindirilməsi sahibi olduğu şirkətin fəaliyyəti ilə bağlı olub. Belə ki, A.Həsənov bu il mayın 19-da Bakının Binəqədi rayonunda insan tələfatı ilə nəticələnən yanğından sonra bina üzləyən şirkətlərdən birinin sahibi kimi istintaqa cəlb edilib. A.Həsənov istintaqda dindirildikdən qısa müddət sonra Azərbaycanı tərk edib və həmin vaxtdan ölkəyə qayıtmayıb” (report.az).

Əgər Anar Həsənov yanğına görə məsuliyyət daşıyan şirkətlərdən birinin rəhbəri idisə, onun istintaqda dindirildikdən az sonra ölkəni tərk etməsi suallar doğurur. Aydındır ki, bəzi məsələlərlə bağlı hüquq mühafizə orqanlarından Azərbaycan ictimaiyyətinə ətraflı məlumat verilmir və bir sıra məqamlar “istintaq sirri” olaraq dəyərləndirilir. Lakin yenə də maraqlıdır, Anar Həsənovun tələm-tələsik Azərbaycanı tərk etməsinə nə səbəb olub? Biz Anar Həsənovun hazırda harda olması ilə maraqlandıq, lakin müxtəlif versiyalarla rastlaşdıq. Kimi onun Avropada yaşadığını, kimi isə elə Tacikistanda, atasının yanında olduğunu bildirdi. Bu barədə araşdırmamızı davam etdirəcək, A.Həsənovun da fikrini öyrənməyə çalışacağıq.

Qeyd edək ki, ölkə mətbuatında yazılanlara görə, A.Həsənovun qudası Miryusif Mahmudova məxsus “Global Construction” şirkətinin ilk işi sərhəd qoşunları üçün Gəncə-Samux zonasında hərbçilər üçün kazarma tikmək olub. Sonra isə “Global Construction” şirkəti Dövlət Sərhəd Xidmətinin Akademiyasının tikintisini həyata keçirib. Bir sözlə, böyük layihələrə imza atıb… Eləcə də, Dövlət Miqrasiya Xidmətinin əsas binasını da “Global Construction” şirkəti tikərək istifadəyə verdiyi barədə məlumat əldə etmişik.(qafqaznews.az)

Oxşar xəbərlər