Tramp Obamanı istefa verməyə çağırdı

Tramp Obamanı istefa verməyə çağırdı “Biz daha siyasi səhvlərə yol verməmək üçün təmkinli davranmamalıyıq”

Respublika partiyasının ABŞ prezidentliyinə yeganə namizədi Donald Tramp Ağ evin hazırkı rəhbəri Barak Obamanı Floridada 50 nəfərin ölümü ilə nəticələnən gey-kluba hücumdan sonra istefa verməyə çağırıb.

Siyasətçinin bəyanatı saytında yerləşdirilib.

Tramp ölənlərin ailələrinə və zərərçəkənlərə dərin təəssüfünü bildirib. O, baş verən hücumu 2001-ci ilin 11 sentyabr tarixində törədilən terror aktından sonra ən pis terror aktı adlandırıb.

Milyardçı qeyd edib ki, Amerika xalqı radikal islam terrorçuları tərəfindən hücuma məruz qalıb və bildirib ki, Obamanın öz çıxışında “biyabırçı şəkildə, hətta “radikal islam” ifadəsini işlətməkdən imtina edib”.

“Yalnız elə bu səbəbdən də o, istefa verməlidir”, - vurğulayıb.

Bundan başqa, Tramp əlavə edib ki, əgər demokratların namizədi Hillari Klinton bu hücumdan sonra da “radikal islam” kəlmələrini işlədə bilmirsə, o da prezident kürsüsü uğrunda mübarizədən geri çəkilməlidir.

“Biz daha siyasi səhvlərə yol verməmək üçün təmkinli davranmamalıyıq”, - milyardçı vurğulayıb.

O, ABŞ-ın hər il Yaxın Şərqdən 100 min mühaciri qəbul etdiyini xatırladıb. Eyni zamanda, yüzlərlə mühacirin və onların uşaqlarının Birləşmiş Ştatlarda terrorçuluq fəaliyyətinə cəlb edildiyini əlavə edib.

Bununla yanaşı Tramp, Klintonun Yaxın Şərqdən qəbul edilən mühacirlərin sayının artırılmasına dair planlarını tənqidə tutub.

Tramp öncə də müsəlmanların ünvanına kəskin tənqidlə çıxış edirdi. Əsasən də, 2015-ci ilin noyabr ayında Parisdə törədilən terror aktından sonra o, islam dininə sitayiş edənlərin ABŞ-a girişinə tam qadağa qoyulmasının lehinə çıxış edib.

Oxşar xəbərlər