Obama Azərbaycan haqqında danışdı

Obama Azərbaycan haqqında danışdı “Azərbaycan bu prosesdə mühüm tərəfdaşdır”

Azərbaycan nüvə qaçaqmalçılığı və nüvə terrorizmi təhlükələrinin qarşısının alınmasında olduqca mühüm tərəfdaşdır.

APA-nın məlumatına görə, bunu ABŞ prezidenti Barak Obama Nüvə Təhlükəsizliyi Sammitindən sonra keçirdiyi mətbuat konfransında bəyan edib.

“Azərbaycan sammitdə iştirak etmiş bir çox ölkə kimi artıq bir sıra addımlar atıb. Bəzi ölkələrin yüksək zənginləşdirilmiş uran ehtiyatı var, onlar onu azaltmaq barədə qərara gəliblər. Digər ölkələrdə mülki nüvə obyektləri var, lakin vacib təhlükəsizlik təcrübəsi yoxdur və onlar daha yaxşı təhlükəsizlik praktikasını qəbul ediblər.

Elə ölkələr də var ki, onlar nüvə materiallarının qaçaqmalçılığı üçün potensial tranzit nöqtələri ola bilərlər. Onlar sərhəd məntəqələrində və nüvə materiallarının müəyyən edilməsində bizimlə birgə işləyiblər. Özünün coğrafi mövqeyinə görə Azərbaycan bu prosesdə mühüm tərəfdaşdır”, deyə B.Obama bildirib.

O əlavə edib ki, bütün dövlətlər ümumi təhlükənin qarşısının alınması üçün öz töhfələrini əsirgəmirlər.

B.Obama bildirib ki, Nüvə Təhlükəsizliyi Sammitinin iştirakçıları təmas qrupunun yaradılmasına dair qərar qəbul ediblər:

“Bu qrup birgə səyləri əlaqələndirəcək və bu sahədə ümumi planların icrasına nəzarət edəcək. Təmas qrupuna 30-dan çox ölkənin ekspertləri daxil olacaq. Onlar qərarlarımızın gerçəkləşməsi və əlaqələrimizi qorumaq üçün mütəmadi olaraq görüşəcəklər”.

Qeyd edək ki, Vaşinqtonda keçirilən sammit Nüvə Təhlükəsizliyi üzrə son zirvə görüşü olub.

Oxşar xəbərlər