Çərşənbə axşamı İranın xüsusi xidmət orqanları casusluq və “düşmənlə əməkdaşlıq” ittihamı ilə 30 nəfəri, o cümlədən bir xarici ölkə vətəndaşını həbs edib.IRNA məlumatına əsasən, şübhəlilər İranın Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb və rəsmi şəxslərin sözlərinə görə, onlar “Amerika və sionist düşmən”lə əlaqəli olan “casuslar, operativlər və mediada çalışan muzdlu şəxslər” kimi qiymətləndirilir.
İran rəsmilərinin bildirdiyinə görə, saxlanılanlardan biri – kimliyi açıqlanmayan xarici vətəndaş – ABŞ və İsrail adından Fars körfəzi regionunun iki ölkəsinin xeyrinə casusluqda ittiham olunur.
Nəşrin yazdığına görə, həmin şəxs İranın şimal-şərqində yerləşən Xorasan-Rəzəvi vilayətində saxlanılıb. Rəsmi versiyaya əsasən, o, ölkənin silahlı qüvvələri və təhlükəsizlik strukturları barədə məlumat toplayaraq bunu Fars körfəzində yerləşən iki dövlətə ötürürmüş, həmin ölkələr isə məlumatları Vaşinqton və İsraillə bölüşürmüş.
IRNA-nın məlumatına görə, saxlanılanlardan daha biri İranın cənub-şərq sərhədində fəaliyyət göstərən silahlı qruplaşma ilə əlaqədə olub və hərbi qüvvələrin və təhlükəsizlik strukturlarının mövqeləri, hərəkəti, eləcə də müdafiə obyektləri barədə kəşfiyyat məlumatları toplayıb.
Bundan əvvəl İranın İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsi də “düşmən qüvvələri” ilə əməkdaşlıqda ittiham olunan 10 nəfərin saxlanıldığını açıqlamışdı. Bildirilir ki, onlar strateji əhəmiyyətli obyektləri lentə alaraq videoları xarici mediaya göndəriblər.