Bu Avropa ölkəsinə gedənlərə XƏBƏRDARLIQ - Pasport ƏLÇATMAZ OLACAQ!

Bu Avropa ölkəsinə gedənlərə XƏBƏRDARLIQ - Pasport ƏLÇATMAZ OLACAQ! Stokholm İsveç vətəndaşlığının alınması şərtlərini xeyli sərtləşdirən qanun layihəsi təqdim edib. Yeniliklər arasında ölkədə minimum yaşama müddətinin artırılması, gəlir, dil bilikləri və həyat tərzi ilə bağlı əlavə tələblər yer alır.

Bu barədə "Sweden Herald" nəşri məlumat yayıb.

Yerli KİV-in məlumatına görə, yeni qaydalara əsasən vətəndaşlıq almaq istəyən şəxslər ölkədə əvvəlki 5 il əvəzinə azı 8 il yaşamalıdır. Bundan başqa, gələcək vətəndaşların aylıq təxminən 20 min İsveç kronu (təxminən 2200 dollar) məbləğində sabit gəliri olmalı və sosial yardımdan asılı olmadan özlərini təmin edə bilməlidirlər.

Hökumət həmçinin İsveç dili və cəmiyyəti haqqında biliklərlə bağlı tələblərin tətbiqini təklif edir. Bu biliklər xüsusi imtahanlar vasitəsilə yoxlanılacaq. Yeni şərtlərə “dürüst həyat tərzi”nin qiymətləndirilməsi də daxildir. Belə ki, namizədlərin həm İsveçdə, həm də ölkə xaricində davranışları nəzərə alınacaq.

Ölkənin miqrasiya naziri Yohan Forssell bildirib ki, yeni qaydalar vətəndaşlığı “daha mənalı” etməli və onun cəmiyyətə inteqrasiya ilə bağlılığını gücləndirməlidir. Nazir qeyd edib ki, indiyədək bəzi hallarda İsveç dilini bilmədən və ya kifayət qədər gəlir olmadan da vətəndaşlıq almaq mümkün olub.

Dəyişikliklərin parlament tərəfindən təsdiqlənəcəyi təqdirdə 2026-cı il 6 iyunda, İsveçin Milli Günündə qüvvəyə minəcəyi gözlənilir.

Qeyd olunur ki, tələblərin sərtləşdirilməsi hökumətin parlament seçkiləri ərəfəsində immiqrasiyaya nəzarəti gücləndirməyə yönəlmiş daha geniş siyasətinin tərkib hissəsidir.

Yeni qaydalar xarici vətəndaşların cəmiyyətə inteqrasiyasını onların işləməsi və dili bilməsi kimi amillərlə daha sıx əlaqələndirməyi hədəfləyir.

Oxşar xəbərlər