Elmar Məmmədyarov İsveç Parlamentinin birinci vitse-spikeri ilə görüşüb

Elmar Məmmədyarov İsveç Parlamentinin birinci vitse-spikeri ilə görüşüb Xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Parlamentinin birinci vitse-spikeri xanım Eva Thalen Finne ilə görüşüb.
Bu barədə "Ölkə.Az" Azərbaycan XİN-nin mətbuat xidmətinə istinadən xəbər verir.

Görüşdə Azərbaycanla İsveç parlamenti arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb. Bu xüsusda, parlament diplomatiyasının və parlament nümayəndə heyətlərinin qarşılıqlı mübadiləsinin ikitərəfli münasibətlərin inkişafında mühüm rola malik olduğu bildirilib.

2017-ci ilin Azərbaycan və İsveç arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdar olduğu qeyd olunub və bu müddət ərzində ölkələrimiz arasında dostluq və qarşılıqlı anlaşmaya əsaslanan siyasi dialoqun formalaşdığı vurğulanıb.
Elmar Məmmədyarov Azərbaycanın regionda rolu, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı nəqliyyat-infrastruktur və enerji layihələri barədə həmsöhbətə məlumat verərək Cənubi Asiya ilə Şimali Avropanı birləşdirən Şimal-Cənub dəmir-yol xəttindən İsveçin də faydalana biləcəyini diqqətə çatdırıb.

İqtisadi münasibətlərə gəldikdə isə tərəflər İsveç şirkətlərinin Azərbaycanda fəaliyyətini təqdir edərək qarşılıqlı sərmayələrin artırılmasının vacibliyini qeyd ediblər. Tərəflər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, o cümlədən ticarət dövriyyəsinin artırılması üçün geniş potensialın olduğunu vurğulayıblar.

Görüşdə Azərbaycanın dinlər və mədəniyyətlərarası dialoqun təşviqində oynadığı roluna da toxunulub.

Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər