Azərbaycan qazı, Moskvanın Avropada bağlanan bazarı

Azərbaycan qazı, Moskvanın Avropada bağlanan bazarı Kremlin narahatlığını artıran digər amil Azərbaycanın davranış modelidir- Bakı nə radikal ritorika aparır, nə də açıq qarşıdurmaya gedir...
Xəbər verildiyi kimi, yanvarın 16-dan etibarən Azərbaycan mavi yanacağı ilk dəfə birbaşa Avstriya və Almaniyaya çatdırılıb. Bununla da Azərbaycan qazını istehlak edən Avropa ölkələrinin sayı 16-ya yüksəlib.

Avropalı analitiklər Azərbaycan qazının payının artması və tədarük coğrafiyasının genişlənməsi Avropa İttifaqının enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və Rusiya yanacağından asılılığın azaldılması baxımından mühümdür.

Rusiya–Ukrayna müharibəsindən sonra Avropa üçün əsas problem təkcə qaz çatışmazlığı deyil, enerji üzərində geosiyasi nəzarətin itirilməsi riski idi. Məhz bu nöqtədə Azərbaycan Aİ üçün “alternativ mənbə” statusundan çıxaraq “strateji tərəfdaş” kateqoriyasına yüksəldi. TAP və Cənub Qaz Dəhlizi artıq sadəcə infrastruktur layihələri deyil, Avropanın siyasi manevr imkanlarını genişləndirən alətlərə çevrilib.

Avropa məmnun olsa da, Azərbaycan qazının Avstriya və Almaniya bazarlarına birbaşa çıxışı Moskva üçün iqtisadi deyil, geosiyasi siqnaldır. Cari tədarük həcmləri Rusiya qazının Avropadakı əvvəlki mövqeləri ilə müqayisə olunmayacaq qədər kiçik olsa da, Kremlin diqqətini çəkən əsas məqam həcmlər yox, prosesin istiqamətidir.

Rusiya ekspert mühitində səsləndirilən əsas arqument ondan ibarətdir ki, Azərbaycanın Avropaya qaz ixracı məhdud xarakter daşıyır və yeni ölkələrin siyahıya əlavə olunması faktiki olaraq mövcud həcmlərin yenidən bölüşdürülməsidir. Bu yanaşma Kremlin enerji diskursuna xas olan psixoloji mexanizmi əks etdirir: geoiqtisadi dəyişikliklərini texniki detallar səviyyəsinə endirmək.

Əslində isə Avropa bazarı üçün məsələ Azərbaycan qazının Rusiyanı fiziki olaraq əvəz edib-etməməsi deyil. Burada əsas məsələ enerji üzərində Rusiyanın siyasi nəzarət imkanlarının zəiflədilməsidir. Çünki hər yeni marşrut, hər yeni mənbə Moskvanın Avropa üzərindəki təsir alətlərini zəiflədir.

Rusiya uzun illər Avropa qaz bazarında təkcə tədarükçü deyil, həm də oyun qaydalarını müəyyən edən aktor idi. “Qazprom”un uzunmüddətli müqavilələri, tranzit üzərində nəzarət və qiymət mexanizmləri Moskvanın xarici siyasətinin ayrılmaz hissəsi olmuşdu.

Azərbaycan qazının Almaniya və Avstriyaya çatması bu modelin qəti şəkildə dağıldığını göstərir. Xüsusilə Almaniya kontekstində bu, simvolik məna daşıyır: Rusiya qazının Avropaya əsas giriş qapısı artıq alternativ mənbələr üzərində qurulur. Bu, Kremlin regional təsir dairəsinin daraldığını göstərir.

Kremlin narahatlığını artıran digər amil Azərbaycanın davranış modelidir. Bakı nə radikal ritorika aparır, nə də açıq qarşıdurmaya gedir. Əksinə, Azərbaycan sabit, proqnozlaşdırılan və texnokratik enerji tərəfdaşı obrazı yaradır. Avropa üçün bu model Rusiya ilə müqayisədə daha az riskli və daha idarəolunan görünür.

Bu, Moskvanın Avropa ilə enerji münasibətlərində istifadə etdiyi “təzyiq elementi”ni faktiki olaraq sıradan çıxarır. Azərbaycan qazı siyasi şərtlərlə deyil, kommersiya və təhlükəsizlik balansı ilə təqdim olunur.

Moskva üçün ən təhlükəli məqam Azərbaycanın yaratdığı presedentdir. Söhbət təkcə Bakıdan getmir. Cənub Qaz Dəhlizinin uğuru Orta Asiya və Şərqi Aralıq dənizi kimi digər alternativ marşrutların legitimliyini artırır. Bu isə Rusiyanın Avrasiya enerji xəritəsindəki mərkəzi rolunu sistemli şəkildə zəiflədir.

Bu kontekstdə Kremlin reaksiyası müdafiə xarakterlidir: Azərbaycan qazının “kiçik pay” təşkil etməsi tezisi səsləndirilir, lakin Avropa bazarının keyfiyyətcə dəyişdiyi faktı arxa plana keçirilir.

Rusiya üçün problem artıq qaz satışından əldə edilən gəlirlərin azalması deyil. Əsas itki enerji üzərindən siyasi təsir imkanlarının daralmasıdır. Avropa bazarının parçalanması və diversifikasiyası Kremlin xarici siyasətində mühüm alətin sıradan çıxması deməkdir.

Azərbaycan isə bu prosesdə qarşıdurma tərəfi kimi deyil, Avropa üçün riskləri azaldan tərəfdaşdır, Moskva üçün isə səssiz, lakin ardıcıl şəkildə təsir dairəsini daraldan aktordur.musavat.com

Məhz bu səbəbdən Azərbaycan qazının Avstriya və Almaniyaya çıxışı Kremlin diqqət mərkəzindədir — çünki bu, bir bazarın deyil, bir dövrün bağlandığını göstərir.

Oxşar xəbərlər