Almaniya hakimiyyəti İranda baş verən kütləvi etirazlar və zorakı basqılar fonunda Tehran rejiminə qarşı ən sərt siyasi mövqelərindən birini ortaya qoyub.Berlin rəsmi şəkildə bəyan edib: İran İslam Respublikası artıq legitimliyini tamamilə itirib.
Almaniya Xarici İşlər Nazirliyinin açıqlamasında vurğulanır ki, mövcud rejimin davranışları beynəlxalq hüquq və insan haqları prinsipləri ilə uzlaşmır və bu səbəbdən Almaniya bu rejimə qarşı əlində olan bütün siyasi, diplomatik və iqtisadi rıçaqları işə salacaq. Bu bəyanat Berlinin Tehranla münasibətlərdə “adi diplomatik mərhələni” geridə qoyduğunu açıq şəkildə göstərir.
Mövzu ilə bağlı Almaniya kansleri də son dərəcə diqqətçəkən açıqlama verib. Kanslerin sözlərinə görə, “İnanırıq ki, İran rejiminin son həftələrinə, bəlkə də artıq son günlərinə şahidlik edirik”. Bu ifadə Qərb paytaxtlarından səslənən ən açıq hakimiyyətin dağılması mesajlarından biri kimi qiymətləndirilir.
Almaniyanın bu mövqeyi təkcə ikitərəfli münasibətlərə deyil, Avropa İttifaqının bütövlükdə İran siyasətinə ciddi təsir göstərəcək. Berlinin sərt xətti digər Avropa ölkələrini də Tehrana qarşı koordinasiyalı və daha kəskin addımlar atmağa sövq edə bilər.