"Çin və İran raketlərinin sayını artırıb. Vaşinqton bundan çox narahatdır".Bu sözləri Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Vaşinqton xüsusilə Çinin nüvə arsenalını gücləndirməsindən narahatdır:
"ABŞ Müdafiə Nazirliyinin yayımladığı yeni hesabata görə, Çin Monqolustan sərhədinə yaxın ərazilərdə 100-dən çox qitələrarası ballistik raket yerləşdirib. Hesabatda Çinin bərk yanacaqlı DF-31 tipli qitələrarası ballistik raketləri aktivləşdirdiyi bildirilib. Hesabatda Çinin nüvə başlıqlarının indiki 600 səviyyəsindən 2030-cu ilə qədər 1000 döyüş başlığına qədər artıracağı proqnozlaşdırılıb.
Çin həmçinin kosmik raketlərinin sınaqlarını da artırıb. Ancaq Çinin təkrar istifadə etdiyi "Long March 12A" raketi ikinci bərpa cəhdi zamanı uğursuzluğa düçar olub. Dövlətə məxsus Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası uğursuzluğun səbəbini araşdırır. Təkrar istifadə edilə bilən raketlər buraxılış xərclərini azaltmaq və peyk yerləşdirmə səmərəliliyini artırmaq üçün əsas rol oynayır. Misal üçün, İlon Maskın "SpaceX" şirkəti "Falcon 9" raketləri ilə bu imkana yiyələnib. Çin də eyni üsuldan istifadə etməyə çalışır. Buna baxmayaraq, son illərdə onlarla peyk Yer kürəsinin aşağı orbitinə buraxılmasına baxmayaraq, Çin hələ də uğurlu təkrar istifadə edilə bilən raket enişinə nail ola bilməyib. Beləliklə, Çin raket istehsalında dünya lideri ABŞ-la rəqabət içindədir".
Politoloqun fikrincə, raket istehsalı sahəsində Çinlə əməkdaşlıq edən İran isə İsraillə 12 günlük müharibədən sonra ballistik raket istehsalını müharibədən əvvlki səviyyəyə çatdırmağa çalışır:
"Əgər İsrailin İrana qarşı müharibəsi bu ölkənin uranın zənginləşdirməsinə mane olmaq məqsədi daşıyırdısa, bu dəfə hədəf ballistik raket istehsalına mane olmaqdır. İsrailin baş naziri Benyamin Netanyahu İranın ballistik raket istehsalını ABŞ-a növbəti səfəri zamanı Ağ Ev sahibi Donald Trampla müzakirə edəcək. Netanyahu Trampı yenidən İrana zərbələr endirməyə inandırmağa çalışacaq. Tramp fərqli fikirdədir. O hesab edir ki, ABŞ-ın zərbələrindən sonra İranın yaxın illərdə uranı zəginləşdirmək potensialı yoxdur. Tramp administrasiyasını İranın ballistik raket proqramı narahat etmir. Buna görə də İsrail İrana qarşı növbəti həmlə planı hazırlayarsa, bunu təkbaşına reallaşdırmalı olacaq".