
Yenə də əlinə bir qələm alıb,
Xəyala dalıbsan yaralı könlüm.
Bütün dərd-qəmini içinə salıb,
Bulud tək dolubsan yaralı könlüm.
Qəm-qüssə gölündə sona tək üzüb,
Tənha şahin təki göylərdə süzüb,
Bütün ah-naləni misraya düzüb,
Bir bülbül olubsan yaralı könlüm.
Sahibsiz bağçanın, gülün dərdini,
Dağılan obanın, elin dərdini,
Titrəyən ürəyin, əlin dərdini,
Gözünə alıbsan yaralı könlüm.
Namərd dost əlindən sən zəhər içib,
Malından, mülkündən, pulundan keçib,
Öz doğma elindən yad elə köçüb,
Yeni yurd salıbsan yaralı könlüm.
Nə olsun Qaraxan haqqə bağıldı,
Taleyi acıldı, bəxti bağıldı,
Vətənə də gedən yollar bağıldı,
Qürbətdə qalmısan yaralı könlüm.