
Həsrətin acısı məni yandırır,
Atalı, analı ömrüm geri dön.
Ağır gəlir illər də bir-birindən,
Gözəl dövran, gözəl günüm geri dön.
Qürbətdə bir yetim qalıbdı ağlar,
Şairi qoynuna alıb yad dağlar,
Ayrılığın odu sinəmi dağlar,
Ətir saçan, solan gülüm geri dön.
Bağbansız bar verməz meyvəli bağlar,
Sahibsiz bağçada quşlar da çağlar,
Bizi gözləyirlər güllü yaylaqlar,
Pərən-pərən olan elim geri dön.
Baxıram güzgüyə üz də o üzdü,
Ürək də o ürək, göz də o gözdü,
Qaraxan verdiyi söz də o sözdü,
Küsən könlüm, şəva telim geri dön.