Qaraxan Əkbəroğlu

Qaraxan Əkbəroğlu GÖRDÜKLƏRİM YUXUYMUŞ

Çox görürəm doğma oba-elimi,
Atam qarşılayır, sıxır əlimi.
Anam sığallayır qara telimi,
Elə sanıram ağrı-acım yoxumuş,
Ayılıram, gördüklərim yuxuymuş.

Geniş evdə çox isti yuvamız var,
Yağıbsa da Qursalıya qışda qar.
Başıma toplaşıb bacı-qardaşlar,
Can deyənim həddindən də çoxumuş,
Ayılıram, gördüklərim yuxuymuş.

Babam yenə qalayıbdi ocağı,
Qaynar südün təzəcə çıxıb yağı.
Nənəm çəkib çörək üstə qaymağı,
Bir yaxmayla könlüm necə toxumuş,
Ayılıram, gördüklərim yuxuymuş.

Gendən gəzdir öz könlümün həmdəmi,
Dağlıb qəlbimin kədəri, qəmı.
Qaraxanın haqqı yazan qələmi,
Yaydan çıxan çox sürətli oxumuş,
Ayılıram, gördüklərim yuxuymuş.

Oxşar xəbərlər