Prezident rəsmi sənədlər imzalayıb - Yenilənib

Prezident rəsmi sənədlər imzalayıb - Yenilənib Prezident İlham Əliyev 25 dekabr 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan publik hüquqi şəxslərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi Qaydası”nda dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, dövlət sifarişi ilə təyinatlı tədbirlər publik hüquqi şəxsin tabe olduğu dövlət orqanının (qurumun) büdcədənkənar vəsaitləri hesabına həyata keçirilə bilər.

***

Prezident İlham Əliyev 5 iyun 2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edib.

Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvanda gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması üzrə əsas icraçıların siyahısına Dövlət Gömrük Komitəsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və "Azərbaycan Dəmir Yolları" QSC, müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması üzrə digər icraçıların siyahısına Dövlət Turizm Agentliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyi, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üzrə əsas icraçıların siyahısına muxtar respublikanın Nazirlər Kabineti ilə yanaşı AAYDA daxil edilib.

***

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrində kazino oyunları təşkil edəcək.

Prezident İlham Əliyev bununla bağlı Mülki, Cinayət, İnzibati Xətalar Məcəllələrinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.

Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, kazino oyunlarının təşkili və keçirilməsi ilə bağlı normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərini altı ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb.

Qeyd edək ki, 2024-cü il mayın 7-də “Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun qəbul edilib.

Tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyən həmin qanun süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edib.

Qanun süni torpaq sahələrində sahibkarlıq fəaliyyətinin tənzimlənməsini, o cümlədən süni torpaq sahələrində kazino oyunlarının keçirilməsinin hüquqi və təşkilati əsaslarını müəyyən edilməsini nəzərdə tutur.

Oxşar xəbərlər