
ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına əsasən, ötən il Hörmüz boğazından gündəlik orta hesabla 21 milyon barel xam neft və kondensat daşınıb. Bu nun 83 faizi Asiya bazarlarına yönəlib. Əsas istehlakçılar arasında Çin, Hindistan, Yaponiya və Cənubi Koreya yer alır.
Hətta ABŞ da bu marşrutla gündəlik təxminən 500 min barel neft idxal edib. Bu ABŞ-ın xam neft və kondensat idxalının 8 faizini və ümumi neft məhsulları istehlakının 2 faizini təşkil edir. Yəni Hörmüz ABŞ üçün belə əhəmiyyətini saxlayır.
İran indiyədək dəfələrlə Hörmüz boğazını bağlamaqla hədələyib, lakin bunu tam həyata keçirməyib. Ekspertlər bildirirlər ki, boğazın bağlanması ehtimalı hələ də aşağıdır. Əgər bu baş verərsə neft qiymətlərində kəskin artım müşahidə oluna bilər. Uzunmüddətli bağlanma isə qlobal enerji sistemini iflic edə bilər.
Hazırda yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını keçmədən alternativ boru kəmərləri ilə neft nəql edə bilirlər. Bu isə regionun digər ölkələrinin asılılığını daha da artırır.
Dünyada Hörmüz boğazı qədər önəm daşıyan azsaylı su yolları var. Onlardan ən böyüyü Malakka boğazıdır. Boğaz Malay yarımadasını Sumatra adasından ayırır, Hind okeanı ilə Sakit okeanı birləşdirir. Bu boğazdan gündə 23,7 milyon barel neft daşınır. Bu Asiyada əsas enerji keçididir.
Digər mühüm yollar sırasına Süveyş kanalı, SUMED boru kəməri və Bab əl-Məndəb boğazı aiddir. Bu marşrutlar əsasən Fars körfəzi enerji məhsullarının Avropa və Şimali Amerikaya daşınmasında mühüm rol oynayır. Süveyş və SUMED Misir ərazisində yerləşir və Qırmızı dənizlə Aralıq dənizini birləşdirir. Bab əl-Məndəb isə Afrika ilə Yaxın Şərqi ayırır və Qırmızı dənizi Ədən körfəzinə və daha sonra Hind okeanına bağlayır.
Hörmüz boğazında mümkün hərbi və ya siyasi risklər təkcə regionu deyil, bütün dünyanı silkələyə bilər. Neft və qazın bu qədər kritik dəniz yollarından asılı olması enerji təhlükəsizliyi anlayışına yeni baxış tələb edir. Alternativ infrastruktur, strateji ehtiyatlar və regional əməkdaşlıq bu riskləri azaltmaq üçün əsas vasitələr olacaq.(modern.az)