
"Yeni Müsavat xəbər verir ki. Cənubi Qafqaz uğrunda mübarizə artıq amansız xarakter daşıyır. Üstəlik, Zəngəzur dəhlizinin açılması ilə bağlı proses bu mübarizədə yenidən kəskin ziddiyyətlərə yol açmağa başlayıb. Hətta son vaxtlar bu dəhlizə münasibətdə maraqlı dövlətlər öz mövqelərinə yenidən baxmağa üstünlük verirlər. Xüsusilə də, Rusiyanın Cənubi Qafqazda yenidən fəallaşmağa cəhd göstərməsi mövcud situasiyanı da qəlizləşdirir. Və bu baxımdan, Kremlin təhdidkar davranışlarının Zəngəzur dəhlizinin açılması ilə bağlı prosesə də təsir göstərə biləcəyi qətiyyən istisna deyil.
Onu da qeyd etmək lazmdır ki, Zəngəzur dəhlizinin ideya müəllifi məhz Azərbaycan dövlətidir. Rəsmi Bakı bu dəhlizin açılmasının vacibliyini və qaçılmazlığını həm Ermənistana, həm də beynəlxalq siyasi-iqtisadi iradə mərkəzlərinə qəbul etdirib. Rəsmi İrəvan əslində, bu dəhlizin açılmazına qarşı çıxmır. Ancaq Paşinyan hakimiyyəti bu dəhlizin Ermənistanın nəzarətində fəaliyyət göstərən və Azərbaycanın materik hissəsi ilə Naxçıvanı birləşdirən marşrut statusunda olmasında israr edir. Və məhz bu məsələdə Azərbaycanla Ermənistan arasında kəskin ziddiyyətlər mövcuddur.
Məsələ ondadır ki, rəsmi Bakı Zəngəzur dəhlizinin Azərbaycandan-Azərbaycana prinsipi üzrə Ermənistanın nəzarətindən kənar fəaliyyətində maraqlıdır. Bu məsələdə Azərbaycanın maraqları yalnız Ermənistan deyil, Rusiya və İranla da toqquşur. Belə ki, İran Zəngəzur dəhlizinin ümumiyyətlə, reallaşmasını istəmir, bu strateji layihəyə kəskin şəkildə müqavimət göstərir. Və rəsmi Tehran Zəngəzur dəhlizinə alternativ olaraq, İrandan Naxçıvana marşrutun açılmasını təklif edir.
Maraqlıdır ki, son vaxtlara qədər Rusiya Zəngəzur dəhlinin açılmasının əsas tərəfdarları sırasında yer alırdı. Hətta Kreml rəsmi İrəvanı Zəngəzur dəhlzi ilə bağlı anlaşmaya riayət etməməkdə suçlayırdı. Rusiya rəsmi İrəvana məyyən təzyiqlərlə bu dəhlizin mümkün qədər tez açılmasına çalışırdı. Kremlin bu davranışlarının arxasında birmənalı şəkildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli anlaşma dayanırdı. Və Rusiya Zəngəzur dəhlizi ilə bağlı bütün iddialarında məhz həmin sənədə istinad edirdi.
Ancaq üçtərəfli anlaşma əslində, de-fakto hüquqi qüvvəsini itirib. Belə ki, Rusiya sülhməramlı qüvvələri ilə bağlı müddəa həmin sənədin əsas imzalanma səbəbləri sırasında yer alırdı. Rusiya sülhməramlı qüvvələri artıq Azərbaycan ərazisindən çıxarılıb. Üstəlik, tərəflərdən – Azərbaycan və Ermənistandan hər hansı biri müqavilənin imzalanmasından sonrakı beş ilin sona çatmasına altı ay qalmış Rusiya sülhməramlı qüvvələrinin səlahiyyət müddətinin artırılması üçün müraciət etməzsə, həm həmin maddə, həm də ümumiyyətlə, üçtərəfli anlaşma de-yure qüvvədən düşmüş olacaq. Və Kremlə olmayan rus sülhməramlılar üçün belə bir müraciətin göndərilməyəcəyi isə qətiyyən şübhə doğurmur.
Yəni, üçtərəfli anlaşma sadəcə, öz önəmini itirərək, kağız parçasına çevrilmək üzrədir. Kremli narahat edən əsas məsələ də məhz budur. Çünki üçtərəfli anlaşmanın 9-cu bəndinə əsasən, Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunlarının nəzarət etməsi nəzərdə tutulub. Ona görə də, Kreml bu dəhlizin mümkün qədər tez bir zamanda açılması üçün rəsmi İrəvana təzyiq göstərməyə çalışırdı. Və Ukraynada “savaş bataqlığı”na düşmüş Rusiyanın həmin təzyiqləri Kremli məmnun edə biləcək geopolitik effektdən uzaq qalmışdı.
İndisə, Paşinyan hakimiyyətinin Rusiya üçün önəm daşıyan bəndlərini yerinə yetirməkdən imtina etdiyi üçtərəfli anlaşma ümumiyyətlə, öz əhəmiyyətini itirmək ərəfəsindədir. Ona görə də, Kreml artıq tez-tələsik Zəngəzur dəhlizinə yönəlik mövqeyini dəyişməyə başlayıb. Çünki bu dəhlizə Rusiyanın nəzarət edə bilməyəcəyi qətiyyən şübhə doğurmur. Halbuki, buna nail olsaydı, Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün olduqca ciddi geostrateji mexanizm qazana biləcəkdi.
Kremldə artıq onu da anlayırlar ki, Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsi yalnız Azərbaycan və Ermənistanın deyil, həm də Qərb siyasi dairələrinin də maraqlarına qətiyyən cavab vermir. Ona görə də, indi Kreml Zəngəzur dəhlizi layihəsini bloklamaq niyyətinə düşüb. Üstəlik, Rusiya bu məsələdə məhz İranla ortaq mövqedən çıxış edir. Belə ki, Rusiya siyasi dairələri israrla “Zəngəzur dəhlizi aktuallığını itirib” iddiasını təbliğ edirlər. Bu absurd yanaşmanı Zəngəzur dəhlizinin açılmasında maraqlı olanlara qəbul etdirməyə çalışırlar. Və üstəlik, bunu ilk növbədə məhz İranın Azərbaycana öz ərazisindən Naxçıvana martşrut təklif etməsilə arqumentləşdirməyə cəhd göstərir.
Halbuki, Kremlin Zəngəzur dəhlizi əleyhinə mövqeyi tamamilə əsassızdır. Birincisi, bu dəhliz Rusiya ərazisi ilə kəsişmir və onun müəlliflik hüququ Kremlə aid deyil. Yəni, Rusiyanın bu məsələyə qarışması üçün heç bir hüquqi və siyasi faktorlar yoxdur. Hər halda, indi Zəngəzur dəhlizinin açılıb-açılmayacağı barədə məhz Azərbaycan və Ermənistan qərar verməlidir. Bəzi məlumatlara görə, rəsmi Bakı və Paşinyan hakimiyyəti bu məsələni yekun sülh sazişinin mətnindən çıxararaq, ayrıca müzakirə mövzuna çeviriblər. Və böyük ehtimalla yekun sülh sazişi imzalandıqdan dərhal sonra tərəflər bu mövzuya qayıdacaqlar.
Digər tərəfdən, Azərbaycan-Türkiyə İttifaqı ilə yanaşı, Qərb siyasi dairələri və Asiya ölkələri də yaxın gələcəkdə Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Çünki bu dəhliz həm Türk dünyasını, həm də Avropa və Asiyanı birləşdirəcək Orta Dəhlizin əsas strateji tərkib hissəsidir. Yəni, Rusiyanın nəzarət etməyəcəyi üçün Kremlin Zəngəzur dəhlizini bloklamağa çalışması bu layihənin reallaşmasının qarşısını ala bilməz. Və bu baxımdan, yaxın gələcəkdə Rusiya yalnız Zəngəzur dəhlizi ilə bağlı planlarının iflasa uğraması ilə deyil, həm də ümumiyyətlə, Cənubi Qafqazdan kənarda qalması ilə də barışmalı olacaq.