Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycana müxtəlif silahlar tədarük edir

Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycana müxtəlif silahlar tədarük edir
Belarus Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələr 11 iyun 1993-cü il tarixində qurulmuşdur. İkitərəfli əlaqələr əsasən prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılmışdır. 14 aprel 2021-ci il tarixində prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri çərçivəsində Belarus və Azərbaycan arasında bir sıra sənədlər imzalamışdı. İmzalanmış sənədlər arasında ən vacib sənədlərdən biri “energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” olmuşdur.
İkitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir, hərbi sahədə Azərbaycanla sıx əməkdaşlıq edir və Azərbaycana müxtəlif silahlar tədarük edir. Bu kontekstdə rəsmi Minsk ölkəmizin Hərbi Hava Qüvvələrinin arsenalında olan “S-125 Peçora” və “Osa” tipli zenit raket komplekslərinin modernləşdirilməsində aktiv rol oynayıb. BMT-nin Adi Silahlar Registrinə (United Nations Register of Conventional Arms) istinadən Azərbaycan Belarusdan 153 ədəd T-72 tankı, 60 ədəd BTR-70, 158 ədəd haubitsa və 11 ədəd SU-25 döyüş təyyarəsi almışdır. Xatırlatmaq yerinə düşər ki, Rusiya istehsalı olan İskəndər taktiki ballistik raket sistemlərinin Ermənistan tərəfindən əldə edilməsindən və bu sistemlərin 2016-cı ildə keçirilən hərbi paradda nümayiş olunmasından sonra, Azərbaycan regionda hərbi balansı qorumaq məqsədi ilə Belarusdan “Polonez” əməliyyat-taktiki raket kompleksi almışdır. Vurğulamaq lazımdır ki, Rusiya-Belarus arasında baş vermiş enerji böhranı nəticəsində rəsmi Minsk Azərbaycanla daha sıx əməkdaşlıq etməyə maraq göstərmişdir. Rəsmi Moskva Belarus Respublikası üçün ən böyük investordur və ölkənin enerji bazarına nəzər salsaq görərik ki, Belarus Respublikası enerji idxalından çox asılıdır. Bu kontekstdə Rusiya (80%) ilk yeri tutur. Xam Neftdən alınan məhsullarının satışı isə ölkə iqtisadiyyatı üçün olduqca vacibdir və ölkənin xarici ticarətinin 40-45%-ı təşkil edir. Rusiya ilə həm Gömrük İttifaqında, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT), həm də Müstəqil Dövlətlər Birliyində (MDB) strateji tərəfdaş olan rəsmi Minsk iqtisadi və siyasi cəhətdən Rusiyadan çox asılıdır. Son illər ərzində Belarus-Azərbaycan ikitərəfli əlaqələri daha da inkişaf etməyə başlamışdı. 2020-ci ildə Azərbaycan-Belarus arasında ticarət dövriyyəsi 447,1 milyon dollar olmuşdur. Belarus post-sovet ölkələri arasında Azərbaycanın dördüncü ən böyük xarici ticarət partnyorudur.




Siyasi sahədə rəsmi Bakı və Minsk ikitərəfli əlaqələrini inkişaf etdirmiş və Belarus Respublikası həm Müstəqil Dövlətlər Birliyində (MDB), həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) Azərbaycanın maraqlarına zidd addım atmamışdı. Rəsmi Minsk hər zaman KTMT çərçivəsində Belarus hərbiçilərinin olası münaqişə zonasına göndərilməsi fikrini bir mənalı şəkildə dəstəkləməmişdir. Bundan başqa, Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş ərazilərinə qanunsuz şəkildə səfər edən bloqqer Aleksandr Lapşinin Minskdə saxlanılması və Azərbaycana ekstradisiya edilməsi, siyasi sahədə əlaqələrin yüksək səviyyədə olmasının göstəricisi olmuşdur. Xüsusilə, vurğulamaq lazımdır ki, rəsmi Minskin Rusiyanın “Qazprom” şirkətinə olan borcunu qaytarmaq üçün Azərbaycandan 200 milyon dollar borc pul alması, prezident İlham Əliyev və Aleksandr Lukaşenko arasında dostluq münasibətlərinin daha da artmasına zəmin yaratmışdır. Hətta bu məqamı Belarus prezidenti Aleksandr Lukaşenko xarici mətbuat orqanlarına verdiyi müsahibəsində də xüsusilə vurğulamışdır. Enerji sahəsində iki ölkənin əməkdaşlığına toxunaraq, qeyd etməliyik ki, Rusiya-Belarus arasında yenidən yaranmış enerji böhranı ( Rusiya qanunvericiliyinə neft sənayesi ilə bağlı “vergi manevri” adlanan dəyişikliyin tətbiq edilməsi) nəticəsində, rəsmi Minsk xam neft idxalının diversifikasiya prosesini daha da sürətlənirdi. Xatırlatmaq yerinə düşər ki, Belarus Azərbaycandan 2011-ci ildə təqribən bir milyon tona yaxın və 2016-cı ildə isə 560 min ton xam neft idxal etmişdir. Ötən il ərzində isə Belarusa neft ixracı 1 milyon tona bərabər olmuşdur. Görünən odur ki, Azərbaycan xam neftinin Belarusa ixracı hər iki ölkə üçün maraq doğurur. Azərbaycanın əsas xam neft brendi olan “Azeri Light” markalı neft emal prosesi üçün əlverişlidir və bu markadan alınan neft məhsulları yüksək keyfiyyətə malikdirlər.
İki ölkə arasında münasibətlər dahada inkişaf edir və Belarus şirkətlərinin gələcəkdə Qarabağ və Şərqi Zəngəzurda gedən quruculuq işlərində aktiv iştirakı gözlənilir.


Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə


Oxşar xəbərlər