
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycanı Ukraynanın birmənalı şəkildə yanında dayanıb Rusiyaya qarşı müharibəyə səsləyənlər bu mənzərəni görsünlər və düşünsünlər. Ekspert deyib ki, AŞPA-dakı məlum səsvermədə Ukrayna nümayəndə heyəti üçün heç bir təhlükə yox idi:
"Nədən bu cür mövqe tutublar, o aydındır. Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyinə namizəd statusu alıblar və ona görə də onların dediyi hər şeyi etməyə çalışırlar. Yoxsa Azərbaycanın nümayəndə heyətinin səlahiyyətinin təsdiq olunmaması onlara nə verir ki?! Qətnamənin əleyhinə səs versəydilər, heç nə itirməzdilər. Ukrayna müharibəsində Azərbaycan Kiyevə hər cür dəstək verib və dəfələrlə Rusiya buna etirazını bildirib. Moskva deyir ki, "biz Ukraynanın elektrik enerjisinin təchizat strukturunu sıradan çıxarırıq, Azərbaycan isə elektrik qurğuları verir". Buna rəğmən, Ukraynaya hərtərəfli yardım etmişik, mövqeyini, ərazi bütövlüyünü dəstəkləmişik. Düzdür, bəzi məsələlərdə reallıqları nəzərə alaraq addım atmışıq. Məsələn, Krım platformasında iştirak etmədik. Birbaşa Rusiya əleyhinə Ukrayna tərəfindən hazırlanmış qətnamə layihələrinə dəstək verməmişik. Ukraynanın ərazi bütövlüyünə tam dəstək ifadə etmişik, amma bəzən bizi qonşu Rusiya ilə qarşı-qarşıya gəlməyə sövq etmək, qarşıdurma müstəvisinə daşımaq istəyiblər. Biz buna qarşı çıxmışıq. Xatırlayırsınızsa, Ukrayna səfiri Ermənistanın hazırladığı "humanitar yardım" şousunda iştirak etmişdi. Ancaq yardımları davam etdirdik və bundan sonra da davam etdiriləcək. Amma düşünməliyik ki, heç bir təhlükə olmadığı halda Ukrayna, Gürcüstan və Moldova niyə belə mövqe tutdular. Bəlkə də müəyyən məqamlarda adekvat cavab verilməlidir ki, həlledici məqamlarda "neytral" mövqe tutmaq olmaz".