ABŞ və Fransa İrəvanla hərbi sazişə hazırlaşır - Koribko

ABŞ və Fransa İrəvanla hərbi sazişə hazırlaşır - Koribko Rusiya rəsmi olaraq Ermənistan qarşısında müdafiə öhdəliklərini özündə saxlayır və çətin ki, Moskva İrəvanı KTMT-dən qovsun. Moskvanın maraqları ondan ibarətdir ki, İrəvanı bu addımı yenidən nəzərdən keçirməyə inandırsın. Yəqin ki, Rusiyanın “azğın tərəfdaşı” hazırda NATO-ya üzv olmaq yolunda ilk addım kimi Fransa və ABŞ-la ikitərəfli təhlükəsizlik paktları imzalamaq üçün danışıqlar aparır.

Bu sözləri Axar.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin Strateji Araşdırmalar və Proqnozlar İnstitutunun üzvü, amerikalı siyasi ekspert Endryu Koribko deyib.

Ekspertin sözlərinə görə, Qərb 2020-ci ildən etibarən Paşinyanı Rusiyadan uzaqlaşmağa çalışır:

“Paşinyan ötən həftə “Frans 24” telekanalına müsahibəsində Rusiyanın rəhbərlik etdiyi KTMT-də İrəvanın iştirakını dondurduqlarını və qarşıda atılacaq addımlara qərar vermək üçün bundan sonra baş verəcək prosesləri izləyəcəklərini deyib. Bundan sonra Paşinyan dərhal Rusiyanın Gümrüdəki bazasının bağlanması ilə əlaqədar müzakirə aparılmadığını və bu sahədə fəaliyyətin başqa bir müqavilə çərçivəsində tənzimləndiyini vurğuladı. Proseslərin belə inkişafı onun antirusiya platformasından hakimiyyətə gəlməsindən sonra proqnozlaşdırıla bilən idi. O, bu mövqeyini 2020-ci il müharibəsindən sonra daha da gücləndirdi. Fransa və ABŞ o vaxtdan bəri onu Rusiyanın rəhbərlik etdiyi təhlükəsizlik blokundan çıxmağa təşviq etməyə çalışır. Paşinyan isə Azərbaycan ötən ilin sentyabrında bir günlük antiterror tədbirləri ilə işğal altındakı torpaqlarının geridə qalan hissəsini azad etdikdən sonra Rusiyaya qarşı ritorikasını daha da gücləndirib”.

Koribko bildirib ki, Ermənistan indi geostrateji baxımdan boz zonadadır, çünki Azərbaycan və ya Türkiyənin “hücum”una yol açacağı narahatlığına görə KTMT-dən hələ çıxmayıb:

“Lakin faktiki olaraq rəsmi İrəvan artıq KTMT-də iştirak etmir. Bütün hallarda Paşinyanın spekulyativ səyləri Fransa, ABŞ və s. dövlətlərin qoşunlarının ölkəyə dəvət edilməsi ilə nəticələnə bilər. Əlbəttə, Ermənistan ərazisində bəhs etdiyimiz ölkələrin qoşunlarının yerləşdirilməsi KTMT-nin şərtlərinin pozulması deməkdir. Nə Rusiya, nə də digər üzvlərin buna razı olması mümkündür. Bununla belə, Ermənistan artıq AB-nin müşahidə missiyasına ev sahibliyi edir və Moskva İrəvanı şərtləri pozduğuna görə KTMT-dən çıxarmaqla hədələmədi. Odur ki, daimi mövcudluq ssenarisi gerçəkləşdirmək və Rusiyanı tələyə çəkmək üçün xarici qoşunların müvəqqəti şəkildə yerləşdirilməsi də mümkündür. NATO-ya üzvlüyün ərəfəsində olan İsveç ötən il ABŞ-la ölkədəki bütün hərbi bazalara çıxış imkanı verəcək hərbi əməkdaşlıq sazişi imzalayıb. Fikrimcə, ABŞ və ya Fransa, yaxud hər ikisi birlikdə bu ilin sonunadək Ermənistanla da ordu və hərbi texnika göndərməyə imkan verən bənzər təhlükəsizlik müqaviləsi imzalaya bilər. Məqsəd isə Ermənistanın KTMT-dən çıxması real olduğu təqdirdə onu Türkiyə və ya Azərbaycandan, əslində isə Rusiyadan qorumaqdır. Hadisələrin inkişafı Ermənistanın təşkilatdan çıxmasının qaçılmaz olduğunu göstərir.

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana öz milli təhlükəsizliyini NATO-ya təhvil verməmək , bloka Rusiya qədər etibar etməyin qeyri-mümkünlüyü barədə xəbərdarlıq edib. Lakin Paşinyan başqa cür düşünməyə inandırılıb ki, bu da onun geostrateji dönüşə başlamasının əsasını təşkil edir. Əgər NATO Ukraynadan Rusiyaya qarşı istifadə etdiyi kimi, fərqli formalarda Ermənistandan Azərbaycan və ya Türkiyədə sabitliyi pozmaq üçün istifadə edərsə, onda Bakı ilə Ankara təhdidlərə son qoymaq üçün İrəvana qarşı öz xüsusi əməliyyatını keçirə bilər”.

Oxşar xəbərlər