Orduda xidmətlə bağlı vacib açıqlama: Bundan sonra...

Orduda xidmətlə bağlı vacib açıqlama: Bundan sonra... Ehtiyatda olan polkovnik Şair Ramaldanov Prezident İlham Əliyevin 3 yeni hərbi kollecin yaradılması barədə fərmanından sonra Azərbaycanın tədricən müqavilə əsaslı ordu quruculuğuna keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.

O, Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanda 3 kollecin yaradılması ilə bağlı qərar zərurətdən irəli gələn məsələdir:

“Bu kolleclər daha çox komando və xüsusi təyinatlı hərbi mütəxəssislərin peşə hazırlığı ilə məşğul olacaq. Təbii ki, istər komando, istərsə də xüsusi təyinatlılarda yüksək peşə hazırlığı olan, ixtisaslaşmış hərbçilər müqavilə əsasında xidmət etməlidirlər. Sənəddə müəyyən şərtlər öz əksini tapıb. Biz bu istiqaməti çoxdan, hələ Vətən müharibəsinə qədər götürmüşük. Azərbaycanda əsas döyüş qabiliyyətini təyin edən ixtisaslar müqavilə əsasında xidmət edir. Azərbaycan Ordusunun, təxminən, 70%-ə yaxını məhz müqavilə əsasında xidmət edən peşəkarlardır. Vətən müharibəsindən sonra xüsusi təyinatlıların hazırlıq səviyyəsinin daha da yüksəldilməsi məqsədilə hərbi hissələrin sayı artırıldı, yeni komando hərbi hissələri yaradıldı. İndi də həmin prosesin davamı Azərbaycanda hərbi kolleclərin yaradılması ilə nəticələndi. Azərbaycan Ordusu peşəkar Ordu sayıla bilər. Müqavilə əsasında xidmət etməyə qərar verən vətəndaşlar müqavilənin şərtləri ilə tanış olurlar, şərtlər uyğun gəlirsə, qəbul və buraxılış zamanı lazım olan tələblərə cavab verə, müsahibədən keçə bilirlərsə, həmin peşə istiqamətində hazırlıq keçirlər. Sonda sertifikat alırlar. Bir müqavilənin müddəti bitəndə yeni müqavilə bağlanır. Müqavilənin müddətinin uzadılması isə hərbi hissə komandanlığının razılığı, müqaviləni uzatmaq istəyənin müraciəti əsasında mümkündür. Müqavilənin vaxtından əvvəl ləğv edilməsi kimi hallar da var. Bütün bunlar müqavilə ilə tanış olanda sənəddə qeyd edilir. Bu gün Azərbaycanda müqavilə ilə hərbi xidmət edənlərin, o cümlədən müddətli hərbi xidmətdən sonra, yəni ordudan təxris olunandan sonra müqavilə əsasında xidmət etmək üçün müraciət edənlərin sayı yetərincə çoxdur. Düşünürəm, bu da gələcək üçün çox yaxşı potensialdır. Bunu əsas döyüş qabiliyyətlərinə malik, peşəkar hərbçilərin nisbətən böyük peşəkarlıq tələb etməyən hərbi vəzifələrdə müddətli hərbi xidmətinin davamı kimi qəbul etmək lazımdır. Çünki hərbi xidmətin gənclərin müəyyən xüsusiyyətlərinin formalaşmasında rolu danılmazdır. Gələcəkdə hərbi vəzifəlilər olaraq səfərbərliklə gələ biləcək heyət artıq “ordu xidməti nə deməkdir” biləcəklər. Xidməti görmüş, səfərbərliklə gələn hərbi vəzifəlilərin hazırlıq səviyyəsi, onların təyinatı üzrə gələcəkdə məqsədyönlü istifadəsi, müharibə zamanı sıraya salınmaları zamanı bu faktorlar böyük rol oynayır. Azərbaycan qarşıda qoyulan tapşırıqlara, məqsədlərə, hədəflərə uyğun öz ordusunu qurur və bundan sonra da təhlillər apararaq ordunun inkişafını təmin edəcək”.

Oxşar xəbərlər