
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a açıqlamasında deyib ki, bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir. Ekspert xatırladıb ki, Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahlandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi:
"“Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və "Mistral" zenit-raket komplekslərinin tədarükü “müdafiə” adı altında həyata keçirildi. Hərçənd bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi var idi. Çünki Bakının Qarabağda erməni separatizmini ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də, sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı yoxdur. Bu iddiaların hədəfi bəllidir. Məqsəd Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması və Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq cəhdidir. Fransanın Ermənistana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir".
Politoloq Elxan Şahinoğlu isə yeni zirehli texnika və zenit-raket komplekslərinin Ermənistana hansı yolla çatdırılacağından söz açıb:
"Görəsən, Tbilisi bu dəfə də həmin hərbi texnikanın Gürcüstan ərazisindən Ermənistana çatdırılmasına şərait yaradacaq? Gürcü rəsmilər bununla bağlı açıqlamalarında beynəlxalq hüquqa zidd addım atmadıqlarına işarə ediblər. Orası elədir, ancaq ortada Azərbaycanla strateji tərəfdaşlıq var. Gürcüstanda bilməlidirlər ki, Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq. Aydındır ki, Fransa Gürcüstana təzyiq edir, ancaq Tbilisinin Azərbaycanla strateji tərəfdaşlığa uyğun fərqli seçim imkanı da var. Gürcüstanı enerji və kreditlərlə təmin edən Azərbaycandır. Gürcüstan müdafiə naziri bugünlərdə Bakıda idi, azərbaycanlı və türkiyəli həmkarıyla üçtərəfli müzakirələr apardı. Yəqin bu görüş və müzakirələrdə gürcü nazirə mövcud reallıqlar izah edilib".