
DİA.AZ-ın xəbərinə görə, sülh müqaviləsinin bağlanma ehtimalından "Sherg.az"a danışan millət vəkili Hikmət Babaoğlu deyib ki, ilin sonuna qədər Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını proqnozlaşdırmaq bir qədər çətindir və çoxlu tərəddüdlər var. Deputat vurğulayıb ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağını deyir. 3 baza prinsipinin Azərbaycan tərəfi ilə razılaşdırıldığını iddia edir:
"Amma digər tərəfdən Ermənistanın büdcəsinin müzakirəsi zamanı büdcəyə hərbi xərclər üçün əlavə 750 milyon dollar ayırır. Bu isə 2018-ci il büdcəsi ilə müqayisədə Ermənistanın hərbi büdcəsinin 125 faiz artması deməkdir. Eyni zamanda Ermənistanın müvafiq qurumlarının rəhbərləri ayrı-ayrı ölkələrdən silahların alınması üçün müqavilələr imzalayırlar. Fransa ilə imzalanan müqavilə, Hindistandan fasiləsiz olaraq İran üzərindən Ermənistana silahların gətirilməsi və hərbi büdcənin artırılması heç də sülhpərvər davranış deyil. O baxımdan ilin sonuna qədər sülh müqaviləsinin imzalanması bütün bu çağırışlara baxmayaraq, çox çətin görünür".
Parlament üzvü diqqətə çatdırıb ki, Ermənistan sülh istəmir: "Azərbaycanın bütün cəhdlərinə baxmayaraq, Ermənistan hələ də öhdəliklərini yerinə yetirmir. 8 kəndimizi hələ də işğal altında saxlayır. Eyni zamanda kommunikasiyaların açılması üçün real addımlar atmır. Nəticədə sülh müqaviləsinin imzalanması ilə bağlı çoxsaylı tərəddüdlər ortaya çıxır. Şübhəsiz ki, sülh müqaviləsinin tez zamanda imzalanması regionun ümumi inteqrasiyası və rifahı üçün yaxşı bir fürsət olardı".