29 il öncə çoxlarının qeyri-real, xəyal kimi qəbul etdiyi bu layihə artıq əzəmətli bir gerçəklikdir

29 il öncə çoxlarının qeyri-real, xəyal kimi qəbul etdiyi bu layihə artıq əzəmətli bir gerçəklikdir
Ümummilli lider Heydər Əliyevin xalqın iradəsi və çağırışı ilə 1993-cü ildə hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən dahi rəhbər ölkənin iqtisadi yüksəlişi üçün də təcili tədbirlər görməyə başladı. İttifaq səviyyəsində mövcud olan iqtisadi əlaqələr dağıldıqdan sonra milli iqtisadiyyatın dirçəldilməsi üçün ölkənin təbii resurslarından istifadə edilməsi və yerli məhsulların xarici bazarlara çıxışının təmin edilməsi mühüm əhəmiyyət kəsb edirdi. Bütün bu işlərin əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltmək, dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmaq və doğma Azərbaycan dövlətini dünyəvi bir dövlətə çevirməkdən ibarət idi. Bütün bu işlərin əsas məqsədi SSRİ-nin süqutundan sonra iflic vəziyyətə düşmüş Azərbaycan iqtisadiyyatını dirçəltmək, dünya iqtisadiyyatına daha geniş inteqrasiya etməklə beynəlxalq aləmdə ölkənin nüfuzunu artırmaq və doğma Azərbaycan dövlətini dünyəvi bir dövlətə çevirməkdən ibarət idi. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək: “Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər – təkcə neft sahəsində deyil, Azərbaycanın iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır”.
20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalanmışdır ki, bununla da “Yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Bu müqavilələr Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü il tarixdə qüvvəyə mindi. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan və sonradan “Əsrin müqaviləsi” adlandırılan bu iri layihə üzrə ilkin neft 12 noyabr 1997-ci ildə hasil edilməyə başlandı.
29 il öncə çoxlarının qeyri-real, xəyal kimi qəbul etdiyi bu layihə artıq əzəmətli bir gerçəklikdir. “Əsrin müqaviləsi”nin 10-cu ildönümündə ölkə başçısı cənab İlham Əliyevin səsləndirdiyi bir fikri yada salmaq yerinə düşərdi: “Əsrin müqaviləsi” imzalanarkən bəziləri bunun uğuruna inanmırdı və hesab edirdilər ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda, siyasi və geosiyasi məsələlər öz həllini tapmalı idi. Heydər Əliyevin neft strategiyası və Heydər Əliyev diplomatiyası bunların həllini təmin etdi”.
Cari ilin 31 may tarixində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışındakı çıxışında isə Prezident İlham Əliyev o günləri belə xatırlayıb: “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi. Ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar sərmayəçiləri bir növ qorxudurdu. Bizim neft kəmərlərimiz yox idi, infrastrukturumuz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Ona görə də bir çox səylər tələb edildi ki, biz tərəfdaşlarımızı buraya dəvət edə bilək”.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən irimiqyaslı islahatlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən qərarlar, reallaşan dövlət proqramları sayəsində Azərbaycan iqtisadi artım göstəriciləri ilə dünyanın lider dövlətləri sırasındadır. Bu gün ölkəmiz nəinki Qafqazda, həm də bütün bölgədə söz sahibidir. Azərbaycanın iştirakı olmadan bölgədə qlobal layihələrin həyata keçirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikasının coğrafi mövqeyindən irəli gələn bu imkanları ölkədə həyata keçirilən uğurlu iqtisadi islahatlar daha da artırır. Aparılan islahatlar nəticəsində son illər Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə artmışdır.
“Əsrin müqaviləsi” Azərbaycanın uzunmüddətli inkişafına əsaslı zəmin yaradıb. 29 il əvvəl dünya geosiyasi məkanında “Əsrin müqaviləsi” ilə uğurlu və olduqca mühüm bir tarixi başlanğıca imza atan Azərbaycanın həyata keçirdiyi milli enerji siyasəti, enerji diplomatiyası, ilk növbədə, respublikamızın təhlükəsizliyini təmin edib, çoxşaxəli enerji marşrutları sisteminin yaradılmasına əlverişli zəmin yaradıb, dünyanın enerji xəritəsini dəyişib. Müstəqil Azərbaycanın Qərb şirkətləri ilə ilk neft müqaviləsini imzalamasından sonra region və dünya dövlətləri üçün çox strateji əhəmiyyətə malik layihələrin həyata keçirilməsi üçün açıq qapı yarandı. Bu sazişin imzalanması Azərbaycan və dünya üçün çox strateji əhəmiyyət daşıyan layihələrin həyata keçirilməsində əsas rol oynadı. 2011-ci ildə Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun respublikamıza səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığına - “Cənub” qaz dəhlizinə dair memorandumun, 2012-ci ildə Türkiyə ilə Azərbaycan arasında Trans-Anadolu boru kəməri - TANAP-a dair tarixi sazişin, 2013-cü ilin iyul ayında Trans-Adriatik boru kəməri (TAP ) layihəsi ilə bağlı Qərb şirkətləri ilə tarixi sənədin və nəhayət 2013-cü ilin dekabr ayında “Şahdəniz-2” layihəsinə dair yekun investisiya sazişinin imzalanması da məhz 29 il öncə əsası qoyulmuş yeni neft strategiyasının məntiqi nəticəsi hesab edilə bilər.
Bütün dünya üçün çətin bir sınaq dövrü olan 2020-2021-ci illərdə Azərbaycan dövlətinin öz imkanları hesabına iqtisadi böhranla və pandemiya şəraiti ilə uğurlu mübarizəsi, Vətən müharibəsində möhtəşəm Qələbəsi, sosial dövlət konsepsiyasını davam etdirməsi 29 il bundan öncə yaradılan möhkəm bünövrəyə əsaslanır. Əminik ki, bu bünövrə üzərində inşa edilən Azərbaycan dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə hələ çox iqtisadi uğurlara imza atacaq!

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
direktoru Mehriban Hacıyeva

Oxşar xəbərlər