Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq!

Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq!
Hər bir xalqın müstəqil dövlət quruculuğu yolu bir sıra mühüm daxili və xarici amillərlə şərtlənir. Azərbaycan xalqı əlverişli tarixi şəraitdən və özünün siyasi, iqtisadi, mədəni və intellektual potensialından istifadə edərək XX əsrin sonunda öz istiqlal arzusunu gerçəkləşdirmişdir. Müstəqillik dövrünün qısa tarixi ümummilli lider Heydər Əliyevin belə bir fikrini təsdiq edir ki, “müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”. Azərbaycanın müstəqil dövlətçilik tarixinin təhlili göstərir ki, dövlət qurmaq kimi çətin, mürəkkəb və şərəfli missiyaya iradəli, geniş və qlobal dünyagörüşlü, xalqın dəstəyinə malik və onun milli liderin çevrilmiş şəxs rəhbərlik edə bilərdi. XX əsrin 90-cı illərinin sonunda Azərbaycanda belə rola iddia edə bilən və bu işlərin öhdəsindən gəlmək iqtidarında olan yeganə lider Heydər Əliyev idi. Heydər Əliyev XX əsr Azərbaycan siyasətinin ən parlaq siması və XXI əsr müstəqillik kursunun memarıdır. Onun həyata keçirdikləri, nəzəri ifadə etdiyi, praktiki diplomatiyaya verdiyi töhfələr hələ uzun illər araşdırılacaq. Və hər dəfə də yeni bir incəlik tapılacaq. Bu proses sonsuzdur.
1993-cü ilin iyun ayının 15-də Azərbaycan müstəqil dövlət kimi uçurumun kənarında dayanmışdı. Ölkəyə rəhbərlik edən səriştəsiz siyasi qruplar çıxış yolu tapa bilmirdilər. Düşmən isə addım-addım müstəqil dövlətçiliyimizə qəsd etməkdə idi. Onun qarşısını ala bilmirdilər. Bu ağır zamanda xalq təkidlə Heydər Əliyevin siyasət səhnəsinə qayıdışına nail oldu. Elə həmin anda da düşmən düşərgəsində təcrübəli bir siyasətçi “biz batdıq” naləsini çəkdi. Həyat həmin erməni communist siyasətçinin haqlı olduğunu sübut etdi! Və hər şey həmin tarixdən-iyunun 15-dən başladı. Bu tarix bir neçə anlamda Azərbaycanın qurtuluşunun başlanğıcı oldu. Birincisi, dövlətçilik ideyası iflasdan qurtuldu. Çünki dövlət idarəçiliyinin nə olduğunu bilməyən naşı adamlar Azərbaycan cəmiyyətində tədricən müstəqillik ideyası ilə bağlı bədbin əhval-ruhiyyə yaradırdılar. Bir-birini əvəz edən məğlubiyyətlər insanlarda belə bir şübhə yaradırdı: “bəlkə biz, heç müstəqil dövlət qurmağa qadir deyilik?” Tarix göstərir ki, bu pessimizm çox təhlükəlidir və faktiki olaraq millətin öz məğlubiyyətini qəbul etməsinin ilk dərin göstəricisidir. Əgər cəmiyyətdə dövlət quruculuğuna inam yoxdursa, onu başqa heç bir ideya ilə ayaqda durmağa məcbur etmək mümkün deyildir. Düşmənlər tərəfindən aparılan təxribatçı ideoloji fəaliyyət yaranmış vəziyyəti daha da acınacaqlı edirdi. Bu məqamda siyasət səhnəsinə Heydər Əliyev çıxdı və xalqda dövlət quruculuğuna dərin inam yaratdı! Buna necə nail oldu? Hər şeydən əvvəl, təmkinli, ölçülü-biçili, inamlı və real siyasəti ilə vəziyyəti dəyişdi. Heydər Əliyev müxtəlif bölgələrə səfərləri zamanı siyasi qruplar arasındakı ziddiyyətləri yumşalda bildi və onlara dövlət üçün çalışmağın əsas vəzifə olduğunu anlatdı. Bu zaman Ulu öndərin siyasi və diplomatik ustalığı həqiqətən də dövlət quruculuğu tarixinin ən parlaq səhifələrindən oldu. Xaricdəki düşmənlər və ölkənin daxilində at oynadan naşı siyasi qruplar anladılar ki, Azərbaycanda dövlət quruculuğu prosesini dayandırmaq mümkün olmayacaq! Bu, ilk qələbə idi!
Dövlətçilik ideyası Azərbaycanda bu cür xilas edildi – xalq müstəqil dövlət qurmağın zəruriliyini tam olaraq Heydər Əliyevin liderliyi ilə qəbul etdi. Və qısa bir müddətdə cəmiyyət Ulu öndərin ətrafında birləşdi. Onun bir çağırışı ilə milyonlarla insanlar meydanlara axışmağa başladılar. Bu məqamda isə bütün dünya anladı ki, Azərbaycana təcrübəli, güclü iradəli və uzaqgörən bir lider başçılıq edir.
Onu yolundan döndərmək mümkün deyildir. Sanki bütün bunları ümumiləşdirərək, məşhur amerikalı siyasi xadim və politoloq Zbiqnev Bjezinski demişdi: “Heydər Əliyev siyasi cəhətdən möhkəm, məntiqli, zəkalı, istədiyini tez çatdıran şəxsiyyət – bir sözlə, şəksiz liderdir”. Bəli, Azərbaycan xalqının şəksiz lideri onu addım-addım irəliyə aparıb qələbələrə çatdırdı. Ulu öndər Heydər Əliyev hər bir dövlətin varlığının əsasını təşkil edən iqtisadi inkişafı ölkə həyatının ən vacib vəzifəsi hesab edirdi. O öyrədirdi ki, dövlət qurarkən cəmiyyətin yaşam tərzini, ictimai həyat normalarını, idarəçiliyi, qanunçuluğu, sabitliyi, vətəndaş birliyini, milli həmrəyliyi, beynəlxalq təhlükəsizliyi və s. Vəzifələri o zaman dolğun və davamlı təmin etmək olar ki, dövlətin iqtisadiyyatı güclü olsun və qarşıya qoyulmuş məqsədlərə cavab versin. Heydər Əliyev dövlət quruculuğunun bütün sahələrində insan amilinə, milli və dövlətçilik təfəkkürü güclü olan kadrlara ciddi önəm verirdi, hər bir Azərbaycan vətəndaşını milli əxlaqa və güclü iradəyə malik, qlobal və azad düşüncəli, təşəbbüskar, fəal, ölkədaxili və beynəlxalq proseslərdən baş çıxara bilən, təhsilli, ədalətli, Vətəni və xalqı üçün gərəkli insan kimi görmək istəyirdi.
Ümumiyyətlə, Ulu öndərin əvəzsiz xidmətlərindən biri də Azərbaycan xalqının gələcək tərəqqisini təmin edən İlham Əliyev kimi böyük siyasi xadimi yetişdirməsi idi. Bu əslində, Heydər Əliyevin Vətən sevgisindən, siyasi peşəkarlığından, milli dəyərlərə ciddi bağlılığından qaynaqlanır. Yəni Ulu öndər müstəqil Azərbaycan naminə yalnız yaşadığı dövrü deyil, gələcəyi də düşünüb! Buna görə də Ulu öndər ümummilli lider kimi həmişəyaşardır, xalqın qəlbində, dövlətin bütün istiqamətlər üzrə aparılan uğurlu siyasətinin ruhundadır.

Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Səma İsgəndərli

Oxşar xəbərlər