"Rusiya olmaya bilər" - Bayden də Polşaya düşən raketdən danışdı

Polşaya düşən raketləri atan tərəf Rusiya olmaya bilər.

Bunu ABŞ Prezidenti Co Bayden deyib. O, hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib:

“Biz (liderlərlə) Ukrayna sərhədində Polşa torpaqlarında baş verən partlayışın araşdırılmasında Polşaya dəstək verməyə razılaşdıq. İstintaq davam etdikcə, biz də birgə çalışaraq növbəti addımımızı müəyyən edəcəyik”.

ABŞ lideri Balidə keçirilən G20 Sammiti zamanı belə Rusiyanın Ukraynanın kritik infrastrukturuna hücum etməsinə diqqət çəkib:

“Rusiyanın etdikləri tamamilə vicdansızlıqdır", - deyə o söyləyib.

Jurnalistlərdən biri Baydenə “Raketin Rusiyadan buraxıldığını söyləmək hələ tezdirmi” sualını verib.

“Əlimizdə olan ilk məlumatlar bu nəticəni vermir. Araşdırmalar tamamlanana qədər dəqiq deyə bilmərəm, lakin raketin Rusiyadan atıldığı ehtimalı az görünür", - deyə Bayden cavab verib.

Qeyd edək ki, Polşa ərazisinə düşən naməlum raket 2 kəndlinin ölümünə səbəb olub. Bundan sonra Polşa Milli Təhlükəsizlik Komitəsi təcili toplanıb və hərbi hissələrin döyüş hazırlığının artırılması qərara alınıb.

Oxşar xəbərlər