
Bu gün ölkəmizdə bir sıra qurumlar, o cümlədən KOBİA tərəfindən sahibkarlara, xüsusilə KOB subyektlərinə müxtəlif dəstək və xidmətlər təqdim olunur, güzəştlər və dövlət dəstəyi həyata keçirilir, bir sıra institusional mexanizmlər fəaliyyət göstərir. Belə ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır. Eyni zamanda mikro sahibkarlıq subyektləri (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan artıq olan şəxslər istisna olmaqla) əmlak vergisindən azaddır.
Prezidentin 2 fevral 2021-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən olan “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinin alt məqsədlərindən biri də məhz KOB-ların inkişafının stimullaşdırılması və dayanıqlı inkişafın hərəkətverici qüvvəsinə çevrilməsidir. Bu məqsədlə hazırda 2021-2025-ci illər üzrə hədəf və prioritetlərin müəyyənləşdirilməsi üçün müvafiq işçi qrupu çərçivəsində intensiv işlər aparılır.
Dövlət başçısı 2019-cu il fevralın 28-də “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı. Problemli kreditlərin əhalinin xeyrinə həlli istiqamətində hazırlanan bu sənədə əsasən insanlarda olan narahatlığa son qoyuldu. Bu fərman sahibkarlarla bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri sahibkarın xeyrinə həll olundu. Təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın dəqiq hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, onların qısa müddətdə işlə təmin edilməsi bir daha təsdiq etdi ki, ağır günlərdə, bədbəxt hadisə baş verdikdə dövlət hər zaman sahibkarın yanındadır.
Ölkə iqtisadiyyatının, xüsusilə də özəl sektorun inkişafında keyfiyyətcə yeni mərhələ başlanıb. Bu mərhələdə sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılması xüsusi diqqət mərkəzindədir.
Ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, habelə cəmiyyətdə sahibkarlığa dəstək əhvali-ruhiyyəsinin artırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi təsis edilmişdir.
Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev