
Xəstə təxəyyülün girovuna çevrilən ermənilər işğala məruz qalmış rayonlarımızda, tarixi Qarabağ xanlığından bizə miras qalmış müqəddəs torpaqlarımızda vəhşiliklər törədiblər. Regionda geosiyasi maraqları olan güc mərkəzləri hüquqlarımızın qorunması istiqamətində heç bir addım atmadılar, BMT-nin qətnamələri kağız üzərində qaldı, insan hüquqları üzrə beynəlxalq təşkilatlar işğalçı Ermənistan dövlətinə qarşı heç bir təzyiq vasitəsi tətbiq etmədi. Lazımsız müzakirələrlə vaxt uzadaraq hər şeyi unutdurmaq istəyənlər qəhrəmanlıq tarixinə malik xalqımızın ədalətsizliyə yox deyəcəyi günü düzgün qiymətləndirə bilməmişdilər. Möhkəm iradə, monolit birlik, vahid komandanlıq, yüksək təlimlər görmüş Azərbaycan ordusu məcburi köçkünlərin, ümumilikdə xalqımızın vətən həsrətinə yox deməyin dəqiq vaxtının çatdığını müəyyən edə bildi və bu ölçülüb - biçilmiş strategiya Zəfər tariximizlə yekunlaşdı. 44-günlük Vətən müharibəsi şanlı tariximizin parlaq səhifəsi kimi Azərbaycan xalqının şərəf və ləyaqətinin təsdiqi oldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli hərbi-siyasi və diplomatik fəaliyyəti nəticəsində düşmən doğma Ağdamımızı döyüşsüz tərk etməyə məcbur edildi. Xalqımızın başına gətirilən müsibətlər nə qədər ağrılı olsa da, zəfərin qazanılmasından sonra fərqli ömür yaşayır, şəhidlərimizə rəhmət, qazilərimizə sağlamlıq diləyərək bu günümüzlə qürur duyuruq. Yurd yerlərimizi viran qoyan erməni separatçıları özlərini digər xalqlardan üstün hesab edir, dünyada yalnış məlumat yayaraq xalqımıza qarşı böhtanlar, iftiralar uydurub milli dəyərlərimizə zərbə vururdular. İşğala məruz qalmış torpaqlarımızda bütün maddi-mədəniyyət obyektlərini, dini inanc yerlərimizi, mülki əhalinin yaşadığı binaları, evləri, qəbiristanlıqları tamamilə məhv edən, qoca, cavan, uşaqları qətlə yetirən erməni terror birləşmələri hələ də beynəlxalq müstəvidə lazımı cəzalarını almayıblar, lakin gec-tez ədalətin qalib gələcəyinə inanıram.
Xarabalıqları ilə də doğma, əziz olan, hər daşı, hər qarış torpağı, ən xırda nişanəni özündə əks etdirən Ağdam hər birimiz üçün əvəzedilməz bir müqəddəs ünvandır, ocaqdır, şəhidlərimizin qanı ilə yoğrulmuş torpaqdır, elm, mədəniyyət xadimləri, cəsarəti, vətənpərvər, zəngin insanların yaşadığı və yaşayacağı tarixi məkandır. Qəlbimiz sızlasa da, Qarabağın toy otağı adlandırılan, bər-bəzəkli, siyasi-iqtisadi, sosial-mədəni cəhətdən inkişaf etmiş Ağdamın dünyanın ən gözəl şəhərinə çevriləcəyinə əminəm. 2021-ci ilin 28 may tarixində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev təməlqoyma mərasimində Ağdamın gələcəyi ilə bağlı fikirlərini bildirərkən doğma diyarımızın ən inkişaf etmiş bir məkan olacağını bildirib və ağdamlıların doğma ocaqlarında rahat həyat yaşayacaqlarını bəyan etdi. Sözünü imzası ilə təsdiq etmiş dövlət başçımızın məcburi köçkünlərin doğma ocaqlarına qayıtması istiqamətində atdığı addımlar hər birimizdə sabaha olan ümidi daha da artırır.
Ağdamda görüşmək arzusu ilə !
Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
təşkilatçı-direktor müavini Asiman Paşayev