
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məhz Şuşanın dirçəldilməsi, Qarabağımızın Ana şəhərinə çevrilməsi və söndürülmüş mədəni irs ocağımızı yenidən alovlandırılması üçün vəchlə çoxlu sayda uğurlu addımlar atır. 2021-ci il 30 avqust tarixində İlham Əliyevin 30 il sonra yenidən həyata keçirilən Vaqif poeziya günlərinin açılışında iştirak etməsi onun Şuşaya, o torpaqlarda yazıb yaratmış böyük sənətkarlara olan diqqət və qayğısını bir daha sübut etdi.
1982-ci ildə Ulu Öndər Heydər Əliyevin iştirakı ilə ilk dəfə açılışı həyata keçirilən Vaqif muzey-məqbərə kompleksinin yenidən bərpası Şuşa torpağında Vaqif yaradıcılığının, Vaqifin anılması və xatirəsinin yad edilməsi demək idi. Bu onu göstərir ki, necə ki Ulu Öndər Heydər Əliyev mədəniyyətə, ədəbiyyata hədsiz qayğı ilə yanaşırdı, eləcə də onun davamçıları - Cənab İlham Əliyev və bizlər onun cızdığı cığırla addımlayır, mədəniyyət beşiyimizi göz bəbəyimiz kimi ucalarda tuturuq. Atdığımız addımlar sayəsində Qarabağın, Şuşanın havasından, suyundan ilham alaraq vərəqə bənzərsiz misralar düzən M.P.Vaqifə, eləcə də prezidentimiz İlham Əliyevin başçılığı ilə Azərbaycan xalqı olaraq digər ədəbi sənətkarlarımıza göstərdiyimiz qayğının bütün mövcudiyyətimiz boyu əbədi olacağını dünyaya nümayiş etdirdik. M.P.Vaqif məqbərəsinin bərpası nəticəsində daha hər ədəbiyyat kitablarının Vaqif soraqlı səhifələrini vərəqləyəndə müztərib duyğulara qapılıb
mənəvi narahatlıq duymayacağıq. Vaqif məqbərəsinin bərpası bədii yönümüzdəki yaralarımızın məlhəmi yolunda atılmış ilk addımlardan idi.Vaqif məqbərəsinin bərpası bundan sonrakı bərpa işləri üçün açılmış yolu daha da genişləndirən bir addım idi. Bu bərpa işləri dövlətimiz tərəfindən davam etdiriləcək. Bununla da, illərdir tarixi torpaqlarımızdakı tarixi izimizi məhv etmək məqsədilə abidələrimizə "hücum çəkən" düşmənin niyyətinin müstəcəb olmasına imkan verməmiş olacağıq. Vaqif məqbərəsi ilə başlanan bərpanı digər dağıdılmış abidələrimizə də ötürəcəyik. "Üstündə min çiçək, min gül bitirmiş" Qarabağımızın güllərini daim sevgi, səxavət, qayğı suları ilə sulayacaq, torpağımızda kök salan "güllərin" xoş qoxusunu bütün dünyaya yaymasını təmin edəcəyik.
Xalidə Məmmədova
Ramana qəsəbəsi, 90 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi