“Şuşa yalnız Azərbaycanın deyil, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Biz buna hökmən nail olacağıq”

“Şuşa yalnız Azərbaycanın deyil, eləcə də dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Biz buna hökmən nail olacağıq” Cənab Prezidentimiz İlham Əliyevin bu qətiyyətli fikri hər birimizin qəlbini fərəh hissi ilə doldurur. Bu mənada, ölkə başçımızın mövqeyini həm də dünya ictimaiyyətinə verilmiş bir messaj kimi dəyərləndirməliyik. Bu messaj özündə işğalçı ilə işğala məruz qalanın, qurucu ilə barbarın, yabançı ilə əsl torpaq sahibinin kim olduğunu ehtiva edir: “Əgər ermənilər bu ərazilərin sahibi olsaydılar qurub-yaradar, uçurub-dağıtmaz, qarət edib-yandırmaz, şəhər və kəndləri xarabalığa çevirməzdilər”...

Əlbəttə, bu qətiyyətin qələbə rəmzimiz, mədəniyyət paytaxtımız Şuşada göstərilməsi siyasi-hüquqi baxımdan xüsusi məna daşıyır, önəm kəsb edir.

Onu da xüsusi vurğulamalıyıq ki, Ali Baş Komandanımız böyük zəfərimizlə yekunlaşan 44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizə bir-birinin ardınca səfərlər etmiş, iki dəfə Şuşada olmuşdur. Yanvarın 14-dən sonra o, martın 16-da Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva və qızları Leyla Əliyeva ilə bu şəhəri ziyarət etmişdir. Səfər təəssüratlarını xalqımızla bölüşən Azərbaycan Prezidenti İlham Əliyev demişdir:

-Dünən Azıxdan çıxdıq Şuşaya gəldik. Yollar hələ ki, çox bərbad vəziyyətdədir, çünki yol yoxdur, odur ki, Zəfər yolu ilə gəlmişik. Hələlik ancaq torpaq yoludur, çünki havalar soyuq keçir, asfalt döşəmək mümkün deyil. Palçıq idi və güclü duman var idi. Ona görə Azıxdan Şuşaya 1 saat 45 dəqiqəyə gəldik. Gecə Şuşada qaldıq. Səhər saat 9-da çıxmışıq və gedirik, bir neçə tədbir var. Hava açıqdır, ancaq yenə də buludlar şəhərin üstündədir...

Qürurveici mənzərədir! Son 30 ildə əlimiz bu torpaqların heç birinə çatmırdı. İndi isə səsimiz Azıxdan, Şuşadan gəlir, quruculuq, abadlıq planlarımızı illərdən bəri həsrətini çəkdiyimiz bu torpaqlarda bölüşürük. Şuşanın üzərindəki qara buludlar da artıq dağılmışdır, Prezidentimizin təbirincə desək, onu açıq havadakı gözəllik buludları əvəz etmişdir.

Yanvarın 14-də Prezidentimiz burada olarkən Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstlərini Şuşaya qaytarmışdır. Bu gün onların ruhu Ali Baş Komandanımızı və müzəffər ordumuzu alqışlayır.

Əlbəttə, hər iki səfərin məqsədi burada bərpa işləri aparmaq və Şuşanı dünyada tanınan bir mədəniyyət mərkəzinə çevirməkdir. Şuşa qala divarlarının, vəhşi ermənilər tərəfindən dağıdılmış məscidlərin bərpası , infrastrukturun təşkili, Molla Pənah Vaqifin məqbərəsində bərpa işlərinə başlanılması, qurudulmuş bulaqların yenidən dirçəldilməsi görüləcək işlərin əyani göstəricisidir.

Fərəhli haldır ki, Vaqifin məqbərəsinin bərpa layihəsini Heydər Əliyev Fondu öz üzərinə götürmüşdür. İnanırıq ki, bu layihə də Mehriban xanımın rəhbərliyi ilə yüksək zövqlə həyat keçiriləcəkdir.

1982-ci ilin yayında Ulu Öndər Heydər Əliyev Şuşada olarkən həm məqbərənin açılışında, həm də Vaqif poeziya günündə iştirak etmişdir. Cənab İlham Əliyev həmin dövrə aid şəkilləri arxivdən tapdırmış və bərpa işləri zamanı onlardan istifadə edilməsi barədə göstərişlərini vermişdir. Bütün bunlar Prezidentimizin tariximizə, mədəniyyətimizə, ədəbiyyatlımıza verdiyi yüksək qiymətin təcəssümüdür.

Cənab İlham Əliyev Şuşada olarkən bu əzəmətli şəhəri quran , yaradan Pənahəli xanın ermənilər tərəfindən vandalcasına dağıdılmış sarayında da olmuşdur. Ölkə

başçımız haqlı olaraq vurğulamışdır ki, bu bizim tariximizin ermənilər tərəfindən dağıdılması, inkar edilməsi deməkdir. Əgər dünya erməni vəhşiliyinin şahidi olmaq istəyirsə Azərbaycan hökumətindən icazə alıb Şuşadakı abidələrin soyqırıma necə məruz qaldığını görsün...

Erməni vəhşiliyinin şahidi olmaq istəyən avropalıllar azad edilmiş torpaqlarımza gələrsə bu vəhşiliyin iç üzünü görəcəklər. Digər abidələrlə yanaşı, erməni vandallar XIX əsrə aid “Karvansaray Tarix-Memarlıq Kompleksi”ni, “Şuşa Dövlət Rəsm Qalareyası”nı, “Şuşa Dövlət Xalça Muzeyi”ni, “Qarabağ” mehmanxanasını dağıtmış və talan etmişlər.

Şübhə yoxdur ki, bütün bu abidə və müəssisələr yenidən qurularkən Şuşada otellərin tikintisinə, turizmin inkişafına xüsusi önəm veriləcəkdir. Çünki Şuşa yalnız əsrarəngiz təbiəti ilə deyil, həm də tarixi yerləri ilə seçilir. Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün bu, xüsusilə vacibdir.

Hazırda Şuşanın girəcəyində vüqarla dalğalanan Azərbaycan bayrağı sanki Şuşanın axar-baxarlı, çal-çağırlı günlərinin heç də uzaqda olmadığını bəyan edir.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü,

yazıçı-publisist, Bakıxanov qəsəbəsi,

252 saylı məktəb-liseyin

tarix müəllimi Elmira Vəliyeva

Oxşar xəbərlər