Normal həyata geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək

Normal həyata geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək COVID-19 xəstəliyi yeni kəşf olunan SARS-CoV-2 virusu tərəfindən törədilən yoluxucu xəstəlikdir. Digər koronavirus mənşəli (SARS və MERS) xəstəliklərdən fərqli olaraq yüksək yoluxuculuq qabiliyyətinə malik olan və atipik pnevmoniya ilə müşahidə olunan bu xəstəlik 2019-cu ilin sonundan etibarən sürətlə yayılmağa başlamış və bütün dünyanı əhatə etmişdir. ÜST 2020-ci il 23 yanvar tarixində COVID-19 xəstəliyi ilə bağlı fövqəladə vəziyyət elan etmiş, 2020-ci il 28 fevral tarixində yaranmış təhlükənin qiymətləndirilməsini qlobal miqyasda çox yüksək dərəcədə olmasını elan etmiş və 2020-ci il 11 mart tarixində bu xəstəliklə bağlı vəziyyətin pandemiya səviyyəsinə çatmasını bəyan etmişdir

Bütün dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı mübarizə bu gün daha qlobal məsələyə çevrilmişdir. Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Pandemiyanın iqtisadiyyata mənfi təsirinin azaldılması məqsədilə Azərbaycan hökuməti tərəfindən sistemli tədbirlər görülmüş və əhali arasında bununla bağlı geniş maarifləndirmə işləri aparılmışdır.

Pandemiyanın davam edilməsini, COVID-19 xəstəliyinin insanların sağlamlığı üçün təhlükəli olmasını, qlobal səhiyyə sistemi qarşısında mühüm həyati vacib məsələlərin həll etməsini nəzərə alaraq ÜST tərəfindən dünyada bu xəstəliyə qarşı mübarizədə güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olmasını bəyan edilmişdir.

Ölkəmizdə COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb. Peyvəndləmə üçün ayrılmış tibb məntəqələrində qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları yaradılıb. Bütün otaqlar zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib. Azərbaycan Respublikasının vaksinasiya ilə bağlı xüsusi strategiyası hazırlanmış, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün vaksinasiya strategiyası” qəbul olunmuşdur.

Adətən vaksinlər insanın immun sistemini antigenin zərərsiz surətləri ilə təchiz edir və cavab olaraq, insanın immun sistemi onu “yad” kimi qəbul edir. Antigen immun sistemi ilə aşkar ediləndə orqanizmdə antitel adlanan xüsusi maddələr əmələ gəlməyə başlayır. Beləliklə, çox miqdarda yaranan antitellər nəticədə virus və ya bakteriyanın fəallığını təcrid edərək xəstəliyin qarşısını alır.

İmmun sistemi infeksiyaları “yadda saxlamaq” qabiliyyətinə malikdir. Belə ki, o müəyyən bakteriya və virusun təsiri zamanı bu xəstəliklərə qarşı immuniteti illərlə, on illərlə, hətta insanın bütün həyatı boyu qoruyub saxlayaraq sonradan gələn infeksiyaya tez qalib gəlməyə hazır olur.

GAVİ Peyvəndlər və İmmunizasiya Qlobal İttifaqı deyir ki, peyvəndlənməyə iki cür yanaşma mövcuddur. Canlı, zəiflədilmiş vaksinlərdə xəstəliyə səbəb olmadan çoxala bilən zəifləmiş virus formasından istifadə edilir. İnaktiv peyvəndlərdə isə, genetik materialları məhv edildiyinə görə çoxala bilməyən, lakin immunitetin reaksiyasına səbəb ola bilən viruslardan istifadə olunur.

Qurumun məlumatında deyilir ki, hər iki növ peyvəndlərdə köklü texnologiyalardan istifadə olunsa da, canlı peyvəndlər immun sistemi zəif olan insanlarda xəstəliyə səbəb ola bilir. Bundan başqa, onlar adətən xüsusi soyuq yerlərdə saxlanmağı tələb edir. İnaktiv vaksinlər də bəzən soyuq

mühit tələb etsələr də, onları immun sistemi zəifləmiş insanlara vurmaq olar. Sinovac vaksini inaktiv peyvənddir. O, xəstəliyə ciddi əks-təsirə səbəb olmadan, bədənin immun sistemini virusa məruz qoymaq üçün öldürülmüş virus hissəciklərindən istifadə edərək işləyir.

Ölkəmizdə COVID-19 infeksiyası əleyhinə vaksinasiya prosesi ilk aylara nisbətən aktivləşib. Əvvəllər sosial şəbəkələrdə yayılan əsassız məlumatlara görə vətəndaşlarda peyvəndləmə prosesinə inam daha az idi. Həmin müddətdə COVID-19-a yoluxanlar və bu xəstəlikdən ölənlərin sayı çox idi. Vətəndaşlar zaman keçdikcə vaksinasiyanın əhəmiyyətini dərk etməyə və ona inanmağa başladılar ki, bu da onların peyvəndləmədə aktiv iştirakı ilə nəticələndi. Hazırda vətəndaşların əksəriyyəti koronavirus əleyhinə vaksin olunmaq istəyirlər. Hər kəs fərqindədir ki, peyvənd olunmaq onları həm COVID-19-dan qurtaracaq, həm də yoluxsalar belə, xəstəliyi yüngül keçirməyə kömək edəcək. Ən əsası da normal həyatımıza geri dönüş vaksinasiya olunanların sayı artdıqca tezləşəcək.

Ölkəmizin yüksək səviyyədə təchiz edilmiş xəstəxanaları koronavirus xəstələrini müalicə etmək üçün ayrılmışdır. Hazırda bu cür xəstəxanaların sayı da 20-dən çoxdur. Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, koronavirusa yoluxan xəstələrin mütləq əksəriyyəti tibb müəssisələrində müalicə alır. Bu baxımdan “İmmunitet sertifikatı” və onun etibarlılıq müddəti daha böyük önəm kəsb edir. “İmmunitet sertifikatı” koronavirusa yoluxduqdan sonra yaranan immun cavabı təsdiq edir. COVİD-19 xəstəliyini keçirmiş və bununla bağlı PCR testi vermiş, nəticəsi pozitiv çıxmış, rəsmi qeydiyyata düşmüş və sağalmış şəxslər “İmmunitet sertifikatı” əldə edir. Elmi tədqiqatlar göstərir ki, xəstəliyi keçirmiş şəxslərin qanında 6 aydan sonra anticisimlərin titri aşağı düşür. Bu səbəbdən “İmmunitet sertifikatı”nın etibarlılıq 6 ay qəbul edilir.

COVİD-19 xəstəliyinə qarşı Azərbaycanda tətbiq olunan vaksinlərdən hər hansı birinin hər iki dozasını vurduran şəxslərə “Peyvənd sertifikatı” verilir. “randevu.its.gov.az” saytına daxil olaraq, “COVİD-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün online qaydada növbə götürülməlidir. Peyvəndə əks göstərişi olan şəxslərin xüsusi komissiyanın rəyi əsasında qeydiyyat sisteminə daxil edilməsi və onlara QR kodu olan sənədin verilməsi məsələsinə baxılır. Hazırda beynəlxalq səhiyyə qurumları COVİD-19 peyvənd və immunitet sertifikatlarının ölkələr arasında tanınması mexanizmi üzərində işləyir. Hazırda Azərbaycanda 4 istehsalçının: SİNOVAC(Çin), AstraZeneca/Vaxzevria (İngiltərə), Biontech/Pfizer (Almaniya/ABŞ), Sputnik V(Rusiya) vaksini tətbiq olunur.

Peyvənləmə sosial məsələdir və bu sahədə hər bir vətəndaşın, fərdin üzərinə böyük məsuliyyət düşür. Ətrafdakıları qorumaq naminə hər kəs peyvənd olunmalıdır. Bununla da ilk növbədə hamilə qadınlar, süd verən analar və yaşı 18-dən aşağı olan şəxslər, eləcə də bütün cəmiyyət qorunmuş olar.

Əliyeva Esmira Xanəhməd qızı

Sabunçu rayonu, 107 nömrəli tam orta məktəbin

tərbiyə işləri üzrə direktor müavini

Oxşar xəbərlər