Azərbaycan – Türkiyə arasında iqtisadi münasibətlər inkişaf edir

Azərbaycan – Türkiyə arasında iqtisadi münasibətlər inkişaf edir Ulu öndər Heydər Əliyevin bir millət, iki dövlət olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşsa da, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə bir ehtiyac duyulmaqdadır. Perspektivdə isə Azərbaycan və Türkiyənin iqtisadi sahədə münasibətlərini daha da möhkəmləndirəcək əsas məqamlardan biri Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi olmuşdur. Biz indiyədək Bakı-Tbilisi-Ceyhan Bakı- Tblisi-Ərzurum kəmərləri vasitəsilə enerji sahəsində əməkdaşlıq edirik. Hazırada Naxçıvanın həm iqtisadi sferada sürətlə inkişaf etməsində, həm də təhlükəsizliyinin təmin olunmasında qardaş Türkiyə böyük rol oynayır.

İki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə - TANAP layihəsi Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyır. 1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaqdır.

Həmçinin, iki ölkənin təşəbbüsü ilə həyata keçirilən digər beynəlxalq əhəmiyyətli layihə 2018-ci ilin sentyabr ayında SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşasını başa çatmış “Star” neft emalı zavodunun açılış mərasiminin keçirilməsini göstərmək olar.

Türkiyə Azərbaycan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Azərbaycanda fəaliyyət göstərən 13000-dən artıq türk şirkətinin indiyədək iqtisadiyyatımıza investisiyalarının həcmi təxminən 10 milyard dollar məbləğində olmuşdur. Türk şirkətləri əsasən enerji, sənaye, telekommunikasiya, bank və sığorta, inşaat, nəqliyyat, qida, tekstil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərməkdədir.

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi və xalqımızın 44 günlük müharibədə qalib gəlməsi ölkələrimiz arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Qarabağda yeni quruculuq işlərinin aparılmasında həyatın bərpası təhlükəsizliyin təmin olunmasında Azərbaycan – Türkiyə arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti çox böyükdür. Türkiyə işğaldan azad edilən ərazilərimizin bərpası işində də Azərbaycanın yanındadır və yanında olacaq. Türkiyənin quruculuq-bərpa işində yaxından iştirak etməsi qardaşlığın yeni nümunəsi olacaq. İndi biz Qarabağ zəfərindən sonra yeni imkanlarımızı dəyərləndirməli yeni layihələr həyata keçirməliyik. Geniş ortaq istehsal imkanları da ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından mühüm amildir. Ölkələrimiz iqtisadi –siyasi sahələrdə çiyin-çiyinə bərabər çalışırlar. Bu birlik işğaldan azad edilən torpaqların bərpasında da yeni iqtisadi tarix yazacaq.

Bakıxanov qəsəbəsi, 72 saylı məktəb-liseyin direktoru Fərqanə Abbasova

Oxşar xəbərlər