SOCAR enerji nəhənglərinin texnologiya yarışına qoşulur - FOTO

SOCAR enerji nəhənglərinin texnologiya yarışına qoşulur - FOTO Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni inkişaf strategiyası çərçivəsində layihələrə riskli yatırımlara başlamaq niyyətindədir. Bununla bağlı 2035-ci ilədək müddət üçün tərtib edilmiş strategiya hazırda hökumətin masası üzərindədir.

Strategiyanın təfərrüatı hələlik açıqlanmır. Məsələn, SOCAR-ın maliyyə dəstəyinin əcnəbi, yoxsa yerli startaplara, yaxud sırf enerji yönümlü, yoxsa daha geniş səpgili layihələrə istiqamətlənəcəyi bəlli deyil. Yəqin ki, sənəd qəbul ediləndən sonra bu və digər suallara aydınlıq gətiriləcək.

Bütövlükdə enerji şirkətlərində riskli yatırım bölmələrinin yaradılması dünyada xeyli geniş intişar tapıb. Buna misal olaraq “BP Ventures”, “Total Carbon Neutrality Ventures”, “Chevron Technology Ventures” gətirilə bilər. SOCAR da riskli yatırımlar vasitəsilə ölkədə və xaricdə elm-texnologiya tutumlu layihələri dəstəkləməklə yanaşı, öz fəaliyyətində də qabaqcıl texnologiyaların daha geniş tətbiqinə rəvac verə bilər. Həmçinin bir çox şirkətlər daha çox özlərinə gərək olan layihələrə vəsait yatırmağa üstünlük verir. Məsələn, “BP Ventures” istehsalatda zərərli tullantıları azaltmağa kömək edən layihələrə daha çox diqqət yetirir.

SOCAR-ın fəaliyyətində bu məqamı “Report”a şərh edən UNEC-in beynəlxalq iqtisadiyyat kafedrasının müdiri, professor Emin Qəribli də riskli yatırımların çox vaxt bazar iqtisadiyyatı baxımdan mühüm olan zamanın tələbi kimi qələmə verildiyini dilə gətirib:

“Məncə, burada dövlətin də üzərinə böyük iş düşür. Çünki məhz dövlət elm əsaslı istehsalatın inkişafında maraqlıdır. Riskli yatırımlar həmçinin rəqabətdə uğur qazanmağın da mühüm amili ola bilər”.

Geniş imkanlar vəd edən, sürətlə inkişaf edən maliyyə növü olan riskli yatırımlar koronavirus pandemiyası dövründə də geniş vüsət aldı. Belə ki, səhiyyə, mal və məhsul çatdırılması, təmassız ödənişlər, məsafəli iş və təhsil kimi məhdudiyyətlər şəraitində həyatı asanlaşdıran sahələrə böyük vəsaitlər yatırılmağa başladı.

Hərçənd pandemiya müəyyən dəyişikliklər gətirdi. Məsələn, dünyada başlanğıc yatırımları 2020-ci ilin üçüncü rübündə ötən ilin müvafiq dövrünə nisbətən 32% azalaraq, cəmi 2,6 milyard ABŞ dolları, erkən yatırımlar isə 11% azalaraq, 19,3 milyard ABŞ dolları təşkil edib. Bütövlükdə ilkin yatırımların ən çox risk daşıdığını nəzərə alsaq, investorların hazırkı çətin dövrdə vəsaitlərini mümkün qədər sığortalamaq istəyi başa düşüləndir.

“SOCAR ölkə daxilində layihələrin vençur maliyyələşməsinə başlasa, yerli startap bazarına güclü təkan vermiş olar”

Əksinə, sonrakı mərhələ üçün yatırımların həcmi 24% artaraq, 48,1 milyard ABŞ dollara çatıb. Bu vəsaitlər artıq müəyyən qədər oturuşmuş, bazarda özünü doğrultmuş, səmərə dərəcəsi hesablana bilən şirkət və layihələrə yatırılıb. Hazırda riskli yatırımların 71%-i sonrakı mərhələ yatırımlarının payına düşürsə, ötən ilin müvafiq dövründə bu göstərici 58% olub.

Təkcə Azərbaycanın deyil, bütövlükdə regionun ən iri şirkəti olan SOCAR ölkə daxilində layihələrin vençur maliyyələşməsinə başlasa, yerli startap bazarına güclü təkan vermiş olar. Profesor E.Qəriblinin dediyi kimi, nəticədə istər enerji, istərsə də başqa sahələrdə texnoloji irəliləyişlərə nail oluna bilər. Ekspertin fikrincə, yeni texnoloji düzənə keçid mərhələsində olan Azərbaycanda riskli yatırımlar və bənzər mexanizmlər sayəsində elm və texnologiyalar daha da inkişaf edəcək.

“SOCAR nəzdində də riskli yatırımlarla məşğul olan qurumun yaradılmasına çox şadam. Neft sənayesi ilə yanaşı, başqa bir çox sahələrdə də fəaliyyət göstərən şirkət iqtisadiyyatın bir sıra sahələrinə də töfhələr verir. Həmçinin SOCAR uzun müddətdir müxtəlif elmi layihələr üçün qrant ayırıb”, - deyə profesor Qəribli bildirib.

Qeyd edək ki, hazırda Azərbaycanda startaplar üçün maliyyə mənbələri elə də çox deyil. Uzun illərdir uğurlu fəaliyyət göstərən “Khazar Ventures”dan savayı son vaxtlar Türkiyənin “Boghazichi Ventures” şirkəti də bazara daxil olsa da, bazarın həcmi çox geniş olduğundan maliyyəyə əli çatmayan startaplar bankdan kredit götürmək, ya da özəl investor tapmaq məcburiyyətində qalır. Banklar krediti yüksək faizlə verir, özəl sərmayədarın isə irəli sürəcəyi şərtlərin məqbul olacağı şübhəlidir.

Profesor E.Qəribli startaplara malyyyə ayırmağın banklara sərf etmədiyi qənaətindədir. Həmçinin “Hajinski Naghiyev” məsləhətçi şirkətinin təsisçisi Cəlal Nağıyev də “Report”la söhbəti zamanı qeyd edib ki, hər bir startap bank üçün yüksək risk daşıyır, yəni burada böyük qazanc da əldə etmək, böyük zərərlə də üzləşmək mümkündür: “Statistikaya görə, hər 10 startapın biri uğur qazanır, amma həmin o uğurlusunun gəlir səviyyəsi bank faizindən dəfələrlə artıq olur. Hərçənd banklar bu cür riskə gedə bilmir”.

Ekspertin qeyd etdiyinə görə, banklar fəaliyyət göstərərək gəlir gətirən hər hansı şirkətin aktiv və passivlərini araşdıraraq, ona qaytara biləcəyi güman etdiyi kredit ayırır:

“Bu yolla banklar riski azaldırlar. Startaplarla bağlı isə ətraflı maliyyə vs. hesabatlar olmur. Ona görə də hər hansı özəl sərmayədar startapın səhmlərinin bir hissəsini satın alaraq, bu yolla qazanca bel bağlaya bilər. Lakin əmanətçilər qarşısında öhdəlik daşıyan banklar bu riskə gedə bilmir”.

Professor Emin Qəriblinin qənaətincə, Azərbaycanda riskli yatırımlar üçün daha əlverişli sahə texnoparklar və sərbəst iqtisadi zonalardır:

“Bununla bağlı beynəlxalq təcrübəni öyrənmək mühümdür. Azərbaycan üçün inkişaf etmiş ölkələrdən daha çox Türkiyə, Çin kimi, MDB ölkələri kimi inkişaf edən ölkələrin təcrübəsi maraq kəsb edir. Bizdə çox güman ki, texnoparklar və sərbəst iqtisadi zonalardan başlamaq, daha sonra universitetləri və elmi tədqiqat mərkəzlərini bu işə cəlb etrmək daha ağlabatandır. Sonrakı mərhələdə riskli yatırımlar hedc və sair maliyyə alətləri üçün də imkanlar aça bilər”.

SOCAR indiyədək bir çox layihələrə başlayıb və hər birndə də müvəffəq olub. Bu, istər ölkədə, istərsə də xaricdə həyata keçirilən layihələrə aiddir. Lakin riskli yatırımlar bu sırada ən mühüm təşəbbüs olaraq ölkədə elmi texnoloji tərəqqiyə güclü təkan verən amilə çevrilə bilər.

Oxşar xəbərlər