Quranda elə tərcümə xətaları var ki, insan xəcalət çəkir — Azərbaycanlı ilahiyyatçıdan AÇIQLAMA

Quranda elə tərcümə xətaları var ki, insan xəcalət çəkir — Azərbaycanlı ilahiyyatçıdan AÇIQLAMA Bir neçə ildir Qurani-Kərimin tərcüməsi üzərində çalışan ilahiyyatçı Elşad Miri "Teleqraf.com"-un sualları cavablayıb.

- Elşad bəy, Quranın tərcüməsi üzərində yenidən çalışmaq zərurəti nədən yarandı?

- Tanışlarım arasında dindən çıxan, özünü ateist hesab edənlər də olurdu. Səbəbini soruşanda əksəriyyət Quranın tərcüməsini oxuyub oradan hansısa ayələri misal gətirir, onu səbəb göstərirdilər. Başa salmağa çalışırdım ki, ərəb dilində bu ayənin mənası onların fikirləşdiyi kimi deyil, tərcümə xətası var. Yenə də inanmırdılar. Bu kontekstdə cəmiyyətdə yaranan tələbatı nəzərə alıb, fərqli bir şəkildə Quran tərcüməsinə başladım.

Məqsədim odur ki, azərbaycanlı oxucu ərəb dilini, eləcə də dini bilib-bilməməsindən asılı olmayaraq İslamın yeganə mənbəyi olan bir kitaba müraciət etdiyi zaman orada yazılanları başa düşsün. Bir akademik də, adi təhsilli vətəndaş da bu kitabı oxuduğu zaman Allahın Quranda nədən bəhs etdiyini anlasın.

Bu addımı atanda fikirləşdirdim ki, Quran tərcümələrində 6236 ayə var, yəqin bunların təxminən 10 faizində müəyyən dəyişikliklərə ehtiyac olacaq. Tərcüməyə başlayandan sonra gördüm ki, Quranın bəlkə 10 faizi düzgün tərcümə edilib, ya yox, 90 faizində müəyyən qüsurlar, yanlışlıqlar var. Bir sözlə, izah mütləqdir.

Quranda verilən bəzi misalları ərəblər rahatlıqla başa düşür, çünki onların dilindədir. Yaxud peyğəmbərin dövründə yaşayan insanlar hadisələr gözlərinin qarşısında cərəyan etdiyinə görə onu asan anlayıb. Amma 1400 il sonra dünyaya gələn bir insan proseslərdən xəbərsiz olduğuna görə müəyyən məsələləri izahlı şəkildə tərcümə etmək lazımdır.

Tərcüməyə ilk öncə bir neçə kiçik surələrlərdən başladım. Pandemiyanın başlanğıcında bu surələrin geniş izahlı təfsirini hazırlayıb “Yutub” kanalımdan təqdim etdim. Orada tələbatın necə çox olduğuna şahid oldum. Daha sonra “Yasin” surəsinin təfsirinə başladım. Hazırda Quranın ən böyük surələrindən olan "Ali-İmran"ın izahlı tərcüməsini davam etdirirəm. Ümumilikdə 200 ayəlik surənin 80 ayəsini bitirmişəm.

Qurana ensiklopedik yanaşma da edirəm. Bu surədə istifadə olunan terminlərin, ifadələrin hansı mənaya gəldiyinə izah verirəm. Mövzu ilə bağlı İncildə, Tövratda nə danışıldığını qeyd etməyə çalışıram. Bizə indiyə qədər möcüzə kimi təqdim olunan bəzi məsələlərin əslində möcüzə olmadığının, elmi izahının mövcudluğunu da çatdırmağa cəhd edirəm. Daha sonra ayələrin bir-biri ilə əlaqəsini yazıram. Allah bir ayəni başqa bir ayədə izah edir.

Əslində, Allah Quranın izahını verib. Sadəcə, biz o əlaqəni tapıb təqdim etməyi bacarmalıyıq. 1400 il əvvəl gəlmiş ayə günümüzdə bizə nə deyir? Mən bu ayədən gələcəkdə necə istifadə edə bilərəm? Bu ayə mənə hansı yolu göstərir, həyatımda hansı izi qoyacaq? Mən tərcüməyə bu prizmalardan yanaşıram. Bu isə həm çox ağır, həm də çox məsuliyyətli işdir.

- Tərcümə zamanı hansısa məsələnin öhdəsindən təkbaşına gəlmək mümkündürmü, yoxsa başqa mənbələrdən yardım alırsız?

- Elə olur ki, günlərlə işin içindən çıxa bilmirəm. Bunun üçün bəzən hər şeyi kənara qoyub şəhərdən çıxıb başqa yerə gedirəm, günlərlə tək qalıram. Cavabını tapandan sonra təkrar qayıdıram.

Qurani-Kərimdə “Tin” surəsinin birinci ayəsində yazılır ki, “And olsun əncirə və zeytuna”. Mənim kənardan olan bir professor müəllimim bunu tərcümə edəndə deyirdi ki, Allah zeytun ağacına and içir. Maraqlı gəlirdi, niyə zeytuna? Bundan ötrü Qüds şəhərinə getmişdim. Orada aydın oldu ki, surədə zeytun ağacına yox, Zeytun dağına and içilir. İsa peyğəmbərə Zeytun dağında vəhy gələn yerə şəxsən baxmışam. Mən də tərcüməyə düzəlişlər etmişəm.

Bundan başqa, Həcc, Ümrə ziyarətinə gedənlər bəlli yerlərdən kənara çıxa bilmir. Amma mən oradakı insanların vasitəsilə Məkkə və Mədinədən kənara çıxıb 13 saatlıq uzaqda Xeybər, Taif şəhərlərinə və Saleh peyğəmbərin olduğu yerlərə getmişəm. “Fil” surəsinin tərcüməsini də burada öyrənmişəm.

Surələrə düzəliş etmək üçün Quranda adı çəkilən yerləri bir-bir gəzmişəm. Bəzən şəkillərini, bəzən videosunu çəkərək araşdırma aparmışam.

Buddizmlə bağlı Honq Konqda, Çində, Tailandda məbədlərdə olmuşam. Müşahidələrimi, öyrəndiklərimi onların din xadimləri ilə danışdıqdan sonra qələmə alıram. Gördüyüm işlər masa arxasında başa gələn iş deyil.

Türkiyədə Quran tərcüməsi ilə məşğul olan 6-7 nəfərlə müzakirələr edirik. Olub ki, onlar öz dedikləri fikirdə qalıblar, amma üzərindən ilyarım keçəndən sonra mənim dediyimə gəliblər. Buna görə təşəkkür də ediblər.

Bu işdə texnologiyadan gözəl istifadə etməyim də dadıma yetir. Məsələn, keçmişdə insanlar bunun üçün ya Quranı əzbər bilməli, yaxud əllərində İncil, Tövrat və digər vəsaitlər olmalı idi. Amma bu gün texnoloji imkanlardan istifadə etməklə, bir surədə bir ayənin başqa hansı surələrdə keçdiyini rahatlıqla tapa bilirəm.

Keçmişdəki insanların əməklərini alqışlayıram. Amma bəzən ciddi xətalara yol verildiyinə də şahid oluram. Bəlkə də dediyim fikirləri illər, hətta əsirlər əvvəl deyən insanlar olub. Ola bilsin, onlara qadağa qoyulub, ya kitabları günümüzə gəlib çıxmayıb, yaxud onları öldürüblər. Amma müasir dövrdə bunları insanlara çatdırmaq, yaymaq, müxtəlif ölkələrdə yaşayan insanlarla bu məsələləri müzakirə etmək mümkündür. Bu da tərcümədə rahatlıq yaradır.

- Sizin tərcümənizdə hansı fərqlər var, bir neçəsini deyə bilərsizmi?

- Qurani-Kərimin tərcümələrində deyilir ki, Allah istədiyinə hidayət verər, istədiyini zəlalətə salar. Bunu oxuyan adam fikirləşir ki, Allah bunu istəyirsə, o zaman mən bir ssenaristin yazdığı ssenarini oynayan aktyor və ya aktrisadan başqa bir şey deyiləm. Halbuki tərcüməyə fikir verəndə görürük ki, Allah istəyənə hidayət verər, yəni doğru yolu göstərər, yaxud stəyən səhv yolu öz qərarı ilə seçər.

Bəzən tərcümələrdə patriarxal yanaşmalar öz əksini tapır. Məsələn, “Nəbə” surəsinin 33-cü ayəsində yazırlar ki, guya cənnətdə mömünlərə sinələri yenicə qabarmış (dolmuş, tumurcuqlanmış, gözəllikdə və məlahətdə bir-birinə bənzər) həmyaşıd qızlar veriləcək. Amma mən əsaslandırıram ki, burada nə qızdan söhbət gedir, nə də sinədən. Burada faktiki olaraq insanın dünya nemətləri ilə bir-birinə oxşarlığı müqayisə olunur. Yəni, insanın gözünə oxşayan meyvələr, nemətlər mənasında olan məsələləri qadınla əlaqələndirmək düzgün deyil.

Bundan əlavə, “Əl-Fələq” surəsinin 4-cü ayəsində yazıblar ki, "düyünlərə üfürən qadınların şərindən". Sual verirəm, düyünlərə kişilər üfürsə olarmı? Burada düyünlərə üfürən qadınlardan söhbət getmir. Ərəb dilində işlənən “əqd” sözü Azərbaycan dilində “müqavilə” mənasında işlənir. Burada “əqd” deyiləndə müqavilələrə fəsad qarışdıranlar nəzərdə tutulur.

“Ali-İmran” surəsinin 49-cu ayəsində İsa Məsihin bəzi möcüzləri belə qeyd edilir: “Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar”. Hətta bəziləri o quşun yarasa olduğunu iddia edir. Amma araşdırıram ki, mindən çox növü olan yarasalar quş deyil, uça bilən məməli heyvandır. Bu, möcüzə deyil. Ərəb dilində “kə” hərfi var, orada “quş kimi” bir ifadə işlənilir. İncə nüansları izah edəndə çox ciddi xətaları görmək olur.

“Tövbə” surəsinin 5-ci ayəsində yazılıb ki, müşrikləri harada görsəniz, öldürün. Burada söhbət hər kafirdən yox, sizinlə döyüşənlərdən gedir.

“Nisa” surəsində bir neçə yerdə kişilərə sahib olduğu kənizlə evlənmək, hətta bəzi yerlərdə kişilərin kənizləri istədiyi kimi istifadə edə biləcəyi iddia olunur. Halbuki Quranda bunun tamamilə əksi olan məsələlərin üzərində dayanıldığına şahid oluruq.

“Nisa” surəsinin 34-cü ayəsində yazılır ki, özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün. Qadınları niyə döyməlisən? Oradakı “dərabə”, yəni “döyülmək” sözünün bütün mənalarını çıxartdım. Heç bir yerdə döymək mənasına gəlmir, amma qadınla bağlı işlənəndə döymək mənasını verirlər. Məgər qadın dünyaya gələndə "mənfi 1" olaraqmı başlayır həyata? Yəni Allah yaratdığı məxluqunu cinsinə görə birini geri, birini üstünmü edib? Halbuki Allah yanında yeganə üstünlük məsuliyyətli davranışlardır. Bu gün təəssüf ki, qadının döyülməsinə icazə verilir, guya kişilər qadın üzərində üstünlüyə sahibdirlər. Quranı kontekstdən çıxarıb bərbad vəziyyətə salıblar.

Bu tərcümə bitəndən sonra insanlar başqa tərcümələrlə müqayisədə fərqin nədən ibarət olduğunu görəcəklər.

Peyğəmbərləri uçan, qaçan yox, həqiqətən bizim öz aramızdan çıxan bir insan olaraq sevəcəyik. Peyğəmbərləri səhvsiz yox, onların da səhvinin olduğunu Qurani-Kərimdən görəcəklər. Çünki Allah bizə bunu xəbər verir. Bu zaman həqiqətən Qurana baxışımız dəyişəcək.

Quranı bir naviqator, peyğəmbərləri özümüzə yaxın dost sanacağıq. Onlara adı ilə belə müraciət etməyin önəmli olduğunu görəcəyik. Gözümüzdə o insanları "Həzrəti filankəs cənabları" mərtəbəsinə qaldırırıq, buna görə də onlardan nümunə götürə bilmirik.

- Maraqlıdır ki, Quranda cinsi əlaqələr, zorakılıq predmetləri daha qabarıq və düzgün olmayan şəkildə verilir...

- Təəssüf ki, bəzən insanlar beyinləri ilə yox, beyinaltı düşündüklərinə görə o nəticələrə gəlirlər. Çünki kişi qadına insan olduğu üçün yox, sırf cins olaraq baxır. Problemlər də məhz buradan qaynaqlanır. Bir kişinin qadınla oturub rahat söhbət edə bilməməsinin səbəbi onun beyni ilə düşünə bilməməsidir. Allah Quranda inanan qadınların və inanan kişilərin bir-birinin dostu olduğunu buyurursa, bu, niyə başqa cür başa düşülməlidir?!

- Bu yanaşmanıza görə sizinlə razılaşan din əhli varmı?

- Razılaşan din əhli var. Razılaşmayanlar çox nadir haldadır. Olanların bəziləri ya gizlənir, ya da etiraf edirlər ki, Elşad, səndə olan cəsarət bizdə yoxdur. Bəziləri maliyyələrinin kəsilməsindən qorxurlar. Bəziləri maaş aldıqları yerdə mənim sözlərimi desə, işləyə bilməyəcək. Dediklərimə görə televiziyaya çıxışım qadağan olunub. Heç bir yerdə buna imkan vermirlər. “İslamda yoxdur” adlı kitabım Türkiyədə, Qırğızıstanda, Rusiyada çap olundu, başqa ölkələrdə çapı hələ də davam edir. Bunlar həm cəsarət, həm vaxt, həm də fədakarlıq istəyən məsələlərdir.

- Azərbaycanda sizi qane edən Quran tərcüməsi varmı?

- Təəssüf ki, yoxdur. Quran tərcüməsini oxumağı arzulayan insanlara deyirəm ki, istədiyiniz tərcüməni oxuyun. Amma əlinizdə həmişə bir qələm olsun. Orada deyilən ayənin kənarına yazın ki, həqiqətən Allah bunu deyə bilərmi?! Allah bunu bizə deməklə nəyi nəzərdə tutur? Yoxsa bu, 1400 ilə əvvəl gəlmiş kitabı savab qazanmaq üçün oxuyuruq? Bu cür qeydlər bizim nəticə əldə etməyimizə kömək göstərir.

Sorğu-sualsız, necə gəldi oxunan Qurandan heç nə əldə etmək mümkün deyil. Çünki bərbad tərcümə xətaları var. Quranda elə tərcümə xataları var ki, insan xəcalət çəkir, ailənin yanında oxumaqdan ehtiyat edirsən. Belə Quran tərcüməsi olarmı?

- Yeni tərcümə etdiyiniz Quran ümumilikdə neçə kitab şəklində olacaq?

- Maksimum 10 kitab olacağını ehtimal edirəm. Sonradan onları xülasə edib bir Quran həcmində insanların ixtiyarına verəcəm. İnsanların Quranın həm izahını, həm də konkret deyilən məsələləri oxuyub daha gözəl başa düşməsinin arzusundayam.

Oxşar xəbərlər