Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı

Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı Azərbaycanın Meksikadakı səfiri Məmməd Talıbovun bu ölkənin “ADR Networks” internet televiziyasının “Hoy en el mundo para ti” (Dünyada bu gün baş verənləri sənə çatdırırıq) verilişində efirə getmiş müsahibəsi və “ContraRéplica” gündəlik qəzetində dərc olunmuş “Azərbaycana qarşı təcavüz davam edir” başlıqlı məqaləsində Ermənistan son hərbi təxribatı barədə məlumat verilib.

Səfirlikdən "Report"a verilən məlumata görə, hər iki media orqanı vasitəsilə Ermənistan silahlı qüvvələrinin 12 iyul tarixindən etibarən növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun iki ölkə arasındakı dövlət sərhəddinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyini bildirən səfir, Ermənistan tərəfinin belə təxribatlar törətməkdə məqsədinin ilk olaraq, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və bu torpaqlarda yaşayan bir milyona yaxın həmvətənimizə qarşı etnik təmizləmə aparması faktından yayındırmaq, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesini sabotaj etmək, habelə erməni xalqın diqqətini bu ölkədə mövcud olan ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmaq olduğunu bildirib.

M.Talıbov Tovuz rayonu ərazisində törədilmiş son hərbi təxribatla Ermənistan tərəfinin həmin bölgədən keçən, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilmiş və bütün regionun inkişafında, həmçinin Avropanın enerji təhlükəsizliyində müstəsna rolu olan iri miqyaslı layihələrin təhlükəsizliyini də təhdid etdiyini qeyd edib. Diplomat, həmçinin Ermənistan tərəfinin dəfələrlə Mingəçevir su anbarına zərbə endirmək barədə təhdidlər səsləndirdiyini, habelə işğal olunmuş ərazilərdə davamlı olaraq meşə yanğınları törətdiyini qeyd edib.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqda danışan səfir, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq qaydada tanınmış ərazilərinin 20 faizini işğal etdiyini, bu ərazilərdə etnik təmizləmə apardığını, münaqişəyə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin bu ərazilərin dərhal və qeydsiz-şərtsiz işğalçı qüvvələrdən azad edilməsini tələb etdiyini, bu sənədlərin qəbulundan 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, Ermənistan tərəfinin həmin qətnamələrə məhəl qoymadığını bildirib.

Azərbaycanın suveren ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğunun regionda sülh və təhlükəsizliyə başlıca təhdid olduğunu vurğulayan M.Talıbov, Azərbaycanın inkişaf etmiş, güclü, sivil və demokratik bir ölkə kimi öz ərazisində başqa dövlətin silahlı qüvvələrinin olmasına tamaşaçı qalmayacağını və beynəlxalq ictimaiyyətin Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmağı qəti şəkildə tələb etməsinin vaxtı çatdığını vurğulayıb. Azərbaycan xalqının, işğal olunmuş ərazilərdən qovulmuş insanlarımızın həm hökumətdən, həm də beynəlxalq ictimaiyyətdən doğma torpaqlarına qayıtmağı tələb etdiyini bildirib.

Azərbaycanın daim beynəlxalq hüquq və sülh mövqeyindən çıxış etdiyini, regional və beynəlxalq əməkdaşlığa can atdığını deyən diplomat, bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Qoşulmama Hərəkatının sədri qismində BMT-nin pandemiyaya qarşı mübarizə mövzusuna həsr olunmuş xüsusi sessiyasının çağırılması ilə bağlı təşəbbüsünü qeyd edərək, bu təşəbbüsün 130-dan çox ölkə tərəfindən dəstəkləndiyi halda, Ermənistanın buna qarşı çıxış etdiyini və dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı bir şəraitdə təxribatçı əməllərindən əl çəkməyərək öz təcavüzkar mahiyyətini bir daha sübuta yetirdiyini vurğulayıb.

Sonda səfir Azərbaycanın coğrafi mövqeyi, bu xüsusda, Avropa ilə Asiyanın kəsişməsində, qədim İpək yolunun üzərində yerləşməsi, tarixən neft ölkəsi kimi tanınması, müsəlman Şərqində ilk demokratik respublika yaradan və bu coğrafiyada qadınlara ilk dəfə seçki hüququ verən ölkə olması, yenidən müstəqillik əldə etdikdən sonra təşəbbüskarı olduğu qlobal əhəmiyyətli layihələrlə regionun iqtisadi və logistik xəritəsini dəyişməsi, günümüzdə müxtəlif millət və dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına ev sahibliyi etməsi, habelə Meksika ilə ikitərəfli və çoxtərəfli formatlarda əlaqələrin inkişafı və əlverişli biznes mühiti, nəqliyyat və logistika şəbəkəsi, 300 milyonluq istehlak bazarına malik Xəzər hövzəsi və Mərkəzi Asiya regionuna çıxış imkanları sayəsində Meksika üçün cəlbedici tərəfdaş olması haqda danışıb.

Oxşar xəbərlər