
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın II turunda evdə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub etdikləri oyundan sonra mətbuat konfransında deyib.
47 yaşlı mütəxəssis futbolçuların çıxışları barədə danışıb: "Araz Abdullayev görüşdə həvəssiz deyildi. Maqaye Qeyenin yaxşı keyfiyyətlərini bu gün gördüm. Hazırda formasından uzaqdı. Oyunçular bir-birini yaxşı başa düşdülər. Qarşıda daha da yaxşı Maqaye Qeye görə bilərik".
Təcrübəli məşqçi zədəli oyunların durumları barədə də açıqlama verib: “Bədavi Hüseynov fərdi məşqləri gücləndirib. Hələ ki, hazır deyil və bir az düzəlib. O iki dəfə ardıcıl zədə aldı. Buna görə də diqqətli olmalıyıq. Yığmanın oyunlarına görə yaranacaq fasilədən sonra onu meydanda görə bilərik. Filib Ozobiç isə 2 ay olmayacaq. İndi Xorvatiyadadır. Bir neçə həkimlə məsləhətləşdik. Zədəsi ağırdır. Düşünürəm ki, əməliyyat olunmayacaq və bir aydan sonra fərdi məşqlərə başlaya bilər".
Qurbanov yeni oyunçu axtarışında olduqlarını sözlərinə əlavə edib: "Biz yeni futbolçu axtarışındayıq. Yarımmüdafiəyə oyunçu istəyirik. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansaq da, qazanmasaq da, orta xəttə oyunçu istəyirik".
Məşqçi gənc oyunçu İsmayıl İbrahimli haqqında da xoş fikirlər söyləyib: "Mənim onun barədə fikrim pozitivdi. Oyun üslubumuza tam uyğundu. Amma iki oyunda meydanda olmaq tam hazır olmaq demək deyil. Daha çox işləməlidi. İsmayılın futbol mentaliteti yaxşıdı. Bizim kollektivə uyğun futbolçudu".