
Turistlər arasında daha çox Bakıya üz tutanların sayı daha çoxdur. Ölkəmizin turizm inkişafı baxımından olduqca faydalı olan bu hal mədəni-tarixi irsimizin tanıdılmasına da yardımçı olur. Bəs görəsən turistləri istirahət üçün ölkəmizə cəlb edən əsas faktorlar hansılardır?
Minval.info saytının əməkdaşı olaraq mövzu ilə bağlı məlumat əldə etmək üçün Bakının ən çox turist cəlb edən məkanlarından biri olan İçərişəhər ərazisinə yollandıq. Müxtəlif ölkələrdən çox sayıda turistin olması bizə məkan seçimində yanılmadığımızı göstərdi.
İstirahət üçün Belarusiyadan ölkəmizə üz tutan Olqa İvanovna onu Azərbaycana cəlb edən əsas səbəbin dəniz olduğunu bildirdi: “Azərbaycana, Bakıya ilk dəfədir gəlirəm. Belarusiyadan fərqli olaraq Azərbaycanda yay olduqca isti və maraqlı keçir. Xüsusilə bu fəsildə Xəzər dənizinin olduqca füsunkar olması mənim istirahət üçün ölkənizi seçməyimdə xüsusilə həlledici oldu. İçərişəhər, Qız qalası və digər tarixi abidələr məni olduqca heyran etdi. Yeni il ərəfəsində bir daha Bakıya gəlməyi düşünürəm”.

Pakistanlı turist Əkbər Müşərrəf ölkəmizdə olan dini məbədlərin və tarixi yerlərin onu heyran etdiyini vurğuladı: “Bakı müasirliklə qədimliyin vəhdətdə olduğu bir şəhərdir. Bura gəlmədən öncə Bakı barədə bir çox araştırma etdim. Tarixi abidələrin olduqca bol olduğunu daha əvvəl də eşitmişdim. Xüsusilə Bibiheybət məscidi və Qız qalası məni olduqca heyran etdi. Dünyada çox az şəhərdə Bakıda olduğu kimi tarixi abidələrin orjinallığı qorunub saxlanılır”.


Ölkəmizin turistlərin gözündə xoş təəssürat yaratması yeni turistilərin cəlb olunması baxımından olduqca vacib və faydalı haldır. Müşahidə etdiyimiz bir digər hal isə yerli sakinlərin turistlərə olduqca qonaqpərvər yanaşması oldu.
Nazim Hacıyev