Qripə görə xüsusi addım atıldı, hospitallar açıldı – Rəsmi açıqlama

Qripə görə xüsusi addım atıldı, hospitallar açıldı – Rəsmi açıqlama Gürcüstanda H1N1 (“donuz qripi”) virusunun yayılması ilə əlaqədar Azərbaycan tərəfi gömrük-sərhəd buraxılış məntəqələrində xüsusi tədbirlərə əl atıb.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, Gürcüstanla sərhəddə yerləşən “Qırmızı Körpü”, “Sadıxlı”, “Böyük Kəsik” və “Mazımçay” gömrük-sərhəd buraxılış məntəqələrində Tibbi Xidmət İdarəsinin mobil hospitalı və müvafiq tibbi heyəti çalışır.

Belə ki, Tibbi Xidmət İdarəsi ilk növbədə şəxslərin ölkə ərazisinə daxil olarkən təmasda olduqları bütün səthlərin mütəmadi olaraq xüsusi məhlullarla dezinfeksiya edilməsinə çalışır. Eyni zamanda, gömrük ərazisinə daxil olan şəxslərlə birbaşa təmasda olan gömrük işçilərinə qrip əleyhinə peyvəndlər vurulur.

Artıq Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə “Qırmızı Körpü” gömrük postuna təhkim olunub və fevralın 5-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital səhhətində problem olan vətəndaşlara peşəkar tibbi yardım göstərəcək, zərurət yarandıqda infeksion xəstələri Səhiyyə Nazirliyinin müvafiq strukturlarına təhvil verəcək. Mobil hospitalda, eyni zamanda, iki yataq xəstəsinə qulluq etmək imkanı mövcuddur.

Bundan başqa, Dövlət Gömrük Komitəsinin sərhəd-buraxılış məntəqələrində xidmət göstərən əməkdaşları, eləcə də, dövlət sərhədini keçən şəxslər üçün zəruri hallarda təcili tibbi yardımın göstərilməsi imkanının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Bunun üçün Tibbi Xidmət İdarəsi tərəfindən respublika üzrə bütün sərhəd-buraxılış məntəqələrində ilk tibbi yardım məntəqələri təşkil ediləcək.

Oxşar xəbərlər